Top.Mail.Ru

bannerSİYASƏT

ABŞ Rusiyaya QARŞI: Putinin saziş layihəsinin qəbulu NATO-nun SONU OLACAQ – ŞƏRH

“Nə ABŞ, nə də NATO ölkələri hərb meydanında Rusiya ilə qarşı-qarşıya gəlmək istəməzlər…”

“Əgər Rusiya qaz axınını dayandırsa, Avropada qazın qiyməti bir xeyli artar və daxili auditoriya üçün çox çətin vəziyyət yaranar…”

“Rusiya şərtlər qoyursa, qoyulan şərtləri də gözə almalıdır…”

Loading...

Hazırda, Rusiya ilə Ukrayna arasındakı gərginlik iki nəhəngi – NATO və Rusiyanı qarşı-qarşıya qoyub. Arxasında NATO ölkələrinin, xüsusilə ABŞ-ın olduğunu düşünən Ukrayna isə Rusiya ilə müharibə həddinə çatıb.

Vəziyyətin tam ciddi fazasında, müharibə astanasında olan Rusiya NATO ilə danışıqlar aparmaq üçün razılıq verdi.

Bu situasiyada cavabı hər kəsi maraqlandıran suallar ortaya çıxır. NATO-nun Ukrayna ilə etibarlı müttəfiqlik münasibətləri özünü necə göstərəcək? İkinci məsələ, Rusiya hər hansı səbəbdən həqiqətən Ukrayna ilə savaşa girəcəkmi? Prezident Putin və Müdafiə naziri Şoyqunun açıqlamaları təhdid yoxsa anonsdur? Üçüncü məsələ, yanvarda planlaşdılıran Rusiya-NATO görüşü siyasi arenada qəzəbli tərəflərin yumşalmasına zəmin yaradacaq? Yoxsa, müharibə tək çıxış yolu kimi qəbul ediləcək?

Bu barədə KAİM.az-a siyasi ekspert Elman Vəliyev açıqlama verib.

O bildirib ki, nə ABŞ, nə də NATO ölkələri hərb meydanında Rusiya ilə qarşı-qarşıya gəlmək istəməzlər:

“Onlar yaxşı dərk edirlər ki, Rusiya ilə hərb meydanında qalibgəlmə şansları azdır. Prezident Vladimir Putin də göz dağı vermək məqsədilə çıxış edərək bildirdi ki, Rusiyaya müharibədə qalib gəlmək olmaz, ancaq daxildən parçalamaq mümkündür. Həqiqətən bu real faktdır. Necə ki, SSRİ-ni soyuq savaşla parçalamışdılar… Biz bunu 2014-cü ildə Rusiyanın Krım ilhaqında da gördük. Bəs o zaman bu iki güc niyə Rusiyanı hədələyir? Cavabı bəsitdir, Rusiyadan ehtiyat etdikləri üçün. Ukrayna məsələsi sadəcə bəhanədir. Rusiyanın qlobal gücə çevrilməsini bu ölkələrin heç biri istəmir. Əgər Rusiya ilə Ukrayna arasında savaş olsa, ehtimal edirəm ki, bu dəfə öz maraqlarının böyük təhdid altında qaldıqlarını nəzərə alaraq 2014-cü ildəki siyasətdən fəqli bir format sərgiləyərlər.”

