Top.Mail.Ru

bannerSİYASƏT

Ənənəvi cəmiyyət və demokratik siyasi modernləşmə – SİYASİ TƏHLİL

Siyasi inkişaf cəmiyyətin siyasi sferasında elə dəyişiklikləri səciyyələndirir ki, o, siyasi sistemin yeniləşməsini, onun daxili strukturu və funksiyasının əhəmiyyətli transformasiyasını təcəssüm etdirir. Bu dəyişiklik siyasi sferanın yeni keyfiyyət halının (məsələn, qeyri-demokratik rejimdən demokratiyaya keçid, siyasi elitaların əvəzlənməsi və b.) üzə çıxması ilə bağlıdır.

Cəmiyyətə xas olan siyasi hadisələr, onların strukturu və elementləri daim dəyişikliyə məruz qalır. Siyasi hadisələr arasındakı qarşılıqlı əlaqələr və münasibətlər daim dəyişikliyə uğrayırlar. Belə dəyişikliklər bir qayda olaraq siyasi hadisələrin irəliyə doğru hərəkətinin ümumi tipi kimi açıqlanır. Onlar müəyyən elementlərin və siyasi əlaqələrin təşəkkülü ilə bağlı nəzərə çarpır.

Siyasi inkişaf çoxölçülü proses olmaqla, onun gedişində, müxtəlif siyasi qüvvələrin qarşılıqlı fəaliyyəti nəticəsində siyasi davranışda, siyasi mədəniyyətdə, cəmiyyətin siyasi sisteminin özündə dəyişikliklər baş verir (1, s. 301). Siyasi inkişafı siyasi tərəqqi, ümumiyyətlə isə tərəqqi ilə eyniləşdirmək olmaz. Siyasi inkişaf daha bitərəf anlayış olmaqla nəticənin yox, prosesin təcəssümünü ehtiva edir. Siyasi tərəqqi isə müəyyən siyasi nailiyyətlərin əldə olunmasını səciyyələndirir. Sosial siyasətin məqsədi olan sosial tərəqqi isə insanların maddi həyat şəraitinin yaxşılaşdırılması və mədəni sərvətlərə daha yaxından qovuşmasını əhatə edir. Sosial tərəqqi nəinki həyat şəraitinin, eləcə də insanların özünün dəyişilməsini nəzərdə tutur. Qeyd etmək vacibdir ki, siyasi tərəqqi siyasi inkişafsız qeyri-mümkündür, siyasi inkişaf siyasi tərəqqinin əldə olunması şərtlərindən biridir.

Loading...
Yazının davamı reklamdan sonra

Bir qayda olaraq, sabit siyasi proseslər çərçivəsində xətti inkişaf modelinin tətbiqi imkanı mövcuddur. Başqa sözlə, siyasi sistemin keyfiyyət identivlikliyi məlum olan modellərə – sosializm, liberalizm, mühafizəkarlıq və digərləri kimi inkişaf meyarlarının ciddi işlənib hazırlanmış sistemlərinə əsaslanır. Məsələn, marksistlərin fikrincə, hakimiyyət sisteminin inkişafı kollektiv mülkiyyət formalarının hökmranlığını sübut edən dəyişikliklər barədə mülahizələr yürütməyə imkan yaradır. Liberalların nöqteyi-nəzərincə, insan hüququ ideologiyasının üstünlüyü, şəxsiyyətin müdafiəsi (dövlətə münasibətdə), vətəndaş cəmiyyətinin dövlət üzərində nəzarəti, mənəvi azadlıq sisteminin inkişafını təsdiqləyir. Mühafizəkarlar işə, inkişafı müəyyənləşdirərkən əsasən siyasi davranışda əxlaqi stimulları, əvvəlki idarəçilik formalarına aid varisliyi, hakimiyyətin təşkilinin baza normaları və prinsiplərinin saxlanmasını və b. vurğulayırlar (2, s. 294).

