Top.Mail.Ru
SİYASƏT

Əli İnsanov deyəndə nə yada düşür? – Keçmiş nazir indi başını başlara qoşub…

Korrupsiya əməllərinə görə 14 il həbs cəzasını çəkəndən sonra qəfil “haqq-ədalət” çarçısına çevrilən və vaxtilə ağır sözlərlə təhqir etdiyi müxalifətin cərgəsinə keçən Əli İnsanov başını başlara qoşaraq, torpaqlarımızın azad olunması ilə nəticələnən zəfərə xələl gətirməyə cəhd göstərir.

O, danışdıqca da özünü biabır edir. Əli İnsanov deyir ki, Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfəli razılaşma Türkiyə olmadan imzalanmamalı idi. Türkiyə Azərbaycana böyük dəstək verdi, hakimiyyət Rusiya ilə razılaşdı.

Saytların yığılması Saytların yığılması

Az-çox xəbər oxuyan hər kəs bu şəxsin nə qədər nadan olduğunu anlaya bilər.

– Birincisi, üçtərəfli razılaşma Ermənistanın kapitulyasiya aktı idi. Kapitulyasiya aktından sonra Ermənistanda baş verənlər də məğlubun kim, qalibin kim olduğunu göstərir.

– İkincisi, Türkiyə münaqişənin həllindən məsul olan Minsk qrupunun üç əsas üzvündən biri deyildi və Ankaranın masada rəsmi şəkildə olması, digər həmsədr ölkələrin – ABŞ və Fransanın açıq şəkildə kənarda saxlanılması, bu ölkələrin təzyiqinə əsas yaradacaqdı.

– Üçüncüsü, Azərbaycan Rusiyanı “hakim” təyin etməklə digər iki həmsədr ölkənin təzyiqini öz üzərindən kənarlaşdırdı və Vaşinqtonla Parisin iradlarına cavabın Moskvadan verilməsinə zəmin yaratdı.

– Dördüncüsü, məsələ sənədə kimlərin imza atması deyil, qazanılan nəticədir və bu nəticə 30 ildən sonra işğala son qoyulması deməkdir.

30 il öncə Əli İnsanovun bu gün təriflədiyi və qalıqlarının yanında yer aldığı hakimiyyətin dövründə torpaqlarımız işğal olunmuşdu, 30 il öncə Əli İnsanovun bu gün müdafiə etdiyi Rəhim Qazıyevin rəhbərlik etdiyi ordunu dağıtdığı üçün erməni işğalı gerçəkləşmişdi.

İndi Əli İnsanov elə danışır ki, sanki hər şey unudulub və 10 noyabr kapitulyasiya aktının nə olduğunu bundan başqa heç kim bilmir. Halbuki, ilk cümləsi belə bu adamın nə münaqişənin tarixindən, nə indiyə qədər gedən danışıqlardan, nə də baş verənlərdən xəbərsiz olduğunu göstərir. Bəlkə də həbsdə olduğu dövrdə başının saxta dərmanlar düzəldib məhbuslara satmağa qarışdığını nəzərə alaraq, başa düşmək olardı. Amma həbsdən sonra 360 dərəcə dəyişən, səhiyyə naziri olanda xəstələrin xəstəliyindən pul qazanan, səhiyyə sistemini korrupsiyaya boğan Əli İnsanlovun indi başını başlara qoşub özündən “siyasətçi” düzəltməsi və bilib-bilmədən ağzına gələni danışması onun nə qədər nadan olduğunu ortaya çıxarmaq zərurəti yaradır.

Əli İnsanova münaqişə haqqında, 44 günlük müharibədə qazandığımız və 10 noyabrda imzalanan sənədin mahiyyəti ilə bağlı əlavə nələrisə başa salmaq niyyətimiz yoxdur. Çünki adam onsuz da mahiyyəti anlamır və hələ də cəmiyyəti pul mənbəyi kimi baxdığı “pasiyentləri” gözündə görür.

