Top.Mail.Ru
SİYASƏT

Türkiyə Moskva görüşündən narazı qalıb? – NƏ BAŞ VERİR?

Yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə Türkiyə yox idi. Dağlıq Qarabağda 44 günlük müharibəni bitirən 10 noyabr 2020-ci il razılaşmasında da Türkiyənin adı çəkilmir. Bunu bəlkə belə əsaslandırmaq olar ki, Türkiyə münaqişənin həllində vasitəçi deyil, Rusiya isə rəsmi vasitəçidir.

Lakin Rusiya prezidenti 11 yanvar görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində ona müzakirə olunacaq məsələlərlə bağlı məlumat vermişdi. Putin formal olaraq Minsk Qrupunun 3 həmsədrindən biri kimi üzərinə düşən vəzifəni yerinə yetirsə də, digər vasitəçi – ABŞ-ın rəhbərliyini “narahat” etmək istəmədi. Bəzi ekspertlər bunu hakimiyyətdən böyük gərginlik və qalmaqalla ayrılmağa hazırlaşan Donald Trampın başının qarşıq olması ilə izah etməyə çalışdılar.

Saytların yığılması Saytların yığılması

Hər halda, Minsk Qrupu müharibə dövründə olduğu kimi, prosesdə demək olar ki, iştirak etmir. Qərbdəki vasitəçilərdən fərqli olaraq, situasiyanın əsas iştirakçılarından biri, hələ üstəlik, Qarabağda atəşkəsə nəzarət mexanizmində təmsil olunacaq Türkiyə də prosesdən kənarda saxlanılır. Kremlin bu siyasəti əlbəttə, müxtəlif səbəblərdən qaynqlanır, onların başında Ankaranın Cənubi Qafqazda möhkəmlənməsinin qarşısını almaq niyyəti dayanır.

44 günlük müharibədə Türkiyə Azərbaycana ciddi siyasi dəstək verib, bu ölkənin hərbi sənaye kompleksinin məhsulları qısa müddətdə Ermənistan ordusunun darmadağın edilməsində əsas rol oynayıb. Türkiyənin dəstəyi rəsmi Bakını Moskvanın sərt təzyiqlərindən qoruyub, habelə Qərbin ona qarşı aktiv hərəkətə keçməsini əngəlləyib. Türkiyə, İsrail, Böyük Britaniyanın Azərbaycana dəstək verməsi güclü erməni lobbsinin təsir imkanlarını zəiflədib. Nəticə etibarilə Azərbaycan Qərbin neqativ yanaşdığı hərbi əməliyyatları sanksiyalarsız və ciddi diplomatik itkilər yaşamadan uğurla başa vurmağa nail olub.

Türkiyənin tarixən Qafqazda ciddi maraqları olub. Ankara iqtisadi, siyasi və mədəni baxımdan nüfuz etdiyi regionda hərbi-siyasi cəhətdən də möhkəmlənmək istəyir. Bu istiqamətdə əsas partnyor Azərbaycandır, Gürcüstanla da sıx əməkdaşlıq qurulub. Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə həll edilməsi üçün hər cür dəstək verməklə həm də bölgədə öz maraqlarının təmin olunmasına çalışıb. Bura nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda Türkiyənin hərbi mövcudluğu və s. daxildir. Yeri gəlmişkən, Moskvada qəbul edilən bəyanatda nəqliyyat dəhlizlərinin açılmasından bəhs olunur. Hansı ki, bu yollar regionun bütün ölkələrinin Türkiyə və onun üzərindən Avropaya çıxışını təmin edir. Buna rəğmən Ankara prosesdən kənarda saxlanılır.

