Top.Mail.Ru
SİYASƏT

TƏCİLİ! 38 senator Co Baydenə müraciət etdi: “Erməni soyqırımını TANIYIN”

ABŞ Konqresinin yuxarı palatası olan Senatın 38 üzvü ABŞ prezidenti Co Baydeni qondarma erməni soyqırımını tanımağa çağırıb. Bu barədə daşnakların mətbu orqanı olan “armenianweekly.com” saytı xəbər yayıb. Məlumatda deyilir ki, Amerika Erməni Milli Komitəsinin dəstəyi ilə hərəkətə keçən senator Robert (Bob) Menendez 37 senatorun imzası ilə prezidentə belə bir məktub ünvanlayıb.

Robert Menendez haqqında Azərbaycan mətbuatında tez-tez xəbərlər yayılır. Çünki o, ABŞ-da Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyindən çıxış edir və erməni lobbisinin əsas dəstəkçilərindən biri sayılır.

“Yeni Müsavat” olaraq biz də onun haqqında bəzi ifşaedici məlumatlar paylaşmışıq. Bu məsələyə yenidən qayıdacağıq.

Bəllidir ki, Qərb ölkələri qondarma erməni soyqırımı məsələsindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. O da faktdır ki, Qərb ölkələri, o cümlədən ABŞ, İspaniya, Portuqaliya, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Hollandiya, Belçika… kimi ölkələr tarixdə dəfələrlə soyqırım törədiblər. Bu barədə Qərb tarixçiləri özləri də yazırlar. Zatən, hər şey göz qabağındadır. Adın çəkdiyim ölkələrin əksəriyyəti Amerika qitəsində yerli xalqların demək olar ki, kökünü kəsiblər. Amerika tarixçiləri Amerika qitəsində qırılanların sayının 20-30 milyon nəfər olduğunu yazırlar. Avstraliyada eyni mənzərə ilə qarşılaşırıq. Avropalıların Afrikada törətdiyi vəhşiliklər isə heç deyiləsi deyil. 10 milyondan çox insanı qul kimi gəmilərə doldurub Amerikaya daşıyıblar. Yolda ölənlərin sayı belə milyonlarla ölçülür. Qərb insanın Asiyada törətdiyi soyqırımlardan da kimsə danışmaz. Məsələn, bəllidir ki, ingilislər Hindistanda ağalıq etdikləri müddətdə orada 30 milyondan çox insan acından ölüb. Çünki onlar zorla kəndlinin əldə etdiyi taxılı onun əlindən alıb Britaniyaya göndərdilər. Təbii ki, Qərb belə şeyləri soyqırım adlandırmır. Ancaq Qərb həvəslə və mütəmadi şəkildə qondarma erməni soyqırımından danışır. Obrazlı şəkildə desək, Qərb ölkələri şüşə evdə yaşayırlar, ancaq Türkiyəyə daş atmaqdan da çəkinmirlər.

ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası ötən il qondarma erməni soyqırımını tanıdı.

Nümayəndələr Palatasının Demokrat Partiyasından olan sədri Nensi Pelosi bu işdə xüsusi fəallıq nümayiş etdirdi. Tanıma münasibəti ilə çıxış edən Nensi Pelosi o vaxt belə demişdi: “XX əsrin ən böyük qəddarlıqlarından birini bu gün soyqırım kimi tanıdıq”.

2019-cu ildə Demokratlar Partiyasının prezidentliyə ən şanslı namizədi kimi önə çıxan Co Bayden siyasi fəaliyyəti dövründə ABŞ-ın ən ermənipərəst siyasətçilərindən biri kimi tanınıb. Nümayəndələr Palatasının qəbul etdiyi bu qərarda Co Baydenin də xüsusi rolu var. Qərar qəbul olunduqdan dərhal sonra o, təntənəli şəkildə elan etdi ki, Nümayəndələr Palatası səsvermə üzərindən soyqırım qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirdi. Prezident seçkiləri zamanı erməni soyqırımı ilə bağlı suala cavab olaraq Co Bayden belə demişdi: “Bu dəhşətli hadisəni biz heç vaxt unutmamalıyıq. Bu məsələ ilə bağlı biz susa bilmərik”.

Onun Twitter-də yazdığı bu açıqlama da yaddaşlardadır: “Seçilsəm, söz verirəm ki, erməni soyqırımı ilə bağlı qətnaməni qəbul edəcəm və insan hüquqları mənim üçün əsas prioritet olacaq”.

Əlbəttə, bu heç də o demək deyil ki, Co Bayden öz vədinə əməl edərək erməni soyqırımını tanıyacaq.

Məsələn, Barak Obama da prezident seçiləcəyi təqdirdə erməni soyqırımını tanıyacağını təntənəli şəkildə, özü də bir neçə dəfə bəyan etmişdi.