Həmin konseptual modellərdən istifadə edilməsi bu və ya digər rejimlərin inkşafında, siyasi modernləşmədə üstünlükləri müəyyənləşdirməyə imkan yaradır. Lakin keçid cəmiyyətlərində başa çatmamış siyasi proseslər haqqında mülahizələr yürütdüyümüz modellərdən istifadə nəinki çətindir, hətta çox vaxt inkişaf ideyasının özünə qarşı dayanır. Məsələn, demokratik proseduraların təsisatlaşması, plüralizmin genişlənməsi bu şəraitdə istibdad (despot) idarəçilik formalarının təşkilinə, cəmiyyətin idarə edilməsinin itirilməsinə və hakimiyyətin təşkilinin digər neqativ hallarla nəticələnməsinə gətirib çıxara bilər.

Keçid cəmiyyətlərində və ya demokratik modernləşmə şəraitində siyasi inkişaf tiplərinə münasibətdə müəyyən yanaşmalar mövcuddur. Məsələn, “partlayış nəzəriyyəsi” tərəfdarları siyasi böhranın və qeyri-sabitliyin səbəblərini nəzərdən keçirərək belə qənaətə gəlirlər ki, keçid sistemlərində müəyyən “arxetiplərin” mövcudluğu (kütlələrin gerçəkliyə münasibətdə dəyərləri tənqidi mənimsəməməsi) kütləvi etirazlara və siyasi qüvələrin vəziyyətinin qeyri-tarazlığına gətirib çıxarır. Dövrü dinamika ideyasının (sosial mədəni, sivil) tərəfdarları hesab olunan Hemfri, Toffler, Priqojin və başqaları keçid proseslərini siyasi yüksəlişin və tənəzzülün dövrü əvəzlənməsinin tərkib hissəsi kimi vurğulayırlar və bu əsasda siyasi modernləşmənin perspektivini araşdırmağa cəhd edirlər.

Keçid şəraitində – demokratiyaya keçid və ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid məqamlarında ənənəvi və hakimiyyətin müasir təşkilinin sosial elementləri mövcud olur. Bununla bağlı siyasi dəyişikliklərin iki tipinin fərqləndirilməsi təklif olunur. Dəyişikliyin birinci tipi sistemin tarazlığını ifadə edən sosial elementlərin pozulmasını ifadə edir və cəmiyyətin və hakimiyyətin başlıca strukturlarına toxunmur. Məsələn, liderlər, hökumət, ayrı-ayrı təsisatlar dəyişə bilər, lakin başlıca dəyərlər, normalar, hakimiyyətin çıxış yolları əvvəlki keyfiyyətində saxlanılır. Dəyişikliyin ikinci tipi isə, baza təsisatlarını, normaları və kommunikasiyanı transformasiya edən elementlərin daşıyıcılarının modifikasiyasına aiddir.

Siyasi inkişafın xüsusiyyətini aydınlaşdırmaq üçün vacib problem onun sosial inkişafla nisbətinin müəyyənləşdirilməsidir. Sosial inkişafın miqyası və forması siyasi inkişaf üçün adekvat olmaya bilər.
Siyasi inkişaf problemini araşdırarkən onun əsas səbəblərini (determinantlarını), siyasi sferaya daxili iqtisadi, sosial, mənəvi-ideoloji, həmçinin dünyada gedən proseslərin təsirini nəzərə almaq vacibdir. Eləcə də inkişafın xüsusi siyasi nəbzinin aydınlaşdırılmasına ciddi diqqət yetirilməlidir. Əlbəttə, siyasi dəyişikliklərin mənbəyi çox zaman ictimai həyatın siyasi sferasının özünə əsaslanır, başqa sözlə siyasi sistemin elementləri arasındakı ziddiyyətlərin təzahürü ilə şərtlənir. Tədqiqatçıların müəyyən qismi hesab edir ki, siyasi inkişafın ən mühüm səbəbi və mənbəyi siyasi dəyərlərlə siyasi təsisatlar arasında, həmçinin təsisatlarla siyasi proseslər arasında təzahür edən “uyğunsuzluqdur”, bu uyğunsuzluq “qüvvələr dəyişikliyinin” çoxalmasına gətirib çıxarır. Bu fikri daha çox Hind politoloqu P.Şaran əsaslandırmağa cəhd edir.

Siyasi inkişaf qeyri-siyasi ictimai sistemlərin təkrar istehsalına aid edilə bilməz. Siyasət özünə xas olan yolla inkişaf edir. O, müasir dövrdə daha mürəkəb, mütəşəkkil və nəzəri cəhətdən daha çox sistemli, daha miqyaslı, beynəlmilələşmiş və məsuliyyətli fenomen kimi çıxış edir. «Xüsusi sosial fenomen» kimi səciyyələnən siyasət gündəlik həyatda özünü ictimai işlərin idarə olunmasında və ona rəhbərlikdə dövlətlə siyasi təşkilatlar, partiyalar, hakimiyyətə təsir göstərən müxtəlif qruplar arasındakı münasibətlərdə məqsədyönlü fəaliyyət kimi təzahür etdirir.

Siyasət cəmiyyət üzvləri arasında qarşılıqlı münasibətlərin elə bir formasıdır ki, o, əsasən hakimiyyətin fəaliyyətinə və idarəetmə məsələsinə aid edilir. Siyasətin cəmiyyətdə fəaliyyəti və mövcudluğu nəinki dövlətlə və hakimiyyətlə, həmçinin onun öz mahiyyəti, tarixən qərarlaşan universal, mürəkkəb və dəyişməz xüsusiyyətləri ilə şərtlənir. Hər bir yeni qərarlaşan cəmiyyət və onun üzvləri siyasətə yeni ictimai hadisə kimi baxır, siyasətin mahiyyətini anlamağa, siyasi həyatda iştirak etməyə səy göstərirlər.

Siyasət ictimai hadisə kimi, müasir sivilizasiyanın dərin qatları ilə möhkəm bağlılıq kəsb edir. Xüsusi ictimai hadisə olmaq etibarilə, siyasət həm hakimiyyətə, idarəetməyə, qərarların qəbul edilməsinə aid praktikadır və eləcə də siyasi qərarların müəyyənləşdirilməsi prosesinə real təsir göstərən subyektiv təsəvvürlər, mülahizələr və mühakimələr aləmidir. Siyasət insanların həyat fəaliyyətinin bütün sferalarına və formalarına xas olan ictimai hadisə kimi təzahür edir. Məhz bu baxımdan o, cəmiyyətin bütün sferalarına toxunur. Siyasət elə təsisatları, prinsipləri, normaları əks etdirir ki, bunlar insanların bu və ya digər birliklərinin həyat fəaliyyətini təmin edir, onların ümumi iradəsini, mənafelərini və tələbatlarını reallaşdırır.

Hazırda dövlətlərin və xalqların tarixi taleyi onunla müəyyənləşir ki, bu və ya digər cəmiyyət siyasi inkişaf prosesində iştirak etmək qabiliyyətinə nə dərəcədə malikdir. Qərarların qəbul edilməsi və onların icrası proseduraları son dərəcə mürəkkəbləşir. Eyni zamanda siyasətdə onun «texniki» mexanizmi, universal qanunauyğunluğu, vasitə və metodları, iyerarxiyalı irəliləyişin üsulları, liderin formalaşması, kadrların seçimi, siyasi mübarizə, təkrar istehsal olunur, məqsədyönlülüyün qanunauyğunluğu, siyasi prosesin strukturu, siyasət və iqtisadiyyatın, siyasətlə əxlaqın münasibəti və real həyatın digər qanunauyğunluqları dəyişməz qalır.

Tarixi təcrübə təsdiqləyir ki, siyasi inkişafın iki başlıca tipi mövcuddur: təkamül və inqilab. Ciddi fərqlərə malik olan bu inkişaf tipləri islahatlar, əksinqilablar, bərpa edilmə ilə yanaşı, eləcə də siyasi dəyişikliklərin üsulları kimi çıxış edirlər.

Siyasi təkamül əvvəlki inkişafın (formalar, əlaqələr, ənənələr və b.) bütün pozitiv potensialını saxlamağa və ondan istifadə etməyə imkan yaradan, cəmiyyətin siyasi həyatındakı dəyişiklikləri səciyyələndirən siyasi inkişaf tipi kimi təzahür edir. Siyasi təkamülün bu cür üsulunu fərqləndirən xüsusiyyət tədricilikdir.
Siyasi inqilab isə siyasi hakimiyyət sistemində və bütövlükdə siyasi münasibətlərdə radikal dəyişikliklərlə və köklü çevrilişlərlə təzahür edən siyasi inkişaf tipidir. Siyasi inkişafın üsulu kimi səciyyələnən inqilab radikallığı, zorakılığı və qeyri-legitimliyi təcəssüm etdirir. İnqilab inkişafda həmişə sıçrayışı əks etdirir, azadlıqların siyasətdə fəal iştirakı ilə nəzərə çarpır, ideoloji motivlərin xüsusi rolu, eləcə də harizmalı liderin təzahürü ilə fərqlənir. Buna əyani olaraq inqilab nəticəsində qərarlaşan totalitar xarakterli keçmiş SSRİ-ni və bir sıra digər ölkələri misal göstərmək olar.

Siyasi islahat dəyişikliklərin, siyasi həyatın yenidən təşkilinin elə üsuludur ki, siyasi həyatın əsasları onun sayəsində dağılmağa məruz qalmır. Siyasi modernləşməni uğurla təmin edən məhz cəmiyyətdə ciddi pozitiv islahatların, rasional, məqsədyönlü dəyişikliklərin həyata keçirilməsidir. L.S.Sanesteban bildirir ki, islahat sosial sistemin dəyişilməyə məruz qalması ilə əlaqədardır, lakin islahat sosial sistemin dərin strukturlarına nüfuz etmir, toxunmur, o, hakim təbəqə və qrupların ictimai tələbata ehtiyatlı və qoruyucu cavabı kimi təzahür edir (3, s. 41-48).

Siyasi elmə dair ədəbiyyata siyasi inkişafın elementi kimi bu prosesdə bu və ya digər dərəcədə iştirak edən ictimai yarımsistemləri aid edirlər. Bir qayda olaraq bu, siyasi sistemlər və təsisatlar (təsisatlı yanaşma), siyasi davranış və qeyri-təsisatlı siyasi və sosial birliklərdən (struktur-funksional təhlil) ibarətdir.
Fəallıq dərəcəsinə görə siyasi inkişafın obyekti və subyekti də fərqləndirilir. Siyasi inkişafın obyektinə elə ictimai sistemlər aid edilir ki, siyasi inkişaf onun təsirinə böyük ehtiyac duyur. Siyasi inkişafın subyekti kimi isə, təsir edən və bu təsir etməyə müvafiq olaraq siyasi fəallığa tələbatı təzahür etdirən çıxış edir .
Siyasi inkişafın başlıca subyektlərinin fərqləndirilməsindən asılı olaraq nəzəri politologiyada siyasi inkişafın öyrənilməsində azı üç yanaşma nəzərə çarpır. Birinci yanaşma cəmiyyətdə mövcud olan siyasi təsisatların inkişafının təhlilinə əsaslanır. Bu yanaşma tərəfdarı olan tədqiqatçılar (məsələn, S.Hantinqton və C.Nelson) siyasi inkişaf məsələsinin həllində siyasi təsisatlara üstünlük verməyə meyillidir. İkinci, bineviorem yanaşma bununla səciyyələnir ki, onun nümayəndələri (Q.Almond, S.Verba və b.) təsisatlı yanaşmanın məhdudluğunu qeyd etməklə, cəmiyyətdə mövcud olan siyasi mövqeləri və siyasi davranış tiplərini daha çox dəyərləndirirlər. Üçüncü, siyasi təhlilin strukturalist istiqaməti isə (D.İston, E.Şilz, S.Lipset və b.) qeyri-təsisatlı rolların, siyasi davranışın sosial, qrup halında əsasının üzə çıxarılmasına diqqət yetirirlər. Əlbəttə, həmin yanaşmalardan hər biri özlüyündə perspektivlidir, lakin ayrılıqda onlar siyasi inkişaf prosesini tam dəyərləndirməyə qadir deyildir.
Siyasi inkişafla bağlı XX əsrin 50-ci illərindən etibarən, siyasi modernləşmə nəzəriyyəsi geniş yayılmağa başladı. Qərb siyasi elmində təşəkkül tapan həmin nəzəriyyənin görkəmli nümayəndələri Q.Almond, D.Apter, S.Verter, L.Pay və digərləri sayılır. Onlar bütövlükdə siyasi modernləşmənin əsas xüsusiyyətlərinə aşağıdakıları aid edirlər:

