Top.Mail.Ru
SİYASƏT

Bakı Zirvəsindən “iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən” ölkəyə nöqtəli zərbələr

Ötən həftə Azərbaycanın başkəndi daha bir zirvəyə evsahibliyi etdi. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü müttəfiq ölkələri bir araya gətirdi. 2023-cü il SPECA-nın 25-ci ildönümüdür, amma üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirildi, özü də Azərbaycanın SPECA-ya sədrlik etdiyi zaman.

Saytların yığılması Saytların yığılması

Azərbaycanın bölgədəki mühüm rolu, missiyası və “olmazsa, olmaz”ı barədə illərdir hətta regiondan çox uzaq olan ölkələrin liderləri tərəfindən etiraflar dilə gətirilir. Bu mənada bölgəmizlə, həm də ölkəmizlə birbaşa və dolayısı ilə bağlı olan dövlətlərin Azərbaycana marağı, həmçinin yüksək dəyər verməsi tamamilə təbiidir. Elə məhz bu dəyərləndirmənin məntiqi nəticəsidir ki, Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dərhal dəstəklənib və ən yüksək səviyyələrdə iştirak təmin edilib. Dünyanın indiki narahat vaxtında az-az ölkələrin paytaxtları eyni zamanda, eyni tədbirdə bu qədər sayda dövlət və hökumət başçılarını qonaq edir, Azərbaycan yenə də fərqləndi.

Azərbaycanın Mərkəzi Asiya ölkələri, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Odur ki, sözügedən ölkələrin liderlərinin Bakıya təşrif buyurması əməkdaşlığı, bütün müstəvilərdə əlaqələrin daha da irəli aparmasına stimul verən hadisədir.

Eyni zamanda dost Macarıstan və Gürcüstanın hökumət baçılarının Azərbaycan paytaxtındakı mühüm tədbirdə iştirakı əlaqə orbitinin genişlənməsi imkanlarını artırır. Heç şübhəsiz ki, yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin də fəxri qonaqlar qismində iştirakı SPECA-nın perspektivdə daha da böyüyəcəyinə, bu tərkibdə keçirilən Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağına şübhə yeri qoymur.

Dövlət başçımızın qeyd etdiyi kimi, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Hələ kövrək addımlar atılırdı. Amma artıq postsovet məkanının müstəqil ölkələri tarixin bu, qısa dövründə uzun,  kəşməkəşli yol keçiblər, ayaqları üstündə dayanmağı bacarıblar, zəfərlərə imza atan ölkələrin səsi-sorağı dünyaya yayılıb. Bu mənada bəli, son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvədəki çıxışında bildirdi ki, ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Heç şübhəsiz, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Sitat: “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.

post-img

Amma heç şübhəsiz uğursuz ölkələr də var, hansısa “ağa”ya, “bacı”ya yarınmaqla, qonşularına xəyanət etməklə, ərazisini poliqona çevirib, regional sülhü, sabitliyi təhlükəyə atmaqla, “nala-mıxa vurma siyasəti” ilə qeyri-ciddiliyin təkinə yuvarlanan birisi də bizim qonşuluqda…Ölkə başçısı sərrast şəkildə ifadə etdi həmin ölkənin gün-güzəranını. Əslində nöqtəli zərbələr endirdi Bakı Zirvəsindən: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”. Bəli, marionüet Ermənistandan fərqli olaraq SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır, bu bağları qırmağa çalışanların cəhdləri tarix boyunca uğursuzluğa düçar olub. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub ki, bütün bunlar ölkəmizi Mərkəzi Asiya ölkələri üçün də uğurlu tranzit rolu oynayan ünvana çevirib. Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.  Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulan Azərbaycanla əməkdaşlıq SPECA ölkələri üçün də önəm kəsb edir. Yatırılan investisiyanın 200 milyard dollarının qeyri-enerji sektorunun payına düşməsi də ciddi rəqəmdir və ölkəmizin cəlbediciliyini artırır.

