Top.Mail.Ru
SİYASƏT

“Ermənistan ləng və əzablı şəkildə ÖLÜR…” – resept isə Bakının ƏLİNDƏ!

Azərbaycan Müzəffər Ordusu ilə vəziyyətin bütün mümkün inkişaf ssenarilərinə hazırdır; kapitulyant ölkə “çəkiclə zindan” arasında; rusiyalı politoloq: “Qarabağda əmək qabiliyyətli erməni qalmayıb…”

İşğaldan azad edilən torpaqlarımızda “Böyük Qayıdış” planına uyğun şəkildə möhtəşəm quruculuq işləri sürətlə davam edir. Bu prosesin ilk ciddi akkordu şübhəsiz ki, cəmi bir ilə inşa edilən Füzuli Beynəlxalq Hava Limanın açılışı olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağın giriş qapısı” adlandırdığı bu strateji əhəmiyyətli hava nəqliyyat qovşağının açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq ki, bu da bütün dünyaya, özəlliklə Ermənistan və onun İran başda olmaqla, irili-xırdalı havadarlarına “Böyük Qayıdış”ın geridönməzliyi barədə güclü bir ismarış olacaq.

Bununla Bakı və Ankara bir daha mesaj verəcək ki, Qarabağ məsələsi artıq bitib, bu səhifəni qatlamaq, qabağa baxmaq və erməni revanşitlərinə boş vədlər verməmək, Azərbaycanın Cənubi Qafqazdakı açar rolu ilə, Türkiyənin isə bölgədə supergüc olması faktı ilə barışmaq zamanıdır – özünün buradan çıxan nəticələri ilə birgə.

Əlbəttə ki, ilk növbədə kapitulyant Ermənistan və onun beyni zəhərlənmiş xalqı başına gələnlərdən ciddi nəticə çıxarmalı, zamanı fövtə vermədən öz əsas qonşuları ilə dil tapmağa çalışmalı, bundan ötrü isə ən əvvəl öz mənfur konstitusiyalarından iki qardaş ölkəyə qarşı əsassız ərazi iddiaları haqda bəndləri çıxarmalıdır.

Əfsus ki, ora-bura boylanan qonşu ölkədə haqqın və gerçəyin dərki olduqca ləng gedir. Demək, ermənilərin yaşadıqları faciələrin davamı istisna deyil. Bu barədə tanınmış xarici ekspertlər də zaman-zaman xəbərdarlıq edib və eləməkdədirlər…

*****

“2020-ci ildəki Qarabağ müharibəsi Azərbaycanın işğal olunmuş torpaqlarında erməni qoşunlarının total şəkildə darmadağın edilməsi, erməni cəmiyyətinin ağır mənəvi-psixoloji məğlubiyyətə uğraması ilə başa çatdı. 44 günə ermənilər üst-üstə 70% döyüş texnikasını itirdilər, fərariliklə bağlı 10 mindən çox cinayət işi açıldı. Amma müharibədəki məğlubiyyət nə bu ölkənin dövlət quruluşuna, nə ideologiyasına, nə siyasi rejiminə, nə də onun dövlətçiliyinin konstitusiya əsaslarına təsir göstərdi”.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oleq Kuznetsov

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış tarixçi-alim və politoloq, hərbi ekspert Oleq Kuznetsov Axar.az-a açıqlamasında deyib.

Fikrinı davam edən ekspert bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı müharibənin siyasi yekunlarını hüquqi cəhətdən möhkəmlətmək üçün sülh müqaviləsi imzalamağa çağırır, lakin cavabında yalnız ATƏT-in Minsk Qrupu formatında danışıqlarda iştirak etmək təklifi gəlir. Əslində bu gün Ermənistan 1994-cü il Bişkek sənədinin imzalanmasından sonra Azərbaycanın düşdüyü vəziyyətdədir”.

Bu səbəbə politoloq hesab edir ki, Qarabağ probleminin siyasi səviyyədə yekun həllinə hələ var. “Mən dəfələrlə demişəm, münaqişənin tam həlli naminə, Azərbaycanın həm Xankəndinə, həm Ermənistandakı eksklavlarına, həm də Zəngəzur nəqliyyat dəhlizinə nəzarət etmək üçün yeni müharibəyə və ya irimiqyaslı antiterror əməliyyatlarına gedəcəyini istisna etmirəm”, – deyə qeyd edib.

Politoloq sonuncu variantın Ermənistan üçün daha ağır nəticələr doğuracağına şübhə eləmir: “Artıq bir neçə ildir ki, Ermənistanın ölkə kimi mövcudluğunun strateji bir perspektivini görmürəm. Ötən il Qarabağda erməni ordusunun darmadağın edilməsi bu tendensiyanı yalnız gücləndirib. Əgər Azərbaycan öz sərhədlərinin xarici perimetrini silah gücü ilə bərpa edib Naxçıvana dəhliz açarsa, Ermənistanın boşalması xaotik şəkil alacaq və 15-20 ildən sonra bu ölkədə əmək qabiliyyətli və reproduktiv əhali qalmayacaq. Demək olar ki, artıq Qarabağda əmək qabiliyyətli erməni qalmayıb”.

Onun sözlərinə görə, son 30 ildə Ermənistanın strategiyası öz ölkəsinin və işğal olunmuş Azərbaycan ərazilərinin resurslarını qarət etmək, insan resurslarını və kapitalını xaricə çıxarmaqla diasporunu zənginləşdirmək olub ki, bu da ermənilərin özləri üçün sadəcə olaraq acınacaqlı deyil, məhvedici nəticələrə gətirib çıxarıb: “Anladığım kimi, geriyə dönüş nöqtəsi onlar üçün artıq keçilib, indi biz bu ölkənin ləng, əzab-əziyyətli ölümünü müşahidə edirik”.

