Top.Mail.Ru
SİYASƏT

Qarabağda savaşın ən böyük mərhələsinə HAZIRLIQ: İyunun 15-də NƏ BAŞ VERƏCƏK?

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində Türkiyə-Rusiya münasibətlərinin soyuması barədə məlumatlar artır.

KAİM.az xəbər verir ki, Kəlbəcərdə jurnalistlərin minaya düşməsi və Azərbaycan-Ermənistan sərhədində hərbi gərginliyin artmasında da Rusiyanın maraqlı olduğu bildirilir.

Çünki Rusiya bölgədə hərbi qarşıdurmanın miqyasının böyüməsindən istifadə edərək sülhməramlıların nəzarət zonasını genişləndirməyi planlaşdırır.

Türk generalların Bakıda hərbi əməkdaşlığı gücləndirmək barədə danışıqlar apardığı, Prezident Ərdoğanın Azərbaycana səfəri hazırlaşdığı bir vaxtda bölgədə Rusiyanın vasitəçi kimi fəallaşması müşahidə olunur. Bu isə Türkiyə-Rusiya rəqabətinin artmasının əlaməti kimi şərh edilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan iyunun 14-də ABŞ Prezidenti Co Baydenlə görüşəcək və bir gün sonra Azərbaycana, o cümlədən Şuşaya səfər edəcək. İyunun 16-da isə Bayden- Putin görüşü keçiriləcək. Ərdoğanla Baydenin müzakirələrinin müsbət atmosferdə keçəcəyi və tərəflərin indiyə qədər mübahisə predmeti olan bir sıra məsələlərdə ortaq məxrəcə gələcəyi proqnozlaşdırılır.

Türkiyənin ABŞ-la yaxınlaşması Kreml üçün təbii ki, arzuolunan deyil. Bu danışıqlar fonunda Cənubi Qafqazda, eləcə də Rusiya sülhməramlılarının yerləşdiyi Dağlıq Qarabağda maraqların toqquşmasının artacağı istisna edilmir.

Politoloq Fərrux Məmmədov “Cümhuriyət” qzəetinə bildirib ki, türk generallarının Azərbaycana, Rusiya rəsmilərinin Ermənistana, Nikol Paşinyanın isə Fransaya səfərləri göstərir ki, Dağlıq Qarabağ münaqişəsindən sonra bölgədə siyasi-diplomatik masa formalaşmayıb. Azərbaycan bu müharibənin qalibidir. Türkiyə və Rusiya da savaşdan qazanan tərəfdə yer alır:

“Rusiya sülhməramlı kontingentinin nizamnaməsindən kənarda fəaliyyət göstərir. Bunu ABŞ-ın, Britaniyanın kəşfiyyat orqanları da təsdiq edir. Rusiya-İran-Ermənistan tərəfdaşlığı gələcəkdə işğaldan azad edilmiş ərazilərdə siyasi məqsədlə strateji və geostrateji dəyişikliklər etmək niyyətindədir. Ərazilərin minalardan təmizlənməsinə müdaxilə edilməməsi, dini məsələlərin qaldırılması, xüsusilə kilsələr məsələsinin qabardılması, birgəyaşayışın mümkünsüzlüyü barədə məsələnin önə çəkilməsi ilə Dağlıq Qarabağ masasına siyasi hazırlıq aparılır. Yəni savaşın ikinci, ən böyük mərhələsinə hazırlıq gedir. Bu diplomatik mübarizə Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə ziddir. Türkiyə başda olmaqla Azərbaycan da bu prosesi bilir. Türk generallarının Azərbaycana səfəri, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin kontekstində formalaşan ssenari də bu gün Dağlıq Qarabağda baş verən hadisələrin əsasını təşkil edir. Rusiyanın məqsədi aydındır. Kreml sülhmıramlıların 30 il Azərbaycanda qalmasına çalışır”.

Politoloq bildirib ki, ikinci məsələ Dağlıq Qarabağın statusu ilə bağlıdır:

“Siyasi status Azərbaycanın maraqlarına cavab vermir. Rusiyanın təklif etdiyi digər məsələ Dağlıq Qarabağda separatçı rejimin qalmasıdır. Moskva Xankəndi, Xocalı və ətraf kəndlərdə yaşayan ermənilərə təhlükəsizliyi adı altında Ermənistan ordusunun qalması, eləcə də həmin siyasi kursa Rusiya sülhmərmalı kontingentinin təminatçı olmasını istəyir. Bütün bunlar isə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə və müdaxilədir. Azərbaycanın Konstitusiyası və qanunları buna imkan vermir. Rusiya Qarabağ məsələsində maraqlarını Türkiyə ilə uzlaşdırmağa çalışsa da, bu ölkənin NATO üzvü olduğunu unutmur. Kreml Ərdoğanın böyük siyasətçi olduğunu qəbul edir.

Rusiya Türkiyənin ABŞ-la da müttəfiq olduğunu yaxşı başa düşür. Bu baxımdan, Bayden-Ərdoğan və Bayden-Putin görüşü çox önəmlidir. Ancaq bu müzakirələrin nəticəsində ciddi dəyişikliklər olacağını zənn etmirəm. Sadəcə olaraq, tərəflər mövcud olduqları siyasi və strateji mövqelərini qoruyub saxlayaraq, öz maraqları uğrunda mübarizə aparmaqda davam edəcək. Bölgədə Türkiyə-Rusiya rəqabətinin artması labüddür. SSRİ-nin dağılmasından sonra Azərbaycan Cənubi Qafqazda geosiyasi balansın dəyişməsində böyük rol oynadı. Həmçinin Ermənistanda gedən proseslər də vəziyyətə təsir göstərdi. Mixeil Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra NATO-ya inteqrasiya siyasəti Cənubi Qafqazda strateji prosesləri kökündən dəyişdi. Hazırda Ərdoğan-Putin münasibətlərindəki qarşılıqlı münasibət inamsızlığa doğru gedir.

Rusiyanın bölgədəki proseslərə təsir mexanizmi 50 faizə qədər azalıb. Ərdoğanın Baydenlə görüşündən sonra Azərbaycana səfər etməsi, əgər Şuşaya da gedərsə, bu Rusiyaya və İrana ciddi bir mesajdır. Ərdoğan açıq şəkildə mesaj verəcək ki, mən burada yalnız Türkiyənin deyil, NATO-nun da maraqlarını qoruyuram. Rusiyanın bugünkü siyasəti həmin o mesajın verilməməsinə hesablanıb. Cənubi Qafqazda vəziyyət ağırlaşır və dəyişəcək. Dağlıq Qarabağda jandarm rolunu oynamaq istəyən digər ölkə Fransadır. Rəsmi Paris Dağlıq Qarabağda Rusiyanın mövqeyini dəstəkləməyə, bunun qarşılığında isə Gürcüstanın və Ukraynanın NATO-ya üzvlüyünə veto qoymağa razılaşıb”.

Fərrux Məmmədov onu da bildirdi ki, Türkiyə ilə ABŞ prezidentlərinin görüşündə daha çox iki ölkə arasındakı münasibətlər müzakirə ediləcək. Bura Türkiyənin Suriyada və Liviyadakı siyasəti, Boğazlardan istifadə, NATO-nun gücləndirilməsi, “S-400” zenit raket komplekslərinin alınması ilə bağlı məsələlər gündəlikdə olacaq. Ekspert danışıqlarda Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağ, Ermənistanla bağlı siyasətinin də müzakirə predmeti olacağını istisna etmədi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button