SPECA Chairmanship transferred from Azerbaijan to Tajikistan

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan SPECA-nın üzvü olan ölkələr tərəfindən həlli vacib məsələlərin müzakirəsi baxımından Bakı Zirvəsinin önəmindən bəhs etdi. Sitat: “İcazə verin, mən öz çıxışıma Azərbaycan Respublikasına və xüsusən də cənab Prezident Əliyevə bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə və tədbiri – bu Sammiti və ümumiyyətlə SPECA həftəsini yüksək səviyyədə təşkil etdiklərinə görə minnətdarlığımı bildirim. Bildiyiniz kimi, SPECA 25 ildən sonra bu tədbirlərlə yenə də yeni təkan qazanır. Bildiyiniz kimi, bu yaxınlarda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş sessiyasında SPECA ilə bağlı xüsusi qətnamə qəbul olunmuşdur. Belə mühüm bir tarixlə mən Azərbaycanı və bütün digər iştirakçıları təbrik etmək istəyirəm”. Bu münasibət Azərbaycanın uğurlu, etibarlı tərəfdaş olmasının, həmçinin yüksək səviyyədə sədrlik missiyasının təsdiqidir. Azərbaycanın Qoşulmama Hərəkatına iki dönəm yüksək səviyyədə sədrlik etməsi, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi sədrliyi kimi nümunələr də var. Kəsəsi, Azərbaycanla əməkdaşlıqdan kimsə uduzmaz, əksinə, qazanar. Çünki Azərbaycan sözü ilə imzası vəhdət təşkil edən ölkədir!

Bakı Zirvəsində dövlət başçımız daha bir uğurlu əməkdaşlıq platformasında Azərbaycan həqiqətlərinin çatdırılması üçün istifadə etdi. Bu, hələ də Azərbaycana qarşı dezinformasiya “savaşı” aparan, bir sıra hallarda beynəlxalq təşkilatların və bəzi paytaxtların anti-Azərbaycan ritorikasının işinə yarayan Ermənistanın ifşası baxımından olduqca önəmli idi. Ölkə rəhbəri xatırlatdı ki, müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdu. Lakin 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. Sitat: “2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq”.

SPECA member-countries exhibition kicks off in Baku (PHOTO SPREAD)

Azərbaycanın iki əsrə bərabər möhtəşəm qələbəsinin əldə olunması barədə xronologiyanı qısa şəkildə çatdıran dövlət başçımız çox mühüm və incə bir məqama da toxundu, “Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm”-deməklə Azərbaycanın gerçəkdən yanında olanlara heç nəyi unutmadığımızı bildirmiş oldu. Bu dəyərləndirmə həm də Azərbaycanın tarixi zəfərini və ədalətli savaşdakı qalibiyyətini görməzdən, eşitməzdən gələnlərə diplomatik ismarıc sayılmalıdır.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə bizim qədər sevinən ölkələrin həm də quruculuq prosesində iştirakı da tarixi hadisədir, biz bu barədə addımları da unutmayacağıq, necə ki, cənab prezident bildirdi. Xatırlatdı ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Və qardaş köməyinin yüksək platformada elanı: “Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi – Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm”. Qarabağı, Şərqi Zəngəzuru vandallıqla dağıdan Ermənistan üçün ölümə bərabərdir bu iki fakt. Onun işğalçı, terrorçu dəstələrinin yer üzündə sildiyi məktəbləri, yaradıcılıq mərkəzlərini…Azərbaycanla yanaşı, qardaş, müttəfiq ölkələr yenidən tikirlər! Tarix boyunca hər zaman xatırlanacaq bu kimi faktlar. Şübhəmiz yoxdur ki, belə nümunələr getdikcə artacaq, çünki Azərbaycanın dostları kifayət qədər çoxdur və onlar ədalətin yanındadırlar.

Ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarındakı yeri, rolu, önəmi artdıqca əməkdaşlığımız dərinləşir, eyni zamanda fakt qarşısında qalan beynəlxalq təşkilatlar da reallığa uyğun davranmalı olurlar. Təsadüfi deyil ki, bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar məmnunluq doğuran qətnaməni qəbul edib. Eyni zamanda BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycanın Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracağını elan etməsi də ölkəmizin beynəlxalq təşəbbüslərdə iştirakının növbəti əyani sübutudur. Heç şübhəsiz ki, SPECA həftəsində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Bakı Zirvəsi ikitərəfli görüşlər və danışıqlar üçün də platforma oldu. Bu, əməkdaşlığın daha da irəli aparılması, hansısa narahatedici məsələlər varsa – məsələn, Gürcüstanla bağlı – onların aşkarlanması, ortadan qaldırılması baxımından da faydalı hesab edilməlidir.

Elşad Paşasoy,
Musavat.com

Bənzər yazılar