Top.Mail.Ru
SİYASƏT

Sülh sazişi təhlükə qarşısında qaldı: Brüssel prosesi qapandı, ABŞ və Rusiya bloklandı

Cənubi Qafqazdakı sülh prosesinin davamı baxımından, indi yeganə variant kimi Azərbaycan və Ermənistan arasında birbaşa – ikitərəfli təmaslar daha aktual xarakter daşıya bilər və bu, ən ümidverici model sayılır… Ancaq Paşinyan hakimiyyətinin Cənubi Qafqazda geopolitik proseslərə kobud müdaxilə edən ABŞ və Qərbin tam nəzarəti altında olduğunu nəzərə aldıqda, bu modelin də effektiv ola biləcəyi inandırıcı görünmür…

Cənubi Qafqazda sülh prosesi artıq dalana dirənmiş kimi görünür. Beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilik missiyası iflasa uğramaq üzrədir. Hər halda, indiyə qədər ön planda olan vasitəçilərin “missiya böhranı” yaşadıqları açıq-aşkar nəzərə çarpır. Və bu baxımdan, regional sülh prosesində əvvəlkindən daha fərqli, yeni mərhələnin başlana biləcəyi qətiyyən istisna deyil.

Təbii ki, Ermənistanın və Cənubi Qafqazdakı geopolitik maraqlarının reallaşdırılmasında “erməni faktoru”ndan alət kimi istifadə edənlərin siyasi manipulyasiyaları davam etdikcə, yekun sülh sazişinin imzalanmasının mümkün olacağı o qədər də inandırıcı görünmür. Çünki bir tərəfdən, rəsmi İrəvan, digər tərəfdənsə, beynəlxalq “ermənipərəstlər” Azərbaycana qarşı böhtan atmaqla, regional prosesləri qəlizləşdirməyə çalışırlar. Siyasi manipulyasiyalar ilə gündəmdə saxlanılmasına çalışılan əsas absurd iddialar isə ondan ibarətdir ki, guya Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri regiondan zorla çıxarılıblar.

Saytların yığılması Saytların yığılması

Ancaq bu absurd iddiaların müəllifləri yalan danışdıqlarını, Azərbaycana böhtan atdıqlarını özləri hamıdan daha dəqiq bilirlər. Çünki Qarabağın erməni azlığının bölgəni könüllü tərk etməsi barədə çoxsaylı videofaktlar, sübutlar mövcuddur. Üstəlik, BMT-nin Qarabağa səfər etmiş müşahidə və araşdırma missiyası Azərbaycan tərəfindən erməni azlığına hər hansı təzyiqin edilmədiyini, zorakılığın tətbiq olunmadığını öz rəsmi hesabatında birmənalı şəkildə vurğulayıb. Eyni zamanda, ABŞ Dövlət Departamenti də bəyan edib ki, Azərbaycan tərəfindən Qarabağın erməni azlığına hər hansı zorakılığın və təztiqlərin göstərilməsi barədə hər hansı fakt, sübut mövcud deyil.

1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Göründüyü kimi, reallıq çox sadədir. Qarabağın erməni sakinləri rəsmi Bakının israrlı “qalın” təkliflərinə baxmayaraq, könüllü şəkildə Ermənistana üz tutublar. Hətta nüfuzlu Karneqi Fondunun aparıcı araşdırmaçısı Tomas De Vaal belə, “Azadlıq” radiostansiyasının erməni xidmətinə açıqlamasında ermənilərin Qarabağdan köçünün dinc şəraitdə baş verdiyini vurğulayıb: “Azərbaycan tərəfindən, Qarabağın erməni sakinlərinə qarşı hər hansı zorakılıq halları törədilməyib”.

Ancaq Ermənistan cəmiyyəti uydurulmuş iddialara daha məmnunluqla yanaşır. Bəzi ermənipərəst beynəlxalq siyasi dairələr isə isə həmin uydurulmuş iddiaları dəstəkləyərək, Azərbaycana qarşı təzyiq və şantaj mexanizminə çevirməyə çalışırlar. Ona görə də, belə mövqe tutmağa üstünlük verən beynəlxalq siyasi dairələrin Cənubi Qafqazdakı sülh prosesinə pozitiv məzmunlu dəstək verəcəkləri böyük şübhələr doğurur. Son vaxtlar regional sülh prosesi ətrafında mövcud olan böhranlı situasiya da məhz həmin şübhələri doğuran səbəblərdən qaynaqlanır.