Müharibədən sonra cərəyan etdən proseslər göstərir ki, Putin Ərdoğanla konstruktiv əməkdaşlığa meylli olsa da, Rusiya dövləti Cənubi Qafqazda əsas rəqibi kimi Türkiyəni görür. Moskva bəzi məsələlərdə Ankara ilə maraqlarını uzlaşdırmağa çalışsa da, prinsipial məqamlarda güzəştsiz mövqe tutur. Türkiyənin regionda ciddi siyasi dayaqlara malik olması Rusiyanı narahat edir, ona görə də, Kreml bu ölkəni irəli buraxmamağa çalışır. Bu məqamda Azərbaycanın ortaya qoyduğu və ya qoyacağı mövqe prinsipial əhməmiyyət daşıyır. Türkiyə öz müttəfqinin Rusiya qarşısında daha israrlı, qətiyyətli olmasını istəyir. Çünki Ankaranın Qafqaz masasında oturması indiki halda daha çox Bakının prinsipiallığından asılıdır. Amma Moskva görüşü göstərdi ki, Azərbaycan rəhbərliyi mövqeyini Putinə qəbul etdirə bilməyib.

Bu kontekstdə Ankaradakı bəzi çevrələrdə inciklik yarandığı müşahidə olunur. Bu notları prezident Ərdoğanın çıxışında, bəzi analtiklərin rəylərində və hakim partiyaya yaxın mediada aparılan müzakirələrdə hiss etmək olar. Ərdoğan yanvarın 12-də Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşündə bildirib ki, Minsk qrupunun 30 ildə edə bilmədiyini Türkiyə 44 günə gerçəkləşdirib. Ərdoğan bu çıxışında ilk dəfə açıq mətnlə ölkəsinin müharibədə ciddi rol oynadığını bəyan edib.

Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay bu barədə yazır ki, ötən ilin noyabrında imzalanan atəşkəs razılaşmasında Türkiyə nə masada vardı, nə də atəşkəs razılaşmasının hər hansı bir hissəsində:

“Buna baxmayaraq, Türkiyə hökuməti Böyük Millət Məclisində Azərbaycana qoşun göndərilməsi haqqında məsələ qaldıraraq, bütün hallarda Azərbaycanın yanında olduğunu açıqladı. Bu müddətdə Azərbaycan Türkiyənin heç bir məsələdə yer almasına çalışmadı. Türkiyə Azərbaycanda, Qarabağda meydana gələn hadisələr haqqında Azərbaycanın Türkiyədəki təbliğatçıları vasitəsilə məlumat alırdı və onların fikirləri əsasında bilgilənirdi. Amma qısa zamanda baş verən hadisələrin heç də Azərbaycanın yaydığı kimi olmadığı üzə çıxdı. Rusiya Ukraynanın Donbas bölgəsində tətbiq etdiyi qaydaları Dağlıq Qarabağda tətbiq etməklə, demək olar ki, yeni bir erməni dövlətinin əsasını qoyarkən, Azərbaycan təbliğatçıları hələ də bütün Qarabağın azad olunması nağılından danışırlar”.

Getdikcə Türkiyədə bu cür narazılıqlar arta bilər. Putin-Əliyev-Paşinyan görüşündə masanın quruluşu da Türkiyədə diqqətdən yayınmayıb və müxalif siyasətçilər buna görə prezident Ərdoğanı tənqid edir. Bu, indiki məqamda Azərbaycan üçün arzuolunmaz situasiya yarada bilər. Rəsmi Bakı Dağlıq Qarabağdakı vəziyyəti Rusiya ilə paralel olaraq Türkiyə rəhbərliyi ilə də intensiv müzakirə etməli və Ankaranın Moskva ilə bir masa arxasında əyləşməsinə nail olmağı hədəf qoymalıdır. Türkiyənin güclənməsi, regionda söz sahibi olması Azərbaycana ancaq fayda gətirə bilər. Müharibədən sonra regionda hərbi-siyasi cəhətdən xeyli güclənmiş Kremlin qarşısında ancaq Türkiyə ilə bərabər dayanmaq mümkündür. Bakı tezliklə strateji müttəfiqi ilə məsləhətləşmələrə başlamalıdır. //pressklub.az//

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir