Top.Mail.Ru

bannerSİYASƏT

“Yenilikçilər” və “Vurulmuşlar” – YAP bölünürmü?

 Ölkəmizdə baş verən hadisələr fonunda demək olar ki, YAP-da müxtəlif  parçalanmalar başlayıb. Güclər arası nüfuz savaşı YAP dönəmini sona çatdıra bilər. Yaxud, ambisiyaların qurbanına çevrilmiş YAP-çılar öz sonlarını gətirə bilərlər.

Çünki əsası xalqın və dövlətin maraqları əsasında deyil, müəyyən qrup və zümrənin maraqlarına xidmət edən bəzi güclərin sonu didişib parçalanmaqla süqut etməsi gözlənilən idi. Düzdür, müxtəlif səbəblərdən vəzifədən uzaqlaşdırılan güclərin nümayəndələri müəyyən mənada guya xalqın sözünü deməyə çalışdılar. Ancaq həmin şəxslər səmimi deyildilər. Çünki məmur olduqları zamanı “analoqsuz nağıl” qəhrəmanları idi.

YAP-ın ilkin yaradıldığı dövrlərdəki aparıcı simalarını xatırlasaq, biz orada hazırkı komandada olanların əksəriyyətini görmərik. Bir zamanlar Əli İnsanov, Fərhad Əliyev, Ramiz Mehdiyev, Əli Həsənov, Əli Abbasov, Ziya Məmmədov və sairələri əsas qüvvəni təşkil edirdilər. Ona görə də bu gün özlərini YAP-ın “yaradıcıları”, hökumətin isə “qoruyucu mələkləri” hesab edirlər. Bu isə, əlbəttə ki, həll edici söz sahibini qane etmir. Sonrakı proseslərdə, yəni, ələmə və yaxud əl dəyişmədən sonra YAP-ın ən aşağı eşalonunda təmsil olunan şəxslər möhtərəmin ətrafında toplaşıb, orada yavaş-yavaş şəxsi ambisiyalar, siyasi iddialar irəli sürməyi öz aləmlərində planlaşdırırdılar – desək, yanılmarıq. On yeddi illik hakimiyyətdə təmsil olunan bu güclər sonda böyük xəyanətlər törədərək, iqtidarı təhlükə altına atdılar. Tarix də bunu sübut edir və bu barədə kifayət qədər dəlillər mövcuddur.

Loading...
Yazının davamı reklamdan sonra

Beləki, Eldar Mahmudov “çetesinin” cinayətləri, Əli İnsanov, Fərhad Əliyev qruplaşmasının əməlləri həmçinin, Ramiz Mehdiyevçilərin revanşları prezidenti və komandasını ölkə daxilində və xaricdə müəyyən problemlərlə üz-üzə qoydu. Bu gün bütün siyasi qüvvələr Azərbaycan naminə, ölkədə vətəndaş həmrəyliyi və milli birliyi təmin etmək naminə, vahid mövqedən çıxış etməyə borclu olduğu halda, yenə də bizləri sevməyən xarici qüvvələrin havadarlığı ilə ölkəmizdə qarşıdurmalar yaratmağa çalışırlar. Öz səriştəsizlikləri və aşırı iddiaları ilə daxildə ziddiyyətlərin yaranmasına aşkar şəkildə xidmət edirlər.

Belə bir ərəfədə iqtidarda daxili ziddiyyətlərin daha da dərinləşməsi arzuolunmaz hala gələcəyi gözlənilən deyildi. Amma, YAP faktiki olaraq iki siyasi qanada – “Yenilikçilər” və “Vurulmuşlar”a parçalanıb. Ola bilsin ki, “vurulmuşlar”dan müxtəlif partiyalar yaransın. Bu amil isə YAP-daki parçalanmanı sürətləndirə bilər. “Mehdiyev” amili sirr deyil ki, YAP-ın parçalanmasında və zəifləməsində hakimiyyətin daxilində fəaliyyət göstərən “Mehdiyevçi”lər qrupunun xüsusi rolu var. Çünki YAP yarandığı gündən bəri, belə demək mümkünsə, başına gələnlər “Mehdiyev”in adı ilə birbaşa bağlı olduğuda danılmazdır.

Son illər YAP daxilində baş verən qarşıdurmalar, bir qrupun özünü “Yenilikçi”lər, digər qrupun “Mehdiyevçi”lər kimi təqdim etməsi nəticəsində müşayiət olunub. Bundan sonra bizə proseslərin hara və nə qədər çəkəcəyini gözləmək qalır.

“GUN” Analitik informasiya şöbəsi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button