Top.Mail.Ru
SİYASƏT

ŞOK İDDİA – İsrail və Türkiyə gizli danışıqlar aparır?

“Al Monitor” nəşri Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanın Türkiyənin İsrail ilə münasibətlərini düzəltmək üçün bir müddət əvvəl fəaliyyətə keçdiyini və gizli danışıqlara başladığını yazıb.

Sfera.az xəbər verir ki, məqalənin müəllifi, jurnalist Amberin Zaman İsrail ilə Türkiyə arasında son həftələrdə baş tutan görüşlərin ən azı birində Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın iştirak etdiyini yazıb. Görüşün yeri barədə məlumat verilməyib.

Hökumətlərin tez-tez kəşfiyyatla əlaqəli mövzularda rəsmi açıqlamalardan yayındıqları qeyd olunub. “Al Monitor”a danışan qaynaqlardan biri təmaslar haqqında ətraflı məlumat vermədən “Görüşlər davam edir” deyə vurğulayıb.

2018-ci ildə İsrailin Qəzza şəhərinə qanlı hücumları və ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə daşıma qərarından sonra Türkiyə ölkədəki İsrail səfirliyinə qapını göstərmişdi. Bu hadisədən sonra iki ölkənin də digər tərəfdə səfiri mövcud olmayıb.

Yazıda H. Fidanın daha əvvəl də İsrail rəsmiləri ilə bəzi görüşlər keçirdiyi qeyd olunub. Bu görüşmələrin Suriya və Liviyada birgə təhlükəsizlik məsələsini əhatə etdiyi bildirilir. Qaynaqlara görə, son görüşlər xüsusi ilə diplomatik əlaqələrin yenidən səfir səviyyəsinə yüksəlməsi məqsədi daşıyır.

2016-cı ildən bəri suriyalı kürdlərə qarşı üç hərbi əməliyyat gerçəkləşdirən, Liviyaya hərbçi və suriyalı muzdlu döyüşçülər göndərən, Egey və Aralıq dənizində Yunanıstanla qarşı-qarşıya gələn Ankara gələcək Co Bayden rəhbərliyinin prezident Rəcəb Tayyib Ərdoğanın Donald Tramp administrasiyası qədər sərt davranışa dözməyəcəyindən narahatdır. Əsas narahatlıq, Rusiyadan satın alınan S-400 raketləri və dövlətə məxsus “Halkbank”ın İranın milyardlarla dollarlıq qanunsuz “neft qarşılığında qızıl” siyasəti ilə əlaqəli ticarəti asanlaşdırmasına görə Baydenin Tramp kimi Türkiyəyə qarşı sərt mövqe göstərə biləcəyi ilə bağlıdır.

Adının gizli qalmasını istəyən qərbli dövlət rəsmisi Türkiyənin İsraillə bağlı gedişini “İsraillə aranı düzəltmək Baydenin komandasına xoş görünməyə hesablanıb” deyərək şərh edib.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş elmi işçisi Qallia Lindenstrauss da yeni bir səhifə açmaq üçün fürsət yarandığını düşünür:

“Hər iki dövlət səfiri geri göndərməyin önəmini şişirtməsə yaxşı olar. Münasibətlər 2018-ci ildə rəsmi olaraq dayandırılmadığı üçün diplomatik protokol baxımından bu sadə bir addım olacaq. Hər iki tərəf bunu gələcək Bayden rəhbərliyinə xoşməramlı addım kimi təqdim edə bilər. Çünki Bayden rəhbərliyinin İsrail -Türkiyə gərginliyini azaltmağa istəkli olması gözlənilir. Tramp administrasiyasının belə bir gündəmi olmamışdı. Türkiyənin indiki mərhələdə görə biləcəyi və İsrailin istədiyi əsas iş Həmasın türk torpaqlarını İsrail və Fələstinə qarşı terror fəaliyyətlərini təşkilatlandırmaq üçün istifadə etməyəcəyinə təminat verilməsidir. Bu kimi sözlərin daha əvvəl İsrailə verilsə də, sonradan tutulmadığı iddia olunub”.

Məqalədə Türkiyə və İsrailin siyasi gərginliyə baxmayaraq ticarət münasibətlərini qoruduğuna diqqət çəkilib.

Türkiyənin regiondakı siyasətini keçmiş Osmanlı torpaqlarına iddia kimi dəyərləndirənlər olsa da, ABŞ-ın bölgədəki diplomatik və hərbi nüfuzunun azalmasının Ankaranın işini asanlaşdırdığı da vurğulanır. Məqalədə bildirilir ki, Türkiyə Liviyadakı Milli Konsensus Hökümətini rəqiblərinin pəncəsindən qurtarmağa, Azərbaycanın Ermənistanı məğlub etməsinə – İsrail kimi – yardım edərək uğurlu oldu. Bununla yanaşı həm də yalnız qaldı. İsrail, Misir, Yunanıstan və Şimali Kipr öz aralarında bir sıra iqtisadi və hərbi anlaşmaya imza ataraq mübahisəli Aralıq dənizi sularında qaz axtarışlarını davam etdirən Ankaraya qarşı birləşdilər.

Daha geniş bir kontekstdə Səudiyyə Ərəbistanı, Fransa və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyənin hərbi qüvvələrini Şərqi Aralıq dənizinə və Afrika Buynuzuna yaymaqla bölgəyə nüfuz etməyə çalışan Ərdoğanı cilovlamağa çalışırlar.

BƏƏ və Bəhreynin bu hesabların bir parçası olan İsraillə diplomatik əlaqələr qurması Vaşinqton tərəfindən müsbət xallar almasına, Türkiyənin isə meydanda tək görünməsinə səbəb oldu.

Ərdoğanın zolağı dəyişdirmək səyləri, Türkiyənin artan iqtisadi çətinliklərindən qaynaqlanır. ABŞ və Avropa Birliyi tərəfindən sanksiyalar tətbiq olunarsa, Qətərin davamlı səxavətinə baxmayaraq bu problemlər daha da dərinləşəcək.

Türkiyənin bütün bunları nəzər alaraq İsraillə əlaqələri yaxşılaşdıracağı iddia edilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button