Top.Mail.Ru

SİYASƏT

İsanın a(A)rifliyi yoxsa, Əliyə sığınan Arifin İsalığı

Təsadüfi deyil ki, Peyğəmbərlər haqda, onların ibrətamiz əməlləri barədə zaman-zaman rəvayətlər dolaşmış və tarixin sınağından mətanətli çıxmaları dillər əzbəri olmuşdur…
Zaman 20-ci əsrin son on illiyində ölkəmizə İsa adlı Peyğəmbər bəxş etməsə də, o adlı siyasətçi bəxş etdi. Atası görkəmli alim, özü isə gənc aspirant olan İsanı çoxları gələcəyin həm görkəmli siyasətçisi, həm də ədalətlı dövlət başçısı qismində görürdü. Müsavat adlı partiyanın başqanı olan İsa Qənbər, çox keçmədi o vaxtkı Ali Sovetin sədri vəzifəsinə kimi yüksəldi… Məhz yüksəldi, bundan sonra onunçün birinci olmaq, adaşının adına umsunmaq yetərli olmadı. Çünki ondan qat-qat ədalətli olan, siyasəti ondan üstün bilən Əbülfəz Elçibəy vardı… Kimsəyə sirr deyil ki, Elçibəyin birinci (Prezident) olmasını İsa bəy heç cür həzm edə bilmirdi.
Elçibəyin gənc ikən sovet rejiminə qarşı mübarizəsi, heç şübhəsiz, bir sovet aliminin evində böyüyən gənc “mütəxəssis” üçün ürəkaçan ola bilməzdi. Zaman İsa Qənbərin 1998-ci il Prezident seçkilərində Elçibəyə qarşı ədalətsiz və ögey davranışını sanki dediklərimiz üçün “görk” olaraq saxlayacaqmış… İsa bəy bütün siyasi gedişlərində a(A)rif ola biləcəyini sübut etmək istəsə də, yanılırdı. Çünki ictimai mənşəyi məlum olmayan, olsa belə yarınmağı həyat meyarına çevirən Rauf Arifoğlular, Aynur Camalqızılar və b. partiyanın gəmiriciləri statusuna yiyələnmişdilər. İsa bəy onda ayıldı ki, artıq “lələ köçmüş, y(Y)urdu qalmış…” Çarə yox idi, qocalıq qapını döymüş, partiya sıralarında onu eşidənlərin sayı azalmışdı. Manevr etməmək günah olardı.
Növbəti başkan seçkisində Arif Hacıyev “qalib” gəlməsəydi, “sonuncu sərnişin də gəmini tərk edəcəkdi”. İsa bəy bütün resurslarını ortaya qoydu, seçkidə Arifinin başına başkanlıq çələngini hördü… Arif Hacıyev insafən İsasının şəxsinə qarşı istiqanlığını doğrultmaq üçün var gücü ilə əlləşirdi. Cəmiyyətdə və siyasi mühitdə az qala bütöv bir partiya qədər nüfuzu olan Tofiq Yaqublu daim ,belə desək, yumşaq təqiblərə məruz qaldı. Təsadüfi deyil ki, Yaqublu Müsavatın üzvü olsa da, bir ayağı daim Kərimlinin qapısında idi. Şübhəsiz, rəqiblərinə qarşı həmişə qısqanc və amansız olan AXCP sədri bu situasiyadan gen-bol istifadə etməklə özünü fanarları üçün bir az da “şirinləşdirdi”. İsa-Arif cütlüyü zamanın sınağından “üzüağ” çıxsa da, qaranlıq məqamların çoxluğu bəzən siyasi gedişlərdə özünü fakt olaraq ortalığa qoyur.
Təəssüf ki, bu faktlar o qədər çoxdu ki, girişdə müqəddəs İsa Peyğəmbərin adını çəkdiyimizdən, peşmançılıq hissinin sızıltılarından uzaq dayana bilmirik…
Ə. Rüstəmli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button