Top.Mail.Ru
SİYASƏT

Siyasi əxlaqsızlıq Türkofobiyaya bulaşanda… – Qatığın ağ olduğunu Qərbə necə isbatlamalı?

Fransa və ABŞ daxil, Qərbin bəzi dövlətləri 44+1 günlük savaşda Azərbaycanın möhtəşəm qələbəsini heç cür “həzm edə” bilmir. Halbuki yeganə “günahımız” erməni işğalını silah gücünə bitirib ərazi bütövlüyümüzü və suverenliyini bərpa eləməyimizdir. Biz nə Ermənistan ərazisinə girib-eləmişik, – buna imkanımız və hətta haqqımız ola-ola, – nə də ermənilər kimi soyqırımları, etnik təmizləmələr törətmişik.

Paradoks həm də ondadır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi elə həmin Qərb dövlətləri tərəfindən formal olaraq şübhə altına qoyulmur. Əks təqdirdə bu ölkələrin, o sırada Fransa və ABŞ-ın Bakıda səfirlikləri fəaliyyət göstərməzdi.

Saytların yığılması Saytların yığılması

Bəllidir ki, diplomatik nümayəndəlik ikitərəfli müqavilələr əsasında qurulur. Hansı sənədlərdə ki, ərazi bütövlüyü və sərhəd toxunulmazlığına qarşılıqlı hörmət “qırmızı xətt” kimi keçir. Ermənistanla da eyni sənəd imzalanarsa, təbii ki, Bakıda onun da səfirliyi açıla bilər.

Elə isə “o nə pəhriz, bu nə turşu”? Fransa Senatı, Makron bizə, Azərbaycan xalqına nə verib ala bilmir? Hər halda daha çox, biz fransızlara (fayda) vermişik. Belə abırsız və həyasız davranışın əlbəttə, daha konkret adı var – riyakarlıq! Qatqısız-filansız, tərtəmiz riyakarlıq, ikiüzlülük! Hətta siyasi əxlaqsızlıq…

Qərbin bir sıra ölkələrinin erməni ağzı ilə danışan, kapitulyant ölkəyə qahmar çıxan və Azərbaycanı hədələyən rəsmiləri neçə vaxtdır özlərini elə aparırlar ki, sanki Ermənistan Avropa Birliyi, NATO ölkəsi, Azərbaycan isə KTMT-nin (“Rus NATO-su”) üzvüdür. Halbuki tam əksinədir: KTMT-də 22 ildir (1992, may) təmsil olunan məhz Ermənistandır. Azərbaycan isə müstəqil və balanslı xarici siyasət yürüdən, bloklara qoşulmayan, bu səbəbə əslində Qərbə potensial olaraq qat-qat yaxın dövlətdir, Qoşulmama Hərəkatının fəal üzvüdür.

O zaman niyə üstümüzə düşmüsünüz? Öncə Ermənistanı məcbur edin Rusiya orbitindən uzaqlaşsın, KTMT-dən-zaddan çıxsın, Azərbaycan kimi o da Rusiya ordusunu öz ərazisindən çıxarsın, öz sərhədlərini öz əsgərləri qorusun, görək bacarırsınızmı? Azərbaycanla sərhədə 5-10 avropalı yarım-hərbi müşahidəçi yerləşdirməklə Ermənistanın dönüb qərbçi olduğunumu zənn edirsiniz?..

Nəhayət, Paşinyan hökumətini vadar edin ki, Rusiyadan qaz asılılığına son qoysun, bacararsınızmı? O Rusiya ki, Ukraynaya hərbi təcavüzünün iki ili ərzində Avropa Birliyini yüz milyardlarla avro ziyana salıb, heç sonu da görünmür. “Qərbçi” Ermənistan isə belə bir işğalçı dövlətin, Qərbin əsas düşməninin hərbi-strateji müttəfiqi, bölgədəki vassalıdır! Üstəgəl, qoyulan sanksiyalardan Moskvanın yayınması üçün İrəvan əlindən gələni edir. Amma sanksiya çağırışları utanmazcasına Azərbaycanın ünvanına səslənir.

Yəni xristian təəssübkeşliyi buncamı gözünüzü tutdu? Türkofobiya qanınıza-iliyinizə bu qədərmi işlədi ki, qatığın ağ olduğunu təsdiqləyə bilmirsiniz? Bilirik, zəngin erməni lobbisinin bahalı bəxşişlərindən vaz keçmək çətindir. Faktiki mümkünsüzdür. Vicdanını, şərəfini 5 qəpiyə satmağa vərdiş edənlərə mənəviyyat dərsi keçmək isə canavarı vegeterianlığa inandırmaq kimi əbəs cəhdlərdir. Ancaq belə görünür, təkcə bu da deyil…

“Senatın qalmaqallı qətnaməsi Azərbaycandakı vəziyyətlə bağlı tam məlumatsızlıqdan qaynalanır. Azərbaycanın Fransadakı səfiri ilə birlikdə ən yaxşı hüquq professorları ilə görüşmək imkanımız oldu və onların hamısı Bakının mövqeyinin hüquqi baxımdan ədalətli, İrəvanın isə əsassız olduğunu bildirdilər. Onu da qeyd etmək yerinə düşər ki, Fransanın mövqeyi Ermənistanın mövqeyindən də ifratdır. Bu, beynəlxalq hüququn tam bilməməzliyidir”.

Sitat fransız hüquqşünas, keçmiş hakim və Fransa ədliyyə nazirinin keçmiş birinci müşaviri Oliver Pardota məxsusdur.

Hüquq üzrə mütəxəssis ardınca deyir: “Erməni diasporu Fransanın xeyli sayda şəhərlərinə təsir edən güclü lobbidir. Qanunları bilməyən və ya vəziyyəti kifayət qədər qavramayanlara erməni lobbisi vəziyyətlə bağlı öz baxışını təqdim edir və onlara təsir göstərir. Bu, öz seçki ambisiyaları naminə susmağa üstünlük verənlərə də aiddir. Bu, beynəlxalq hüquqda biabırçılıqdır”.

Onun əminliyinə görə, erməni lobbiçiliyi təhdid və zorakılıq prinsiplərinə əsaslanır: “Bizim ofisimiz öz işini gördüyünə, Azərbaycanın hüquqlarını müdafiə etdiyinə görə zorakı hərəkətlərə məruz qalıb. Beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Beynəlxalq hüquq normalarına görə, Qarabağ Azərbaycan ərazisidir, hansı ki, Ermənistan tərəfindən qanunsuz işğal olunmuşdu. Bu gün bölgədə baş verənlər Azərbaycanın qələbəsi sayəsindədir. Bu sadəcə, ədalətin bərpasıdır. Biz qanunlara uyğun surətdə həqiqəti irəli aparmaq üçün hər gün çalışmalıyıq. Fransa təhlükəli oyun oynayır”.

Düz sözə nə deyəsən? Bunu bir fransız hüquqşünas söyləyirsə, əlbəttə, ikiqat qiymətli və ehtirama layiqdir. Elə etməliyik ki, Avropada, ümumən xristian Qərbdə belə vicdanlı insanların sayı çox olsun. Heç olmasa, azlıqda qalmasınlar…

Siyasət şöbəsi,
Musavat.com

Bənzər yazılar