Top.Mail.Ru
SİYASƏT

Brüssel oyununa qarşı BAKI QƏTİYYƏTİ

Sabah, aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələcəklər.

“Konfrans” adlanan bu görüşün başlıca məqsədi Qərbin Ermənistana siyasi, iqtisadi, texniki, maliyyə, ələlxüsus da hərbi dəstəyinin çeşidinin, formatının və miqyasının müəyyənləşdirilməsidir.

Saytların yığılması Saytların yığılması

Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanması prosesində İrəvanın son aylarda fasiləsiz süni maneələr yaratması, şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini maksimum dərəcədə uzatmağa çalışması artıq rutin prosesə çevrilib.

Ermənistanın baş naziri Nikol Paşinyanı cürətləndirən nüanslar Fransanın ermənilərə verdiyi şəksiz və sərhədsiz dəstək, habelə ABŞ və Avropa İttifaqının da İrəvanın tələblərinin “real” olduğunu bəzən üstüörtülü, bəzənsə aşkar bəyan etmələridir.

Parisin, Vaşinqtonun və ya Brüsselin ermənilərin təhlükəsizliyi ilə bağlı istənilən formada “təminat”lar verməsi spontan proses deyil. Parisdən sonra Vaşinqtonla Brüssel də Ermənistan ordusunun sürətlə silahlandırılmasında İrəvana hərbi-texniki dəstək vəd ediblər.

Qərbin Ermənistana hamilik etməsi İrəvanın mövqelərinə avtomatik təsir göstərəcək və Paşinyan administrasiyası sülh danışıqlarındakı mövqeyini daha da sərtləşdirəcək.

Daha doğrusu, İrəvanın onsuz da reallıqdan uzaq, siyasi məntiqlə bir araya sığmayan və yalnız ibarəli söz yığını ilə pərdələnən məramları daha da aqressivləşəcək.

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Brüssel toplantısının “regionda heç bir dövlətin, xüsusilə də Azərbaycanın maraqlarına qarşı olmadığını” israrla vurğulasa da, əsla belə deyil.

İrəvan sülhə meylli olduğunu bəyan edir və Qərb də açıqlamaları az qala bütünlüklə təsdiqləyir, Ermənistanın sülh sazişi imzalamaq üçün “gərəkli addımlar” atdığını vurğulayır. Elə bu səbəbdən də Ermənistanın Avropa İttifaqına mərhələli inteqrasiyasının dəstəklənməli və sürətləndirilməli proses olduğu deyilir.

Sözlərlə reallıq arasında ciddi fərq mövcuddur.

Belə ki, Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, ölkəmizin ərazisinin bir hissəsinin “erməni torpağı” sayılması faktı hələ də qanunverici ünsür qismində qalır.

Ali qanununda Azərbaycana qarşı iddiaların yer aldığı dövlətin hansı sülhdən və necə bəhs etməsi yetərincə maraqlıdır, amma görünür, bəhs etdiyimiz məqamı Vaşinqtonla Brüssel önəmsiz hesab edirlər.

Ermənistan 30 ildən bəri işğalda saxladığı 8 kəndimizi hələ də azad etməyib, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiya prosesinə başlamaqdan bütün vasitələrlə yayınır, regional kommunikasiyaların bərpasına can atmır, Zəngəzür dəhlizi layihəsini qəbul etmir və sadalanan məqamlarla bahəm, sürətlə silahlanmaqdadır.

Eyni zamanda, Ermənistanın hakimiyyət dairələri qarabağlı ermənilərin bu ölkə ərazisindəki “hökumət” adlandırılan separatçı yığnağının fəaliyyətini yasaqlamır.

Xankəndindəki sabiq separatçı xuntanın keçmiş başçısı Samvel Şahramanyana İrəvanda bina ayrılıb, binanın da girişində xuntanın simvolikası var. Nikol Paşinyan “Ermənistanda sadəcə, bir hökumət var: hansısa başqa “sürgündə olan hökümmət”in mövcudluğu qanunsuzdur və bizi təhlükələrlə üzləşdirə bilər” desə də, S.Şahramanyanın destruktiv fəaliyyəti qanunvericilik çərçivəsində dayandırılmayıb.

İrəvanın ritorikasının aqressivləşəcəyi, bəyanatlarının sərtləşəcəyi və Nikol Paşinyanın özgüvən hissinin meqalomanlıq illziyasın həddinə çatacağı təqdirdə rəsmi Bakı adekvat addımlar atmaq məcburiyyətində qalacaq. Belə addımları İrəvanın indiki siyasəti və perspektivə hesablanmış planları zəruri edir.

Entoni Blinkenin dünən Azərbaycan Prezidenti İlham əliyevə zəng etməsi və Brüssel görüşü barədə məlumat verməsi əslində Vaşinqtonun danılmaz gerçəyi qəbul etməyə başqladığını göstərir.

O gerçəklik sadədir: Cənubi Qafqaz bölgəsindəki proseslərlə bağlı heç bir halda Azərbaycanın mövqeyi gözardı edilə bilməz.

Blinkenin “Brüssel görüşü Azərbaycana qarşı yönəlməyib” iddiası da yanlışdır və yumşaq desək, həqiqətə uyğun deyil.

Azərbaycan ərazilərinin 20 faizini 30 il işğalda saxlayan, İkinci Qarabağ Müharibəsindən sonra bölgədə formalaşmış yeni geosiyasi reallıqları qəbul etməyən və barışmaq istəməyən Ermənistanın MDB məkanı daxilində indiyədək misli görünməmiş miqyasda, formada və həcmdə dəstək vədləri alması bölgə üçün təhlükəlidir.

Təbii ki, Bakı baş verənləri soyuqqanlıqla seyr edə bilməz.

ABŞ, Fransa və Avropa İttifaqı subyektiv, birtərəfli, Ermənistanın və ermənilərin aşkar şəkildə dəstəklənməsindən ibarət olan siyasəti ilə Cənubi Qafqazda regional stabillik əvəzinə, gərginliyin pik həddinə çatmasına, qarşıdurmalar yaranmasına səbəb olacaq.

O da aydındır ki, aprelin 5-dən sonra ABŞ və Avropa İttifaqı, xüsusilə də Fransa Ermənistan ərazisinə daha rahat giriş əldə etməyə çalışacaq.

Belə giriş yalnız Türkiyə ərazisindən mümkün ola bildiyindən Qərbin rəsmi Ankaraya təzyiq cəhdləri artacaq. ABŞ və Avropa İttifaqının əsas məqsədi Ankaranı ermənilərlə razılaşmağa vadar etmək, belə razılaşmanın Azərbaycan-Ermənistan danışıqları və kontekstindən kənar baş tutmasına nail olmaqdır.

Qərb 13 il əvvəl Sürix protoklları vasitəsilə belə cəhdə əl atmışdı. Amma Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın sərt, prinsipial və qətiyyətli mövqeləri nəticəsində Qərbin planları alt-üst olmuşdu.

Qərb Ermənistana istədiyi vədləri verərək yardımlar göstərə bilər.

Şuşa bəyannaməsinə uyğun olaraq, Bakı və Ankara paralel yox, birgə qərarlar verib, birgə addımlar atacaqlar.

Yəni bölgədə stabillik bərqərar olmayınca, sülh müqaviləsi imzalanmayınca nə Türkiyə Ermənistanla sərhədlərini açacaq, nə də Azərbaycan ermənilərin regional layihələrə qatılmasına imkan verəcək.

Qərbin bölgədəki oyunları aktivləşəcək, təzyiq cəhdləri güclənəcək.

Amma Qərb qarşısında tam suveren və müstəqil xarici siyasət yürüdən, erməni revanşizminin regionu yeni təhlükə ocağına çevirməsinə imkan verməyəcək Azərbaycanı görəcək.

Bu qədər bəsit.

Elçin Alıoğlu

Bənzər yazılar

Bunu da oxu
Close