Top.Mail.Ru
SİYASƏT

Vüqar Səfərlinin həbsinin mötivlərində əsas günahkar ƏLİ HƏSƏNOVDUR

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlini 14 ilə qədər həbs cəzası gözləyir. Onun ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddi belədir.

V.Səfərli jurnalistlər üçün binaların tikintisində yeyintidən tutmuş, oğlunun adına təsis olunmuş “Futbol+Qol” qəzetinə 300 min manat maliyyə ayırmaq, rəhbərlik etdiyi Fondun yerləşdiyi məkanın icarəsində israfçılığa qədər, müxtəlif korrupsiya əməllərində ittiham olunur.

Saytların yığılması Saytların yığılması

V.Səfərli ilə yanaşı, jurnalistlər üçün binanı inşa etmiş “Portos” MMC-nin rəhbəri Nadir Məmmədov da həbs olunub. Cinayət işi üzrə başqa adamların da həbs olunacağı istisna edilmir. Çünki Baş Prokurorluğun rəsmi açıqlamasında V.Səfərlinin N.Məmmədov və başqaları ilə əlbirliyindən söhbət gedir. Amma “başqaları” dedikdən konkret kimlərdən söhbət getdiyi açıqlanmır.

V.Səfərlidən sonra Mətbuat Şurasının sədri, keçmiş deputat Əflatun Amaşov və prezidentin sabiq köməkçisi, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə rəhbərlik etmiş Əli Həsənovun da cinayət məsuliyyətinə cəlb olunacağı haqda iddialar səslənir. Baş Prokurorluğun açıqlaması da bu proseslərin Əli Həsənovdan yan keçməyəcəyini düşünməyə əsas verir. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu uzun illər Əli Həsənova məxsus binada fəaliyyət göstərib. İttihamda da məhz həmin binada icarə şərtlərinin Fond üçün əlverişli olmamasından söhbət gedir:

“Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etməyib. Dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərini özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin şirkətlərinə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verib. Bu məqsədlə həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayaraq 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurib. Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır”.

Burada bəhs olunan bina Əli Həsənovun ailə üzvlərinə məxsus idi.

Baş verənləri “Press Klub”a şərh edən “Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev bildirdi ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindəki korrupsiya yenilik deyildi. Bu mənada, Baş Prokurorluğun məlumatındakı korrupsiya halları bu sahəyə bələd olanların heç birini təəccübləndirməyib. Ş.Hacıyevin sözlərinə görə, məhz korrupsiyaya görə Fonda ayrılan və xərclənən vəsaitlər haqda məlumatlar qapalı tutulur, cəmiyyətə hesabat verilmirdi:

“Problemin kökü ölkədə demək olar, azad mətbuatın yoxluğunda, medianın normal fəaliyyəti üçün qanuni əsasların çox məhdud olmasındadır. Hər bir normal dövlətdə, açıq cəmiyyətdə tenderlərin keçirilməsi, maliyyə məsələləri ilə bağlı sənədləşmələr, büdcə vəsaiti hesabına icra olunan layihənin hansı qiymətlərlə həyata keçirilməsi kimi məlumatlar əlçatan, açıq olur. Bizdə isə bu cür məlumatlar qapalı, gizli saxlanılır. Səbəb də birdir – korrupsiya. İqtidar özü də əvvəldən bu korrupsiyadan xəbərdar olur. Çünki özü ona qulluq edən insanlara bu imkanları yaradır. İmkan verir ki, pul qazansınlar, onun siyasətini dəstəkləsinlər. Bu, müəyyən mənada media sahəsindəki həmin adamlara verilən rüşvətdir. Ona görə də, indi açıqlanan pozuntuları, yeyintiləri konkret faktlarla aşkara çıxarıb ifşa etmək çətin idi. O vaxta qədər ki, iqtidar özü bunu istəyəcək. Kənardan müşahidələr də bu proseslərdə korrupsiya olduğunu görürdü. Ona görə də təəccüblü olmadı”.

Ş.Hacıyevin fikrincə, V.Səfərlinin həbsini korrupsiyaya qarşı mübarizə kimi təqdim etmək doğru deyil. O hesab edir ki, Fondun keçmiş icraçı direktoru yazılmamış qaydaların pozulmasına görə cəzalandırılır:

“Biz azad mətbuatın problemlərini dilə gətirəndə onları ört-basdır eləyənlərdən biri olub. Niyə indi cəzalandırırlar? Cinayət aləmində bir qayda var: bir-birini aldatmaq olmaz. Sən nəyisə mənimsəyirsənsə, özbaşına eləyə bilməzsən, razılıq almalısan. Görünür, bunlar həddi aşıblar. Kiməsə 1000 manat qazanmağa icazə verilib, o isə 50 min “yeyib”. Bugünkü nəticənin də səbəbi odur. Hansı dövlət qurumunda araşdırma aparsan, bənzər korrupsiya halları üzə çıxacaq. Əgər bunu istəmirlərsə, qarşısını almağın ən sadə yolu şəffaflıqdır. Qapalı edirsənsə, deməli, məqsəd yeyintidir. Sən kiməsə deyirsən ki, istifadə elə, 100 manat qazan, o isə 50 min qazanıb. Bu, aldatmanın cəzasıdır”.

Ş.Hacıyev qeyd etdi ki, məntiqlə Fondun fəaliyyətinə nəzarət edən Əli Həsənov da məsuliyyətdən kənarda qalmamalıdır. Amma o, prezidentin keçmiş köməkçisinin həbsini hələ real saymır:

“Məntiqlə zəncirin digər halqaları da cəzadan kənarda qalmamalıdır. Amma bunun baş verib-verməyəcəyi bilinmir. Onun bu işlərin arxasında dayanması sirr deyil. Korrupsiya ilə gerçək mübarizədən söhbət gedirsə, Əli Həsənov da cəlb olunmalıdır. Amma bunun baş verəcəyini düşünmürəm. Çünki bu, uzun illər prezidentin köməkçisi – sağ əli olmuş şəxsin böyük bir korrupsioner olmasının etirafı olacaq. Bu da iqtidarın nüfuzuna zərbədir”.

Qeyd edək ki, 62 yaşlı V.Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən çıxarılıb. O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub. Yanvarın 12-də prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun əvəzində “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. //PRESSKLUB.AZ//

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir