Top.Mail.Ru

SİYASƏT

YENİ GÜC BALANSI: Ərdoğanın Putinlə görüşündən sonra QAFQAZIN MÜQƏDDƏRATI DƏYİŞİR – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Türkiyə prezidenti Rəcəb Təyyib Ədoğan jurnalistlərə açıqlamasında bildirib ki, o, keçmiş ABŞ prezidentləri Corc Buş, Barak Obama və Donald Trampla daha yaxşı dil tapıb, nəinki Co Baydenlə.

Türkiyə prezidenti vurğulayıb ki, Türkiyə və ABŞ münasibətləri iki NATO ölkəsi kimi daha yaxşı nöqtədə olmalı idi. Əslində,Təyyib Ərdoğanın vaxtaşırı müəyyən məsələlərdə Buş, Obama və Trampla da problemləri olub. Lakin Türkiyə prezidenti son anda adlarını çəkdiyim ABŞ prezidentləri ilə daha rahat dil tapa bilirdi.

Türkiyə və ABŞ arasında hazırda cərəyan edən ziddiyətlər, narazılıqlar iki əsas problemə görədir: Suriyanın şimalında rəsmi Vaşinqtonun PYD adlı kürd təşkilatına hərbi-siyasi dəstək verməsi və rəsmi Ankaranın Rusiyadan S-400 HHM sistemlərini satın alması.

Loading...
Yazının davamı reklamdan sonra

Prinsipcə, hələ Tramp vaxtından ABŞ NATO üzvü Türkiyənin S-400 HHM sistemlərini almasını alyans üçün təhlükəli hesab edirdi.

ABŞ Türkiyənin Rusiyadan silah-sursat alması məsələsində ikiüzlü davranır.

  1. ABŞ Türkiyənin dəfələrlə “Patriot” HHM sistemlərini satın almaq üçün tələblərini rədd etdi. Türkiyə də öz növbəsində öz hava məkanını qorumaq üçün Rusiyadan S-400 HHM-i almağa məcbur oldu. Üstəlik, S-400 ABŞ-ın “Patriot” raket sistemindən daha müasirdir. Hərçənd, türklər Rusiyadan əvvəldə Çin istehsalı HHM sistemini məhz ABŞ-ın təzyiqləri nəticəsində almaqdan imtina etmişdi. Xatırladım ki, ABŞ hökuməti Türkiyəni “F35” qırıcı təyyarələrin istehsalı prosesindən də kənarlaşdırmışdı.
  2. Deməli, Rusiya bir müddət əvvəl iki NATO üzvü – Bolqarıstana və Yunanıstana S-300 HHM sistemlərini satmışdı. Maraqlıdır, ABŞ hökuməti o vaxt Rusiyadan S-300 HHM aldıqları üçün nə Yunanıstana, nə də Bolqarıstana təzyiq göstərmişdi. Hətta deyim ki, buna göz yummuşdu.

Sentyabrın 29-da Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiyaya səfər edəcək.

Əvvala qeyd edim ki, növbəti Ərdoğan-Putin görüşündə S-400 HHM-in növbəti partiyasının Rusiyadan satın alınması müzakirə ediləcək. Bundan başqa, Türkiyə tərəfi Putinlə son günlər Suriyadakı Əsəd rejiminin fəallaşmasını müzakirə edəcək. Çünki Suriya probleminin həlli istiqamətində Türkiyə, Rusiya və İranın iştirak etdiyi “Astana formatı” çərçivəsində danışıqlar davam edir.

Açığı deyim ki, Əsədin son günlər Suriyanın şimalındakı türk hərbi varlığını hədələməsində İranın da barmağı var. Rəsmi Tehran Türkiyənin 44 günlük Qarabağ müharibəsindəki rolunu və Azərbaycanla hərbi-siyasi müstəvidə əməkdaşlığını həzm edə bilmir. Bu baxımdan, İbrahim Rəisi hökuməti Bəşər Əsədin dili ilə Türkiyəyə təzyiq edir. Şəxsən mən bunu fərqli şərh edə bilmirəm.

Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ ətrafında cari proseslər də müzakirə olunacaq.

Ancaq mən bunun müzakirə mövzuları içərisində ən vacib mövzu olacağını zənn etmirəm. Türkiyə istəyir ki, Azərbaycan hökumətinin də razılığı ilə bölgədə nəqliyyat dəhlizi həyata keçirilsin. Ermənistanın baş naziri Nikol Paşinyan da Türkiyə prezidenti ilə görüşmək istədiyini billdirir. Şəxsən mən Putinin bölgədəki nəqliyyat dəhlizinin açılmasına qarşı olduğunu düşünmürəm. Əslində, regional nəqliyyat dəhlizinin fəaliyyətə başlaması Kremlin “Şimal-Cənub” layihəsinə də uyğundur.

Bu məsələdə narazı qalan tərəf isə İran hökumətidir.

Həmişə vurğulamışam ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı ən çox rəsmi Tehranın geopolitik və geostrateji maraqlarına ziddir. İranın ən yaxşı halda Ermənistana verə biləcəyi ucuz enerjidir. Yoxsa İran şirkətləri türk şirkətləri ilə Ermənistan bazarında rəqabət edəcək gücdə deyil.

Hesab edirəm ki, Azərbaycan hökuməti də Türkiyə və Ermənistan münasibətlərinin inkişafında maraqlı olmalıdır. Hər halda, Paşinyan Türkiyə ilə münasibətləri bərpa etməkdə həvəsli görünür. Məntiqlə düşünsək, Türkiyə-Ermənistan münasibətlərin qurulması, inkişafı istər-istəməz rəsmi Ankaranın da Ermənistan dövləti üzərində təsir rıçaqlarını genişləndirəcək. Bundan da ən çox narahat olan İran hökuməti, ən çox siyasi və iqtisadi dividentlər əldə edə bilən isə Azərbaycan və Türkiyə olacaq.

Biz mütləq şəkildə Ermənistanı qismən də olsa Rusiya və İranın total təsir arealından çıxara bilərik.Bu, gələcəkdə Ermənistanın nəhayət Azərbaycan və Türkiyə ilə böyük sülh sazişinin imzalanmasına da gətirib çıxara bilər.

Fürsəti əldən verməməliyik.

Kamal Əliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button