 rəqabətdə olan siyasi təşkilatların təşəkkülü və inkişafı;
– müxtəlif maraq qruplarının köməyi ilə, ictimai maraqların uyğunlaşdırılmasında siyasi sistemin qabiliyyətinin yüksəlməsi;
– tələbatların effektli toplanmasının siyasi mexanizminin formalaşması;
– seçki hüququ vasitəsilə, müxalifətdə olan partiyaların və azad mətbuatın köməyilə müxtəlif təbəqə və qrupların siyasi iştirakçılığının yüksəlməsi sayəsində sosial periferiyanın səfərbər edilməsi;
– rasional siyasi bürokratiyanın yaradılması və effektli fəaliyyəti;
– hökumətin funksiyalarının, qanunverici sistemin, münaqişələrin həllinin hüquqi texnologiyasının və idarəedici tənzimləmənin rolunun artması.

Siyasi modernləşdirmə nəzəriyyəsində əsasən siyasi inkişafın sosial şəraiti və öncə, sosial səfərbərlik problemi vurğulanır. Siyasi inkişaf cəmiyyətin siyasi sferasında müəyyən dəyişikliklər prosesi kimi səciyyələnir. Siyasi prosesin gedişində siyasi sistemin bu və ya digər elementi təkrar oluna bilər, aradan qalxar və yarana bilər.

Modernləşmə nəzəriyyəsinin nümayəndələri sosial təkamül nəzəriyyəsi tərəfdarlarından fərqli olaraq bildirirlər ki, inkişaf prosesi məhz siyasi və intellektual elita tərəfindən istiqamətlənir, bu proses müasir sosiumda yalnız həmin elitanın nəzarətində diqqətə çarpır. Siyasi elita məqsədyönlü fəaliyyətin köməyi ilə öz ölkəsini gerilik vəziyyətindən xilas etməyə cəhd edir. Modernləşdirilmiş elitanın dörd başlıca tipi fərqləndirilir: ənənəvi, liberal, avtoritar və sağ radikal. Ş.Ayzenştadt hesab edir ki, siyasi modernləşmənin əks etdirdiyi xüsusiyyətlərə aiddir: siyasi rolların və təsisatların yüksək ixtisaslaşması ilə bağlı olan differensiallaşmış siyasi strukturun yaradılması; qanunvericilik sferasının ərazi və funksional baxımdan genişlənməsi; siyasi iştirakçılığın müntəzəm olaraq genişlənməsi; rasional siyasi bürokratiyanın təşəkkülü və sürətlə böyüməsi; ənənəvi elitaların və onların legitimləşməsinin zəifləməsi, ənənəvi elitanın modernləşdirici elita ilə əvəzlənməsi.

Müasir politologiyada modernləşmənin demokratik siyasi inkişafın xarakteri və perspektivinin qiymətləndirilməsində iki yanaşma müəyyənləşdirilir: liberal və mühafizəkar.

Liberal yanaşmanın nümayəndələri (Almond, Pay və b.) əhalinin nümayəndəli demokratiya sisteminə cəlb olunması dərəcəsini və elitanın açıqlığı dərəcəsini başlıca meyar kimi irəli sürürlər.

