Top.Mail.Ru
SİYASƏT

Brüsseldən İrəvana hədə kimi XƏBƏRDARLIQ: “Ermənistan Kremlin forpostu kimi QALDIQCA…”

Paşinyanın “iki stul” siyasəti ölkəsi üçün bumeranq effekti verməyə başlayıb; tək çıxış yolu isə məlum: Azərbaycanla təcili sülh müqaviləsi imzalamaq!

“İstənilən düz əyrini kəsir”. Kapitulyant Ermənistan rəhbərliyinin sülhlə bağlı 3 ildir “nala-mıxa” vurması, dinciliyi və əmin-amanlığı qapı qonşularla anlaşmada deyil, uzaqda axtarması və yekunda daha ağır duruma düşməsi ən əvvəl bu müdrik kəlamı yada salır. Bitməyən sülh hoqqabazlığı, Bakı ilə danışıqlarda qeyri-səmimilik və riyakarlıq, Qərb və Rusiya arasında “iki stul” siyasəti… Deyəsən bu siyasət Qərbi də artıq təngə gətirməkdədir. 

“Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxana qədər Avropa Birliyi Ermənistana təhlükəsizlik zəmanəti verməyəcək”.

KAİM.az Yeni Müsavat-a istxəbər verir ki, belə bir sərt mesaj rəsmi İrəvana Avropa parlamentinin ermənipərəst üzvü – AB-Ermənistan, AB-Azərbaycan və AB-Gürcüstan əməkdaşlıq komitələrinin həmsədri Marina Kalyuranddan gəlib.

Kalyurand həmçinin deyib: “Biz bu gün Ermənistanın Rusiya və Belarusla birgə Gömrük İttifaqının, KTMT adlı müdafiə qurumunun üzvü olması faktına göz yuma bilmərik. Ona görə də Ermənistan, onun xalqı və hökuməti Avropa Birliyi ilə hansı səviyyədə əməkdaşlıq etmək istədiklərinə özləri qərar verməlidir”.

Avropalı deputat ardınca erməni xalqının da gürcü xalqı kimi qərar verəcəyinə və bu məsələdə hökumətə təzyiq göstərəcəyinə ümid etdiyini bildirməklə yanaşı, xatırladıb ki, hazırda məhz Rusiya Ermənistanın və Qarabağ ermənilərin təhlükəsizlik qarantıdır. “Avropa Birliyi bu halda heç bir alternativ mexanizm təklif etmir, çünki heç bir alyans başqa bir müdafiə blokunda təmsil olunan ölkənin (Ermənistanın – red.) təhlükəsizliyinə zəmanət verə bilməz”, – deyə o kateqorik şəkildə fikrini tamamlayıb.

*****

İrəvan Kremlə qarşı “qırmızı cizgiləri” keçir: Paşinyan niyə Brüsselə “qaçır”

Beləcə, Avropa Kalyurand vasitəsilə İrəvana “soyuq duş” effektli mesaj göndərib: İrəvan “iki stul”da uzun müddət otura bilməz! Yəni onun bir “əlindən” Qərbin, digərindən isə Rusiyanın tutması qeyri-mümkündür – xüsusən də Ukrayna böhranı fonunda iki qütbün barışmaz rəqabəti fonunda. Və Ermənistan kimin “komanda”sında olduğuna qərar verməyincə, ona xüsusi təhlükəsizlik təminatları tanınmayacaq. 

Göründüyü kimi, hətta ermənipərəst dairələrdə də qonşu ölkəni Kremlin forpostu hesab edirlər. Oxşar fikirlər ötən ilin sonlarında ABŞ Nümayəndələr Palatasının ovaxtkı spikeri Nensi Pelosinin İrəvan səfəri çərçivəsındə səslənmişdi. Həmçinin “böyük bacı” Fransanın diplomatik dairələrində bu durumdan elə də məmnun deyillər.

Aydındır ki, Azərbaycanla sərhədə AB-nin 100 nəfərlik missiyasını çağırmaqla İrəvan Qərbdəki bu daşlaşmış yanaşmanı dəyişə bilməyəcək. Bundan ötrü o, əvvəlcə öz sərhədlərinə və hava limanlarındakı keçid məntəqələrinə nəzarəti ruslardan tamamən geri almalı, KTMT və Aİİ-dən çıxmalı və öz mövqeyini dəqiq ortaya qoymalıdır. Sübut eləməlidir ki, o, Rusiyanın hansısa ucqar əyaləti, hərbi qalası yox, Azərbaycan kimi müstəqil ölkədir. Bu baş verməyincə Paşinyan hökumətinin nə Brüsselə, nə də Vaşinqtona reveransları gözlədiyi nəticəni verməyəcək və ona inam olmayacaq…

*****

İrəvanın yeni həyasız yalanı - Bakı Laçın yolunu hər an bağlaya bilər!

Təbii ki, Ermənistan özü  özünü bu cür qəliz, obrazlı desək, “haça-paça” duruma salıb. Hədəf, əlbəttə ki, “əlverişli məqamadək” sülh müqaviləsindən bacardıqca yayınmaqdır. Halbuki İrəvan üçün, ümumən erməni toplumu üçün bütün problem və bəlalardan qurtuluş yolu, çıxış formulu da elə budur: bacardıqca tez Bakının uzatdığı barışıq əlini sıxmaq, sülh sazişini imzalamaq.

İlk baxışda N.Paşinyan hakimiyyəti guya 3 ildir bununla məşğuldur. Amma ilk baxışda. Hətta ortada konkret sənəd layihəsi olmaya-olmaya, ölkə daxilində onu satqınlıqda suçlayanlar var. Əsas da radikal müxalifət.

Məsələn, Ermənistan Respublika Partiyasının üzvü (sədri Xocalı canisi Serj Sərksiyandır), deputat Ayk Mamicanyan deyib ki, Paşinyan Qarabağın Azərbaycanın tərkibində gələcəyi ilə bağlı danışıqlar aparır. Dediyinə görə, bu barədə ona yüksək çinli bir avropalı siyasətçi məlumat verib.

“Onun adını açıqlamayacam. Bunu o, erməni deputatlarla görüşlərin birində düz mənim gözlərimin içinə baxaraq bildirdi. Bu siyasətçi mənə Nikol Paşinyanın Dağlıq Qarabağın ”öz müqəddəratını təyin etməsi” məsələsindən çoxdan vaz keçdiyini və danışıqlar prosesinin bütün məntiqinin Qarabağın Azərbaycanın tərkib hissəsi olması üzərində qurulduğunu söylədi”, – müxalifətçi bildirib.

Mamicanyana görə, həmin siyasətçinin proseslərə müəyyən təsiri var və kifayət qədər ciddi yol keçib. “Əgər kimsə mənim sözlərimi təkzib etməyə çalışsa, mən konkret adlar çəkməyə məcbur olacağam”, – deyə erməni müxalifətçi hədələyici tonda əlavə edib.

Məntiqlə əgər Nikol Paşinyan həqiqətən belə bir yol tutubsa, onda o erməni xalqını yeganə düz yolla aparır və öz millətinin faktiki xilaskarıdır. Amma belədirmi? Belədirsə, Nikol və komandasına sülh sənədini imzalamağa nə mane olur? Axı 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra da (2021, iyun) erməni xalqı onun partiyasını seçkilərdə qalib eləməklə bu hökumətə Bakı ilə danışıqlarda sülh mandatı verib.

Brüsseldə Əliyevin əlini hansı kart gücləndirdi: Paşinyanı “hə” deməyə nə məcbur etdi?

Doğrudur, ətrafında müzakirələrin getdiyi deyilən sülh sənədinin mətni haqda bitkin məlumat yoxdur. Yalnız o dəqiqdir ki, Azərbaycan tərəfi irəli sürdüyü 5 məlum baza prinsipindən geri çəkilməyəcək. Müzakirələr isə qapalı və son vaxtlar isə online rejimdə gedir. İstisna deyil ki, erməni müxalifəti bu cür açıqlamalarla sadəcə, Paçinyan hökuməti haqda xəyanətkar imici yaradıb “bulanıq suda balıq tutmaq” istəyir.

Lakin gec-tez sənəd işıq üzünə çıxacaq – Azərbaycanın istədiyi variantda, beynəlxalq hüquqa əsaslanaraq. Ağlı yerində olan ermənilər nəhayət, anlamalıdırlar ki, bu xalqın yeganə xilası məhz Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib sülh müqaviləsini imzalamaq və bununla da düşmənçilik səhifəsini bağlamaqdır. Başqa variant olmayacaq. Başqa variant müharibədir, növbəti “Dəmir yumruq”dur. İstər hakimiyyətdə  Paşinyan olsun, istərsə də radikal opponentlər!

*****

“Bizim əsas problemimiz (?! – red.) odur ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı konsensusa malikdir. Azərbaycanın dərc etdiyi 5 prinsip və Ermənistanın əlavələri göstərir ki, sülh müqaviləsinin bağlanması Bakı üçün danışıqların uğurla başa çatması deməkdir”.

Bunu da digər müxalifətçi erməni radikal-revanşist deputat Tiqran Abramyan söyləyib.

“Çünki danışıqların aparıldığı və açıq şəkildə deyilənlərin heç biri Ermənistanın maraqlarını əks etdirmir. Öz müqəddəratını təyinetmə hüququ danışıqlardan çıxarılıb. Bu, artıq onu göstərir ki, ermənilərin heç bir müsbət gözləntiləri ola bilməz və Qarabağın Azərbaycanın nəzarətinə keçməsi İrəvan hakimiyyətini xüsusi qıcıqlandırmır”, – Abramyan bildirib və əlavə edib ki, danışıqlar sırf Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gedir.

Görəsən danışıqlar başqa hansı çərçivədə getməli idi? “Miatsum” çərçivəsindəmi? Bunlar bayırda 2023-cü il olduğundan gerçəkdənmi xəbərsizdirlər? Yox, qonşu xalq doğrudan da daha bir müharibənin arzusundadırsa – özü də bu dəfə Ermənistan ərazisində – o zaman buyursun, avantürist abramyanların və mamicanyanların ardınca getsin. Ya da onların ipini özü çəksin.

“İkili oyun”lar dönəmi bitib. Elə Paşinyan iqtidarı üçün də…

Bənzər yazılar

Back to top button