Top.Mail.Ru
SİYASƏT

Qarabağda hər an antiterror əməliyyatı BAŞLAYA BİLƏR

Davam edən genişmiqyaslı təlimlərdə Bakının verdiyi əsas mesaj; Azərbaycanın döyüş hazırlıqlarını artırması həm də Zəngəzur dəhlizinə görədir; rusiyalı politoloq: “Moskva bu məsələdə Bakının yanındadır…”

“Sülh istəyirsənsə, müharibəyə hazır ol!” Bu klassik deyimin əhəmiyyətini 27 il sonra öz ərazisini hərbi yolla işğaldan azad edən Azərbaycan xalqı yəqin ki, hamıdan yaxşı bilir. Ancaq qalibiyyətli Vətən müharibəsi bitsə də, bölgədə uzunmüddətli sülhdən danışmaq əfsus ki, tezdir. Tək səbəb Ermənistanın haqq elədiyi kapitulyasiya ilə barışıb Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımaq istəməməsidir. Üstəgəl, İrəvanda xarici havadarlarına arxayın olub yeni revanşist planlar quran radikal-qüvvələr, daşnaklar vaxtaşırı boy verməkdədir.

Bundan əlavə, 10 noyabr üçtərəfli bəyanatının tələblərinə zidd olaraq Qarabağda hələ də qanunsuz erməni hərbi birləşmələri qalmaqdadır. Bu isə həm suverenliyimiz və ərazi bütövlüyümüzə, həm də regional sülhə təhdiddir. Demək, ayıq-sayıqlığı əldən verməməli, hərbi və döyüş hazırlığımızı, həmçinin antiterror hazırlığımızı mütəmadi yüksəltməliyik. Qonşumuzun kim olduğunu yaddan çıxarmamalıyıq.

Təbii ki, buna paralel iqtisadi qüdrətimizi artırmağın qeydinə qalmalı, azad olunan bölgələrimizin inkişafı və məskunlaşması  işini birə-iki sürətləndirməli, beynəlxalq arenada təbliğat-diplomatik fəaliyyətimizi daha effektli eləməliyik. Unutmayaq ki, hazırda Ermənistanın, erməni lobbisinin yaxın hədəfi beynəlxalq rəyi əleyhimizə çevirib halal Qarabağ zəfərimizi şübhə altına almaqdır.

*****

Əsas diqqəti əlbəttə ki, hərbi güc amilinə verməliyik. Çünki 30 illik işğal da təsdiqlədi ki, müasir dünyada haqlı ilə deyil, güclü ilə hesablaşırlar. Odur ki, 44 günlük savaş bitsə də, Azərbaycan dövləti məntiqli olaraq öz silahlı qüvvələrinin daha da modernləşdirilməsini və döyüş bacarığının artırılmasını, onun hərbi parkının yeni silahlar hesabına komplektləşdirilməsini məxsusi diqqətdə saxlayır.

Yeri gəlmişkən, iki gündür müzəffər ordumuz növbəti genişmiqyaslı təlimə başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, mayın 20-dək davam edəcək təlimlərdə Azərbaycan Ordusunun qoşun növləri cəlb edilib. Belə ki, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15 min nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilir. Qoşunlar eyni zamanda, qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Göründüyü kimi, budəfəki təlimlərin hədəfi həmçinin antiterror əməliyyatına hazırlıqları gücləndirməkdir. Nə qədər ki, Qarabağda erməni qanunsuz dəstələri qalır, Azərbaycan Ordusu, hərbçilərimiz kazarmalarda sakit otura bilməz. Sonuncu erməni qulduru torpaqlarımızda neytrallaşdırılmayınca Ermənistanla daimi sülh müzakirə mövzusu ola bilməz!..  

*****

interview.az - Sabiq birlik komandiri, general-leytenant Yaşar Aydəmirov: "Bir-iki sarsıdıcı zərbə, sonra onlar qaçacaqlar. Azərbaycan ordusu 10-15 istiqamətdən hücuma keçəcək"

Yaşar Aydəmirov

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov budəfəki təlimlərin sıradan bir təlim olmadığını düşünür (Publika.az): “Birincisi, Azərbaycan Qarabağ torpaqlarının xeyli hissəsini işğaldan azad edib. Bununla əlaqədar yeni tapşırıqlar meydana gəlib. Ordu tərəfindən dövlət sərhədinin himayəsi həyata keçirilməlidir. İkincisi, yeni texnikalar alınıb. Onlar təlimlərdə tətbiq olunmalıdır. Əsasən pilotsuz uçuş aparatlarının tətbiqi və ordu ilə onların qarşılıqlı əlaqələrinin tətbiq edilməsi vacibdir. Təlim keçirməyəndə bu problemlər açıq qalır. Bu problemlərin açıq qalmaması üçün bir neçə üsullarla təlimlər keçirilir. Yeni üsullar araşdırılır. Bütün bunlar yeni tapşırıqlarla bağlıdır. Yeni anlayışların tətbiqi üçün həyata keçirilən təlimlərdir”.

Aydəmirov “Qarabağda antiterror əməliyyatları keçirilə bilərmi” sualı ilə bağlı fikrni də bölüşüb: “Sözsüz ki, “Qarabağda hər an antiterror əməliyyatları ola bilər. Çünki Qarabağ ərazilərində ermənilərin bəzi bölmələri hələ də qalır. Ərazinin tam nəzarətə götürülməsi və Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürülüb kommunikasiyaların açılmasını təmin etmək üçün orada da əməliyyat keçirilə bilər. Əgər onlar kapitulyasiya aktının tələblərini yerinə yetirməsələr, Qarabağ ərazisində də antiterror əməliyyatlarının keçirilməsi mümkündür”.

*****

Zəngəzur dəhlizindən söz düşmüşkən, rusiyalı ekspert Andrey Petrova görə, ermənilərin müqavimətinə rəğmən, bu dəhliz açılacaq.

“Yeni Musavat”ın məlumatına görə, bu barədə o, Vesti.az-a şərhində deyib.

Lavrov İrəvana gəldi | KONKRET

“Rusiya bu məsələdə Azərbaycanın yanındadır. Lavrov İrəvana az öncəki səfəri ərəfəsində və səfəri zamanı dəfələrlə vurğuladı ki, Moskva bölgədə blokadaların qaldırılmasını Ermənistanla Azərbaycan arasında sülhün bərqərar edilməsi baxımından ən təsirli yol kimi görür”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, sərhədlər açılan kimi insanlar sərbəst hərəkət edə biləcək və yekunda iki ölkə vətəndaşları arasında normal təmaslar üçün şərait yaranmış olacaq. “Rusiyanın yanaşması sadədir: siyasəti bir müddət kənara qoyaq, humanitar və iqtisadi əlaqələr quraq. Bu hədəfə də Naxçıvanla Zəngilan arasında nəqliyyat əlaqəsi olmadan çatmaq mümkünsüzdür və Moskva Zəngəzur layihəsini sonlandırmaq üçün onu bütün qətiyyəti ilə irəli aparacaq”, – rusiyalı analitik sonda əlavə edib.

Bölgədə nəqliyyat yollarının, o sırada Zəngəzur dəhlizinin açılması yəqin ki, yeni müharibə ehtimalını azaldacaq. Bəs böyük sülhü nə dərəcədə yaxınlaşdıracaq? Bunu da görəcəyik…

“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button