Ekspertin fikrincə, Rusiyanın Ukrayna ilə sərhədə silah-sursat və canlı qüvvə yığmaqda məqsədi də ehtiyatı əldən verməməkdir. Putin koalisiya qüvvələrinin Kreml siyasətinə maneə olmasının qarşısını da bu yolla almaq istəyir. Rusiyanın bu dəfə daha tədbirli davranmasının səbəbi isə, Ukrayna məsələsində ciddi problemlərlə rastlaşmasıdır:
“Rusiya özünü keçmiş SSRİ-nin varisi elan edib və indiki siyasəti də həmin əraziləri nəzarətdə saxlamaqdır. Bu siyasətdə “yumşaq güc”, “diplomatik dil” vasitələrindən məharətlə istifadə etməkdədir. Putin bu ünsürlərdən istifadə edərək Belarusu himayəyə götürdü. Ancaq Ukraynaya gələndə daha ciddi maneələrə rast gəldi. Rusiya məkrli siyasəti ilə çoxlarını (xüsusilə, ABŞ və NATO ölkələri) narahat etdiyinin fərqindədir. Ukrayna ilə sərhədə ordu və döyüş ləvazimatlarının yerləşdirilməsinin əsas səbəbi də elə budur. Putin bu yolla psixoloji təzyiq göstərmiş olur, yəni görsünlər ki, Rusiya zarafat eləmir, istədiyini etmək qabiliyyətinə malikdir.

Digər tərəfdən Rusiya müharibə vəziyyətinin yarandığı təqdirdə koalisiya qüvvələrinin böyük problem yaradacağının fərqindədir.”

Siyasi ekspert Elman Vəliyev yanvarda Rusiya ilə Şimali Atlantika alyansı arasında önəmli məsələlərin müzakirə edilməsi üçün təyin olunan görüş haqqında da fikirlərini bölüşüb. Görüşdən əvvəl yaranmış situasiyanı və Rusiyanın diqtə etdiyi şərtləri belə şərh edib:

“Rusiyanın NATO-ya qarşı əsas şərtləri bunlardır:

  • NATO-nun daha da genişlənməsi və Ukraynanın alyansda iştirakının rədd edilməsi;
  • NATO-nun Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada bütün hərbi fəaliyyətlərinin dayandırılması;
  • Qarşı tərəfin ərazisini vura bilən orta və qısa mənzilli raketləri yerləşdirməmək;
  • Razılaşdırılmış sərhəd zonasında birdən çox hərbi briqada ilə təlimlərin keçirilməməsi və hərbi təlimlər haqqında mütəmadi məlumat mübadiləsi;
  • Tərəflərin bir-birini düşmən kimi görmədiyini təsdiq edərək bütün mübahisələri sülh yolu ilə həll etmək və güc tətbiq etməkdən çəkinmək;
  • Qarşı tərəf tərəfindən təhdid kimi qəbul edilə biləcək şərait yaratmamaq öhdəliyi;
  • Fövqəladə hallar üçün rabitə xətlərinin yaradılması;

Rusiya bu şərtlərin qəbul edilməsi üçün ağır təzyiqlər göstərir və bəyan edir ki, razı olmasanız Avropada nüvə raketləri yerləşdirə bilərik. Xatırladım ki, onlar bunu 1961-ci ildə Kubada  etmişdilər. Putin təzyiq ünsürü kimi “qaz” faktorunu da dilə gətirir. Əgər Rusiya qaz axınını dayandırsa, Avropada qazın qiyməti bir xeyli artar və daxili auditoriya üçün çox çətin vəziyyət yaranar.”

Ekspert “saziş layihəsi”nin qəbulunu NATO-nun uçuruma getməsi kimi qiymətləndirsə də, Rusiyanın müəyyən kompromislərə gedəcəyini düşünür:

“Zənn etmirəm ki, görüşdə bu şərtlərin hamısı qəbul edilsin. Lakin, qarşı tərəf görüşə razılıq veribsə deməli, bəzi məsələlərə razılaşmağa hazırdır. Amma, Ukraynanın NATO-ya üzv qəbul edilməməsi, NATO-nun şərtlərdə qeyd olunan ərazilərdə hərbi əməliiyatları dayandırması Rusiyaya boyun əyməsi deməkdir. Əlbəttə ki, görüş kompromis əsasında olacaq. Rusiya şərtlər qoyursa, qoyulan şərtləri də gözə almalıdır.”

Kənan Bahadır

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button