Bütün bunları nəzərə aldıqda, ötən ilin ikinci yarısından başlayaraq, həm ABŞ və Qərb, həm də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan görüşünün baş tutmaması qətiyyən təəccüblü deyil. Belə ki, Rusiyanın vasitəçilik missiyası Ermənistan tərəfindən bloklanıb. Rəsmi İrəvan ABŞ və Qərbin təlimatı ilə Kremli Cənubi Qafqazdakı sülh prosesindən kənarda saxlamaqda israrlı davranır. Və bu baxımdan, Rusiyanın vasitəçilik missiyasının yaxın vaxtlarda bərpası o qədər də inandırıcı görünmür.

ABŞ və Qərbin vasitəçiliyi isə Azərbaycanı qane etmir. Çünki həm ABŞ, həm də Avropa Birliyi son vaxtlar açıq-aşkar ermənipərəst mövqedən çıxış edir. Avropa Birliyi erməni diasporunun və ermənipərəst Fransanın təziri altında olduğundan, Azərbaycana qarşı qərəzli mövqe tutur, siyasi manipulyasiyalarla rəsmi Bakıya böhtan atır. Belə şəraitdə rəsmi Bakı Avropa Birliyinə güvənməməkdə tamamilə haqlıdır.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Digər tərəfdən, vasitəçilik missiyasına iddialı olan ABŞ-da erməni diasporunun təsiri ilə tədricən tərəfsizlik prinsipindən böyük ölçüdə uzaqlaşmış kimi görünür. Xüsusilə də, ABŞ rəsmi dairələrinin Azərbaycanı təhdid etməsi, rəsmi Bakıya təzyiq göstərməyə çalışması iki ölkə arasında münasibətlərin korlanması təhlükəsini də aktual olaraq, saxlayır. Və bu baxımdan, rəsmi Bakının ABŞ tərəfindən təşkil ediləcək görüşlərdən mümkün qədər məsafə saxlaması tamamilə başadüşüləndir.

Ona görə də, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Luis Bononun bu dəfəki region səfərindən də pozitiv nəticə gözləmək müəyyən mənada, sadəlövhlük olardı. Yəni, onun Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşməsi və regional sülh prosesini müzakirə etməsi sadəcə, yarımçıq fəaliyyətdən başqa bir şey deyil. Və yəqin ki, Luis Lononun Bakı səfəri zamanı Azərbaycanın iradları növbəti dəfə Ağ Ev rəsmisinin diqqətinə çatdırılacaq.

Nəhayət, Fransanın sülh danışıqlarına kobud müdaxiləsi ucbatından, Brüssel prosesi də iflasa uğramış kimi görünür. Çünki rəsmi Paris bu prosesin formatını dəyişərək, Fransanın da ora əlavə olunması üçün göstərdiyi cəhdlərlə, əslində, onu sabotaj etmiş oldu. Rəsmi Bakını Brüssel prosesindən də məsafə saxlamaq məcburiyyətində buraxdı. Və başlanğıcda effektiv nəticələri ilə diqqəti çəkən Brüssel prosesi artıq öz əhəmiyyətini itirmiş kimi görünür.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB)

Brüssel prosesinin əsas ideya müəllifi hesab olunan Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin son siyasi qərarı Brüssel prosesini ümumiyyətlə, sıradan çıxara bilər. Belə ki, Şarl Mişel Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətini artıq açıqlayıb. Yəni, Brüssel prosesinin təşəbbüskarı Şarl Mişel tezliklə təmsil etdiyi qurumun rəhbərliyini tərk etməli olacaq. Və bu halda, Brüssel prosesinin də gündəmdən çıxacağı qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Brüssel prosesində kifayət qədər konstruktiv və tərəfsiz mövqe tutan Şarl Mişeli əvəzləyəcək siyasətçinin Fransanın təqdim edəcəyi ermənipərəstlərdən birisinin olacağı gözlənilir. Bu isə o deməkdir ki, rəsmi Bakı Brüssel prosesində iştiraka haqlı olaraq, maraq göstərməyəcək. Və bununla da daha bir vasitəçilik formatı sıradan çıxmış olacaq.

Təbii ki, belə situasiyada Cənubi Qafqazdakı sülh prosesinin davamı baxımından, yeganə variant kimi Azərbaycan və Ermənistan arasında birbaşa – ikitərəfli təmaslar daha aktual xarakter daşıya bilər. Əslində, mövcud problemlərin ən qısa zamanda həlli baxımından, bu, ən ümidverici model sayılır. Ancaq bu modelin uğur qazanması daha çox Ermənistanın müstəqil qərarlar qəbul etmək qabiliyyətindən birbaşa asılıdır. Paşinyan hakimiyyətinin Cənubi Qafqazda geopolitik proseslərə kobud müdaxilə edən ABŞ və Qərbin tam nəzarəti altında olduğunu nəzərə aldıqda, bu, o qədər də inandırıcı deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar