Top.Mail.Ru
SOSİAL

“ƏDV geri al” sistemində PROBLEM – Çeklərin ikinci surətini ÇIXARIRLAR ?

Artıq ölkədə vətəndaşların əksəriyyəti “ƏDV geri al” sistemindən istifadə edir. Lakin zaman-zaman bununla bağlı probemlər də müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə bəzi alıcılar çeklərin ikinci surətinin çıxarıldığını iddia edir və ya yalnız böyük mağazalarda bu sistemdən yararlana bildiklərini deyir, ƏDV-nin geri qaytarılması zamanı müəyyən maneələrin yarandığını bildirirlər.

Maraqlıdır, Azərbaycanda ƏDV sistemi ilə bağlı hansı çatışmazlıqlar var? Qeyd edilən şikayətlər niyə öz həllini tapa bilmir?

KAİM.az-ın xəbərinə görə, iqtisadçı-ekspert Eldəniz Əmirov sfera.az-a açıqlamasında qeyd edib ki, ƏDV qaytara biləcəyimiz çeklər yeni nəsil aparatları vasitəsilə mümkündür:

“Çeklərin surətinin ikinci dəfə çıxarılma ehtimalı yoxdur. Bilirsiniz, çeklərdə QR kod və ya unikal identifikator (fiskal İD) mövcuddur və onlardan istifadə etməklə ƏDV-ləri geri qaytara bilirik. Əgər bu kodlardan kimsə əvvəlcədən istifadə etmiş olsa, yükləyən zaman bununla bağlı sizə məlumat gələcək. Yəni, qeyd edilən QR kod və ya unikal identifikator artıq istifadə olunub. Bu baxımdan çeklərin surətini çıxarmaq yox, oğurlamaq – yəni sizdən öncə kiminsə götürməsi mümkün ola bilər. Adətən kassada oturanlar götürülməyən çekləri yığır və özləri istifadə edirlər”.

Ekspert bəzi marketlərdə ƏDV-nin qaytarılmama faktlarından da söz açıb:

“Qeyd etdiyim kimi ƏDV-nin qaytarılma sistemi yeni nəsil kassa aparatlarının verdiyi çeklər üzərindən mümkün olur. Köhnə aparatların verdiyi çeklərdə isə QR kod və unikal identifikator yoxdur. Bəzi marketlər yeni nəsil aparatlarından istifadə etmirlər. Bəzilərində isə belə aparatlar məhdud saydadır. Bu baxımdan kimsə şəxsən ƏDV üçün kod tələb etsə, o zaman yeni aparatdan istifadə edərək çeki müştəriyə verirlər. Əks halda, vermirlər. Başqa sözlə, məsuliyyətsizlik edərək qanunu pozurlar. Çünki vətəndaşa bunu mütləq şəkildə təqdim etmək lazımdır. Kiçik marketlərin demək olar ki, heç birində yeni nəsil aparatlar mövcud deyil və problemlər də burdan yaranır”.

Müsahibimizin fikrincə, bu gün ƏDV sistemi ilə bağlı ölkədə əsas problem ticarət mərkəzlərində, alqı-satqı yerlərində, mağazalarda məhz yeni nəsil kassa aparatlarının olmamasıdır:

“Bu aparatlar bəzilərində olsa da, əksəriyyətində yoxdur. Ona görə də insanlar ƏDV-dən yararlana bilmirlər. Digər tərəfdən düşünürəm ki, ƏDV prinsipinin şamil edildiyi çevrə məhduddur. Məsələn, yanacaqdoldurma məntəqələrində və bir sıra yerlərdə ƏDV-nin geri alınma prinsipi işləmir. Bu, əslində vətəndaşı düşünərək edilən addım deyildi. Ödənişlərin və ticarət dövriyyəsinin şəffaflaşdırılması, iqtisadiyyatın ağardılması, alqı-satqının qeydiyyata alınması, vergidən yayınmanın qarşısının alınması kimi məqsədlər daşıyırdı. Bu vasitə ilə alıcı öz ödədiyi pulu rəsmiləşdirməyə və məhsuldan ƏDV-nin 10-15 faiz həcmində vəsaitin qalmasına maraqlı olurdu. Ona görə də vətəndaş satıcıdan çek tələb edir və bu isə iqtisadiyyatın ağardılmasına stimul verən addımdır. Bəs niyə digər yerlərdə ƏDV geri qaytarılmırdı? Çünki həmin yerlərdə onsuz da ödənişlər çek vasitəsilə həyata keçirilirdi. Bayaq dediyim kimi, məsələn, yanacaqdoldurma məntəqəsində və ya digər bu kimi obyektlərdə proses onsuz da rəsmi olduğuna görə ƏDV geri al sistemi tətbiq edilmirdi”.

E.Əmirov ƏDV sistemi ilə bağlı digər çatışmazlıqların mövcud olduğunu bildirib:

“Qanunvericiliyə əsasən, əgər müştəri onlayn qaydada , yəni kart vasitəsilə ödəniş edirsə, ƏDV-nin 15 faizi geri qaytarılır. Nağd ödənişlərdə isə bu rəqəm 10 faiz olur. Kifayət qədər fərq olduğunu görmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, hər kəs onlayn qaydada ödəniş etməyə maraqlı olmalıdır. Lakin bütün alış-veriş mərkəzlərində pos-terminallar varmı?

Əsas problem budur. Bölgələrdə, kəndlərdə ümumiyyətlə bundan söz gedə bilməz. Rayon mərkəzlərində isə yalnız böyük marketlərin bəzilərində post-terminallar var, yeni nəsil aparatı ümumiyyətlə yoxdur. Bakının özündə, tutaq ki, “Elmlər Akademiyası” metrostansiyasından universitetə qədər yolun qırağında sırayla düzülən mağazaların 10-nundan yalnız 3-4-də terminal var, qaldı ki, onlayn ödənişlər. Şəffaflığın və iqtisadiyyatın ağardılması istiqamətində irəliləyiş əldə etmək istəyiriksə, mütləq bütün ticarət obyektləri məcburi şəkildə post-terminallarla , o cümlədən yeni nəsil kassa aparatları ilə təmin edilməlidir”.

İqtisadçının sözlərinə görə, hazırda ölkədə 24 mindən çox yeni nəsil kassa aparatları mövcuddur:

“Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bu yaxınlarda məlumat paylaşmışdı. 2022-ci ilin sonuna qədər bütün kassa aparatların yeni nəsil kassa aparatları ilə dəyişiləcəyi nəzərdə tutulub. Bu proses yekunlaşandan sonra artıq ƏDV prinsipi də tam gücü ilə işləyəcək”.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button