Top.Mail.Ru
SİYASƏTSOSİAL MEDİA

Prezident İqtisadi Şura yaratdı

Qurumun səlahiyyətləri, detallar

Ekspert: “Şuranın qərar qəbul etməyə təsiri və prosesləri koordinasiya imkanları daha genişdir; on ildə iqtisadiyyatın iki dəfə böyüdülməsi kimi vəzifələri yerinə yetirməlidir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və ”Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycanda son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaradıb: “Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və ”biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır. Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur”.

Fərmana əsasən, iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir. Buna görə də ölkə başçısı postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə Maliyyə Sabitliyi Şurasının ləğv olunaraq, əvəzində İqtisadi Şura yaradılmasına dair fərman imzalayıb. Şuranın sədri Baş nazir, üzvləri isə Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin iki köməkçisi, iqtisadiyyat, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Mərkəzi Bankın sədri və Dövlət Neft Fondunun icraçı direktorudur.

Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Mərkəzi Banka tövsiyə edilib.

Şuraya ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim etmək, fəaliyyəti barədə altı ayda bir dəfə Prezidentə məlumat vermək tapşırılıb.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

İqtisadi Şuranın fəaliyyətindən hansı gözləntilər var? Bu təsisat ilk növbədə iqtisadiyyatda mövcud olan hansı problemlərin həlli ilə məşğul olmalıdır? Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, hökumət postpandemiya dövründə sosial-iqtisadi sferada islahatların vahid mərkəzdən əlaqələndirilməsi sistemini yaratmağa çalışır: “Maliyyə Sabitliyi Şurası ilə müqayisədə, İqtisadi Şuranın səlahiyyətləri və imkanları daha genişdir, statusu daha yüksəkdir. Maliyyə Sabitliyi Şurasına Prezidentin köməkçisi rəhbərlik edirdisə, İqtisadi Şuraya rəhbərliyi Baş nazir həyata keçirəcək. Bu isə İqtisadi Şuranın hüquqi statusunu gücləndirən faktordur. Şuranın qərar qəbuletməyə təsiri və prosesləri koordinasiya imkanları daha genişdir. Eyni zamanda Maliyyə Sabitliyi Şurası daha çox maliyyə sektorundakı proseslər üzrə səlahiyyətlərə malik idisə, yeni şura iqtisadiyyatın bütün sahələri üzrə dərinləşdirilmiş strategiyaların, idarəetmə çərçivələrinin hazırlanması, iqtisadi, siyasi, sosial sferalarda təşəbbüslərin göstərilməsi, eyni zamanda biznes mühitinin, investisiya mühitinin fərmanda da qeyd olunduğu kimi, radikal yaxşılaşdırılması, yeni təşfiq mexanizmlərinin hazırlanması, on ildə iqtisadiyyatın iki dəfə böyüdülməsi kimi vəzifələri yerinə yetirməlidir”.

R.Həsənov Şuranın fəaliyyətinin iqtisadiyyata təsirlərini indidən qiymətləndirməyin mümkün olmadığı qənaətindədir: “Bundan əvvəlki Maliyyə Sabitliyi Şurasının ciddi bir fəaliyyəti müşahidə olunmadı. Ümumiyyətlə, Azərbaycanda belə qurumların yaradılması ilə iqtisadiyyatın hansısa sahəsində ciddi bir dəyişikliklərin baş verməməsi kimi təcrübə var. Bu baxımdan, yeni yaradılan İqtisadi Şuranın fəaliyyətinin hansı nəticələrə gətirəcəyini söyləmək mümkün deyil. Ümid edək ki, bu çətin dövrdə Azərbaycan iqtisadiyyatına yeni baxış formalaşa biləcək. Əgər əvvəlki yanaşma davam edəcəksə, sənəddə də qeyd edildiyi kimi, investisiya mühiti radikal dəyişməyəcəksə, milli iqtisadiyyat adı altında absurd mexanizmlər öz dominantlığını qoruyub saxlayacaqsa, iqtisadiyyatın inteqrasiyasının qarşısı subyektiv maraqlar üzündən alınmaqda davam edəcəksə, İqtisadi Şuranın fəaliyyətinin ölkə iqtisadiyyatında hansısa müsbət nəticələrə yol açacağına inanmaq çətindir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button