Məsələn, o, prezidentliyə namizəd olarkən çıxışlarının birində belə demişdi: “Erməni soyqırımı inkar olunmaz tarixi faktdır”. Barak Obama 8 il prezident oldu, ancaq öz sözünü tutmadı. Barak Obamadan öncə prezident seşilənlərin demək olar ki, hamısı oxşar bəyanatlar veriblər. Ancaq indiyə qədər heç bir ABŞ prezidenti qondarma soyqırımı tanımayıb. Amerikada belə şeylər normaldır. Böyük ehtimalla Co Bayden də belə etməyəcək.

Robert Menendez haqqında Azərbaycan mətbuatında tez-tez xəbərlər yayılır. Çünki o, ABŞ-da Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyindən çıxış edir və erməni lobbisinin əsas dəstəkçilərindən biri sayılır.

ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının qondarma erməni soyqırımını tanımasına Türkiyə sərt reaksiya verdi. ABŞ-dakı Türkiyə səfiri geri çağırıldı. Tayyib Ərdoğan bu qərarı ilə Nümayəndələr Palatasının türk xalqını təhqir etdiyini bildirdi. Ermənistanın Baş naziri Nikol Paşinyan isə ABŞ Konqresinin aşağı palatasının qərarını alqışlarla qarşıladı. Ermənistanda eyforiyadan doğan toy-bayram yaşandı.

Onu da xatırladım ki, ABŞ-ın 50 ştatından 49-u erməni iddialarını dövlət və parlament səviyyəsində soyqırım hadisəsi olaraq qəbul etmişdir. 2019-cu ildə Alabama bu iddianı qəbul edən 49-cu ştat oldu. Yalnız Missisipi ştatı bu iddianı rədd edir.

Yenidən Senatın Xarici Məsələlər üzrə rəhbəri olan Robert Menendez məsələsinə qayıdıram. Onun haqqında ABŞ mətbuatında dəfələrlə ifşaedici materiallar gedib. Məsələn, 2012-ci ildə “Daily Caller” yazmışdır ki, senator Menendezin Dominikan Respublikasında uşaq fahişəxanaları ilə əlaqəsi var. Onun LGBT (seksual azlıqlar) ilə isti münasibətləri də kimsəyə sirr deyil.

Robert (Bob) Menendez

2013-cü ildə Mayami şəhərində onunla bağlı istintaq gedib. O, Floridada oftalmologiya üzrə mütəxəssis olan Salomon Melqen ilə biznes əlaqələrinə görə ittiham olunub. Solomon Melqen Dominikanla bağlı bir məsələnin həlli üçün senatora müraciət edib və ona 60 min dollar vəd edib. Başqa bir məsələ ilə bağlı isə Salomon Melqen senatorun seçki kampaniyasına 750 min dollar keçirib. Bundan başqa senator Melqendən dəyərli hədiyyələr də qəbul edib. Belə-belə şeylərə görə o, korrupsiya və rüşvət ittihamı ilə istintaq altında olub.

Senatorun avtobioqrafiyasında bizim üçün xüsusi maraq kəsb edən daha önəmli bir məqam var. Və o, senatorun Azərbaycana olan xüsusi nifrətinin sirrini bütün çılpaqlığı ilə ortaya qoyur. Söhbət ondan gedir ki, senator Robert Menendez 1976-cı ildə bir müəllimə ilə evlənib. Onların Alisa və Robert adlı övladları var. Ancaq 2005-ci ildə ailə dağılıb və… 2019-cu ildə senator Nadine Arslanyan adlı erməni qadınla ailə qurub. Maraqlıdır ki, erməni xanım özünü beynəlxalq səviyyəli iş adamı kimi təqdim edir.

Bu barədə də bir dəfə yazmışdım. Yeri gəlib, bir daha xatırladıram.

1998-ci ildə (4 oktyabr) “The New York Times” qəzetinin müxbiri Jeffrey Goldberg mərhum Heydər Əliyevə belə bir sual verir: “Siz Amerikada korrupsiyanın hansı növünü görürsüz?”

Azərbaycanın keçmiş prezidenti bu suala möhtəşəm cavab verib: “Mən konqresmenlərdən soruşdum ki, niyə onlar Ermənistanla bu qədər yaxındırlar. Dedilər ki, erməni diasporu onlara çoxlu pul verir. İndi bu, korrupsiyadır, yoxsa yox?”

Bu faktı ona görə xatırlatdım ki, 38 senatorun prezident Co Baydenə müraciətinin arxasında da erməni diasporunun pulları dayanır. Dünyanın reallığı belədir. Biz Azərbaycan və Türkiyə olaraq bu reallığı nəzərə alaraq milli maraqlarımızın müdafiəsi istiqamətində çalışmalıyıq. Başqa yol yoxdur.

mənbə: oxu24.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button