Cəmiyyətin demokratik siyasi inkişafı üçün və islahatların aparılması məqsədilə optimal variant o zaman təşəkkül tapır ki, elitanın sıravi vətəndaşlar üzərində üstünlüyü mövcuddur. Elita və kütlələrin fəallığı rəqabətinin nisbətinin digər variantları dəyişikliklərin ləngiməsinə və avtoritar rejimlərin yaranmasına gətirib çıxarır. Siyasi inkişaf üçün ən əlverişli olmayan situasiya o zaman yaranır ki, elita ilə kütlələrin siyasi iştirakçılığının mötəbərliyi eyni vaxtda minimal səviyyəyə düşür. Bu isə sosiumun və siyasi sistemin tənəzzülünə gətirib çıxarır, başqa sözlə bütövlük kəsb edən sosial sistemin parçalanmasına, pərakəndəliyinə səbəb olur. Siyasi modernləşmə nəzəriyyəsinin liberal istiqamətinin mühüm xüsusiyyəti avtoriterizmə mənfi münasibətidir. Liberal ssenariyə görə, hadisələrin belə inkişaf variantı da mümkündür: 1) cəmiyyətin demokratikləşməsi; 2) elitanın rəqabətinin artması, lakin əhalinin əsas hissəsinin fəallığının aşağı olması şəraitində avtoritar rejimlərin təşəkkülü və dəyişikliklərin ləngiməsi üçün zəmin yaranır; 3) siyasi iştirakçılığın elitaların yarışı üzərində üstünlüyü və dəyişikliklərin ləngiməsinə aparır; 4) elita və siyasi iştirakçılıq səviyyəsinin mötəbərliyinin eyni vaxtda minimal səviyyə kəsb etməsi xaosa gətirib çıxarır, eləcə də diktatura doğura bilər (4, s. 64-66).

Siyasi inkişafa mühafizəkar yanaşma tərəfdarları isə (S.Hantinqton, H.Lints və b.) modernləşmənin mənbəyini əhalinin siyasi həyata cəlb olunması ilə təsisatlaşma arasında nəzərə çarpan münaqişə ilə əlaqələndirirlər. Təsisatlaşma dedikdə maraqların ümumiliyi və əlaqələndirilməsi üçün zəruri strukturların və mexanizmlərin mövcudluğunu nəzərdə tuturlar. Onlar hesab edirlər ki, cəmiyyətin modernləşməsi demokratik siyasi təsisatların səviyyəsindən daha çox, onların möhkəmliyi və mütəşəkkilliyi ilə bağlıdır. Qaydalara nəzarət edən avtoritar rejim bazara keçidi və milli birliyi təmin edə bilər. Avtoritar hakimiyyətin rəhbərliyi altında modernləşmənin şərtlərinə aid edilir: 1) siyasi liderlərin səriştəliliyi; 2) islahat prosesində keyfiyyətcə müxtəlif və ardıcıl mərhələlərin müəyyənləşdirilməsi, bu mərhələlərdən hər biri konkret üstünlüyə malik olmalıdır; 3) onların yerinə yetirilməsi vaxtının dəqiq seçimi.

Beləliklə, mühafizəkarlar mərkəzləşdirilmiş təsisatların köməyi ilə siyasi qaydaların təmin olunmasını vurğulamağa diqqət yetirirlər. Liberallar isə əhalinin hakimiyyətə təsir imkanlarının mövcudluğunu israr edirlər. S.Hantinqton yazmışdır ki, kütlələrin siyasi iştirakçılığının artması onların real demokratik inkişaf səviyyəsini ötüb keçə bilər. Bu öz növbəsində siyasi böhrana və şəraitin qeyri-sabitləşməsinə gətirib çıxara bilər.
Fərdi sıçrayışların demokratik ənənələr zəminində başa çatmadığı ölkələrdə hakimiyyətin islahatlar sisteminə cəhdi cəmiyyət üçün neqativ nəticələrə səbəb olacaq. Buna görə ilk başlanğıcda siyasi sabitliyin möhkəmləndirilməsi zəruridir. Hantinqtonun fikrincə, belə situasiyada avtoritar rejim o halda tamamilə mümkündür ki, o, iqtisadi inkişafı və sosial problemlərin həllini təmin edir. Bu cür rejim qeyri-sabitləşmə meylinin qarşısını almağa qadirdir.

Demokratiyaya keçid tədricən, iqtisadi və sosial münasibətlərə aid islahatlarda uğurların əldə edilməsi gedişində həyata keçirilməlidir. Siyasi elitanın başlıca vəzifəsi ondan ibarət olmalıdır ki, modernləşən cəmiyyətin müxtəlif sferalarında baş verən dəyişikliklər arasında tarazlığı təmin etməlidir. Modernləşməyə mühafizəkar yanaşmanın tərəfdarları demokratiyaya keçiddə demokratik dəyərləri inkar etmirlər. Onlar eləcə də siyasi modernləşməni demokratiyaya keçid kimi başa düşürlər.

Məlum olduğu kimi, S.Hantinqton demokratikləşmənin üç dalğasını fərqləndirmişdir. Birinci dalğa XIX əsrin başlanğıcından ABŞ-da başlamış və Birinci Dünya müharibəsinin sona çatmasına qədər davam etmişdir. İkinci dalğa İkinci Dünya müharibəsindən sonra başlamışdır. Demokratikləşmənin üçüncü dalğası isə 1974-cü ildə Portuqaliyada Salazar diktaturasının devrilməsi ilə başlanır. T.Karl və F.Şmitter postsosialist ölkələrində baş verən demokratik dəyişiklikləri isə demokratikləşmənin dördüncü dalğası adlandırırlar.
Demokratiyaya keçidin məntiqini ümumiləşdirərək iki modeli fərqləndirmək olar. Birinci – “kooperativ” model: siyasi sistemin ardıcıl liberallaşdırılması; vaxtını keçirmiş təsisatların yeni qaydaya salınması; əhalinin yeni normalar və dəyərləri əsasında sosiallaşması. İkincisi – rəqabət modeli: kəskin liberallaşma; əvvəlki siyasi sistemin süqutu; yeni demokratik təsisatların çox vaxt yuxarıdan və eləcə də aşağıdan müqavimətlə üzləşən hər bir yeniliyi həyata keçirməsidir.

Modernləşmə tamamilə mürəkkəb və çətin, əziyyətli prosesdir. İctimai sistemin hər bir islahatları mərhələsində o, özündə yeni ziddiyyətlər doğurur. Modernləşmənin ən əhəmiyyətli problemi islahatlar həyata keçirməyə və cəmiyyətin müdafiə etdiyi effektli siyasi sistem yaratmağa qadir olan siyasi elitanın formalaşdırılmasından ibarətdir.

Siyasi inkişafla bağlı “siyasi dəyişiklik” anlayışının açıqlanması və təhlili çox vacib və məqsədəuyğundur. Şübhəsiz, bununla bağlı öncə, qısa şəkildə daha geniş anlayış olan sosial dəyişiklikləri vurğulamaq zəruridir.
Cəmiyyətdə baş verən sosial dəyişikliklər insanların məqsədyönlü fəaliyyəti nəticəsində reallaşır. Bu fəaliyyət müxtəlif sosial hərəkətlərdən və qarşılıqlı fəaliyyətdən ibarətdir. Bir qayda olaraq dağınıq, mütəşəkkil olmayan fəaliyyət əhəmiyyətli sosial, iqtisadi və mədəni dəyişiklikləri şərtləndirə bilməz. Hətta bir nəfərin etdiyi böyük kəşf insanların çoxu tərəfindən istifadə olunmursa və praktikada tətbiq edilmirsə, müəyyən mənada öz əhəmiyyətini itirir. Deməli, əhəmiyyətli sosial dəyişikliklər dağınıq halda deyil, məhz insanların birgə fəaliyyəti sayəsində baş verir, bir istiqamətdə, qarşılıqlı bağlılıq zəminində təzahür edir. İnsanların fəaliyyət motivi və oriyentasiyası ilə əlaqədar olaraq həmin qarşılıqlı bağlılıq qeyri-şüurlu, kortəbii də baş verə bilər. Ümumi modernləşmə anlayışına aid olan sosial dəyişiklik sosial obyektin bir vəziyyətdən digərinə keçməsidir, cəmiyyətin sosial təşkilində, onun sosial təsisatlarında və sosial strukturunda hər hansı motivləşmədir (5, s. 95-96). Sosial dəyişikliklərin baş verməsinə hər bir ayrıca fərdin şüur və iradəsinin formalaşmasında müəyyən rol oynayan xüsusi həyat şəraiti müəyyənedici təsir göstərir. Sosial inkişaf dəyişikliklərin ən mühüm ümumi ifadəsi kimi səciyyələnir. Əlbəttə, inkişaf kateqoriyası yalnız daxili struktura malik olan obyektlərə tətbiq edilir. Obyektdə baş verən dəyişiklik inkişafın məzmununu təşkil edir, onun mahiyyəti isə bütöv olanın strukturunun dəyişməsində nəzərə çarpır.

Deməli, sosial dəyişikliklər və göstəricilər idrakın vasitələri kimi səciyyələnir. Dəyişikliklər sosial proseslərin fəaliyyəti və inkişafının kəmiyyət, göstəricilər isə keyfiyyət tərəfi kimi çıxış edir. Daxili və xarici dəyişiklikləri səciyyələndirən aşağıdakı dəyişikliklər və göstəricilər qrupu mövcuddur: 1) müəyyən tarixi mərhələ üçün nəzərdə tutulan, sosial dəyişiklikləri əhatə edən nəzarət göstəriciləri; 2) Planlaşdırılan məqsədlərin reallaşması üçün istifadə edilən sosial proses göstəriciləri (elmi-texniki inqilab, urbanizasiya və b.); 3) Konkret sosial vəzifələrin həlli naminə bu və ya digər sosial proseslərdə səmərəli istifadə etmək üçün resurs göstəriciləri; başqa sözlə maddi vəsait. Bu vəsait təşkilati, ideoloji və digər tədbirlər üçün nəzərdə tutulur; 4) Sosial proseslərə təsir göstərən nağd vəsaitin vəziyyətini əks etdirən göstəricilər; 5) Mövcud müvəqqəti mərhələdə ictimai inkişafın iqtisadi və sosial proqramının sosial effektliyinin reallaşdırılması göstəriciləri və başqaları…

Siyasi modernləşməni səciyyələndirən siyasi dəyişikliklər siyasi reallığın yeni xüsusiyyətinin təşəkkül prosesi kimi əvvəlki qaydalar çərçivəsində müxtəlif yollarla və müxtəlif sürətlə həyata keçirilir. Lakin son nəticə ondan ibarətdir ki, butövlükdə siyasi sistem və onun ayrıca hissələrinin keyfiyyət vəziyyəti ardıcıl əvəzlənməyə məruz qalır. Bu proses bir neçə təkamüllü alternativlərə malik olmaqla, seçimi ona təsir göstərən amillərin konkret məcmuundan asılıdır.

Politoloji ədəbiyyatda həm bu məsələyə aid və eləcə də inkişaf yollarının sayına, onun nəticələrinə və başlıca xarakteristikasına münasibətdə vahid rəy yoxdur. Bu istiqamət çərçivəsində çalışan xeyli tədqiqatçı qeyd edir ki, hazırda siyasi prosesin ümumiləşmiş modelləri və sxeminin yaradılmasına edilən cəhdlər universallıq meyarına cavab vermir və müxtəlif yanaşma nümayəndələri siyasi inkişafın yalnız ayrıca aspektlərini nəzərdən keçirirlər.

“KAİNAT”  siyasi analitik mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button