*****

Ancaq bu “ləng, əzab-əziyyətli ölüm”ün qarşısını almaq mümkündür. “Resept” isə məhz “müalicə həkimləri”nin – Bakı və Ankaranın əlindədir. Yetər ki, “pasiyent”, yəni Ermənistan qoyulan dəqiq diaqnozu, yəni özünün ağır xəstəliyə mübtəla olduğunu boynuna alsın və Bakı və Ankaradan kömək istəsin, kardinal “müalicəyə” razılıq versin. Bunun əvəzinə öz dərdinin dərmanını boş yerə Qərbdə – Fransada, ABŞ-da, lap elə Rusiyada, İranda axtarmaqla qiymətli zamanı itirməsin. Sonuncular Ermənistanın dərdinə əlac edən olsaydılar, bunu 30 ildə edərdilər.

“Azərbaycan Zəngəzur dəhlizindən istifadə edərək bölgəni sabitləşdirmək, xarici sərmayələri Ermənistanın xeyrinə cəlb etmək üçün bir stimul verib. Bu, Ermənistanın Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və ya Bakı-Tiflis-Qars dəmiryolu kimi böyük layihələrdən kənarlaşdırıldığı vaxtdan tamamilə fərqli vəziyyətdir. İndi Azərbaycan istəyir ki, Ermənistan belə layihələrdə iştirak etsin. Ermənistan üçün siyasi olaraq bu böyük imkanı qəbul etmək qaçılmazdır”.

Metyu Brayza: Ermənistanın Dağlıq Qarabağı məskunlaşdırması... - "İki sahil"

Metyu Brayza 

Bu fikri isə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza söyləyib.

Onun qənaətincə, Ermənistan 10 noyabr üçtərəfli bəyannaməsinin bütün bölgədəki nəqliyyat əlaqələrinin yenidən açıldığını nəzərdə tutan 9-cu bəndini yerinə yetirməyin onun maraqlarına uyğun olduğunu görəcək. “Bu, Ermənistanın regional iqtisadiyyata və hətta regiondan kənara belə yenidən inteqrasiya etməsi, iqtisadi artımı, rifahı və iş yerlərini təmin etməsi üçün böyük bir fürsətdir. Və düşünürəm ki, Paşinyanın rəqiblərinin çox olmasına baxmayaraq, iyun ayında yenidən seçilməsini nəzərə alsaq, Ermənistanda siyasi hərəkat yaxşılaşır. Düzünü desəm, Nikolun siyasi ehtirasının uzun sürməyəcəyini düşünürəm”, – Brayza vurğulayıb.

O ki qaldı son vaxtlar haqqında tez-tez danışılan yeni müharibə  ehtimalına, sabiq diplomata görə, Azərbaycanla Ermənistan arasında gələcəkdə heç bir müharibə olmayacaq: “Çünki Ermənistan müharibə aparmaq iqtidarında deyil. Azərbaycan isə bunu istəmir. Rusiya və Türkiyə də öz növbəsində müharibədə maraqlı deyil. Beləliklə, yeni müharibənin başlama şansı yoxdur”.

*****

44 günlük müharibə nəticəsində Ermənistan iqtisadiyyatı və sosial həyatında yaranan faciəli vəziyyət hələ aradan qalxmayıb. “Aysor” nəşri xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

O, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri ilə daxili siyasi böhranın aradan qalxdığını söyləyib: “Təhlükəsizliyə böyük diqqət yetirəcəyik. Çünki onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil. Bu mənada təkcə ordunun, müdafiə qabiliyyətinin modernləşdirilməsi deyil, həm də Ermənistan ətrafında əlverişli xarici mühitin yaradılması, Ermənistan, Qarabağ və region üçün dinc inkişaf dövrünün açılması gündəminin ardıcıl şəkildə həyata keçirilməsi lazımdır”.

Regional sabitlikdən danışarkən baş nazir, kommunikasiyaların açılması və inkişaf etdirilməsi məsələsinin vacibliyini qeyd edib. Paşinyan vurğulayıb ki, bu məsələnin həlli Ermənistan iqtisadiyyatının inkişafı üçün əlavə stimul yaradacaq, iqtisadi artımı təmin edəcək və ölkənin xarici investisiyalar üçün cəlbediciliyini artıracaq.

*****

Qalib Azərbaycan isə özünün Müzəffər Ordusu ilə bütün ssenarilərə hazırıdır və mükəmməl şəkildə işlənmiş “B planı” da, “C planı”na da sahibdir. Ən əsası, dinc dönəm üçün də, yeni müharibə variantı üçün də əlahəzrət haqq və üstün iqtisadi-hərbi güc bizim tərəfdədir və bu gerçəyi  Ermənistan heç vaxt dəyişdirə bilməyəcək – öz tərəfinə israrla Qərbi, Rusiyanı, İranı çəkməyə çalışsa belə.

Əslində kapitulyant ölkə müharibədən sonra da öz günahı üzündən “çəkiclə zindan” arasındadır: aşağıda da qalsa zərbə yeyəcək, başını qaldırsa da. Demək, xilas yolu təcili şəkildə belə durumdan, “çəkiclə zindan” arasından çıxmaq və Bakı və Ankaradan acizanə şəkildə imdad diləməkdir… //musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button