Amma bu şəxsin kim olduğuna yenidən baxmaq lazımdır. Çünki belə bir insanın bu gün xalq, dövlət, Qarabağ haqqında danışması, özündə bu “haqqı” görməsi gülüncdür və gülüş doğurur.

Əli İnsanov deyəndə nə yada düşür?

Azərbaycanın ən böyük korrupsioneri, xalqın sağlamlığından pul qazanan keçmiş səhiyyə naziri, qızıl külçələr, bahalı villalar, dəbdəbəli həyat və sairə. Bu siyahını uzatmaq da olar. Amma bu faktdır ki, Azərbaycanda korrupsiyanın sinonimi olacaq adlardan biri məhz Əli İnsanovdur.

O, nazir olanda Azərbaycan səhiyyəsini ağlar günə qoymuşdu və əsas işi insanların xəstəliyi üzərindən milyonlar qazanmaq idi. Dövlət əmlakını dağıtdı, xəstəxanaları rüşvət yuvasına çevirdi, dərmanların ölkəyə gəlişindən tutmuş satışına qədər monopoliyaya aldı və məhz bunlara görə həbs olundu.

Həbsdə olarkən ölkə rəhbərinə yazırdı: “Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam…”.

Əli İnsanov böyük günah işi tutmuşdu, amma xəcalət çəkmirdi. Həbsdən sonra bir daha aydın oldu ki, bu adamın xəcalət çəkmək hissi işləmir, abır-həyanın nə olduğunu belə bilmir. Çünki “qarşınızda xəcalət çəkirəm” deyə yazdığı ölkə rəhbərliyinə qarşı hücuma keçdi və özünü “haqq-ədalət” carçısı kimi cəmiyyətə sırımağa çalışdı.

Bununla yanaşı, nazir olanda “Onlar genetik xəstədir”, “Qərbin agentləri”, “faşistlər”, “Onlar güllələnməlidir” dediyi Əli Kərimli, İsa Qəmbər və digərləri ilə bir masada heç nə olmamış kimi oturacaq qədər həyasızdır.

Xəcalət hissinin nə olduğunu bilsəydi, heç olmasa ötən il dediyi sözləri xatırlayaq və bugünkü nəticələr fonunda susardı.

“Yaxşı ölkə olsaq, ermənilər əraziləri azad edəcək və bizimlə bir yerdə yaşamağa qərar verəcəklər”. Əli İnsanov belə deyirdi.

Bu adamın necə birisi olduğunu izah etmək doğrudan da çətindir. Gah ermənini azərbaycanlıdan üstün tutur, gah Azərbaycanın pis ölkə olduğunu, ermənilərin ona görə bizimlə birgə yaşamaq istəmədiyini deyir, gah da torpaqların azad edilməsinə baxmayaraq, qazanılan zəfərə kölgə salır və bunu məhz qardaş Türkiyə üzərindən etməyə cəhd göstərir. Sanki Türkiyənin maraqlarını bircə bu düşünür.

“Yaxşı ölkə olsaq, ermənilər əraziləri azad edəcək” deyən, bununla erməni işğalına “Azərbaycan pis ölkədir” məntiqi ilə haqq qazandıran “Haq-Ədalət Partiyası”nın rəhbəri bu dediklərini unuda bilər, amma xalq heç zaman unutmayacaq.

Əli İnsanov hesab edirsə ki, keçmişini gizlədə bilib, yanılır. Xalq onun kim olduğunu, vaxtilə insanların sağlamlığı üzərində milyonlarla pul qazandığını, nə qədər rüşvətxor olduğunu da unutmayıb.

Heç nə heç vaxt unudulmur, Əli İnsanov. Güzgüyə bax və ahıl yaşında ömrünü yaşa. Başını başlara qoşub özünü biabır eləmə, çünki siyasət nə sən girən koldur, nə də sənin bacardığın…

Zaur Hacılı
Demokrat.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir