Top.Mail.Ru
SOSİAL

Kirayə mənzil bazarı “od tutub yanır” – Tələbələr seçim qarşısında: Ucuz kirayə ev tapmaq yarışa çevrilib


İki ilə yaxındır pandemiyadan əziyyət çəkən sahələrdən biri olan kirayə mənzil bazarında canlanma müşahidə edilir. Kirayə ev elanları saytlarında 300-350 manat arası olan mənzil tapmaq demək olar ki bir neçə ay öncə ilə müqayisədə çətinləşib.

Mövzuya münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev Kaim.az-a bildirdi ki, hazırda bahalı evlərə tələbat olmadığından mənzil axtaran vətəndaşlar çalışırlar ki, maksimum dərəcədə minimal qiymətə olan, 300-500 manat arası olan evləri kirayə götürsünlər. Tələbələr olmasa da, sərt karantin dövründə boş qalan, təxminən 250-400 manat arası evlərin böyük əksəriyyəti artıq doludur. Çünki, iş yerləri, kafe-restoranların açılması səbəbi ilə kirayə çıxanların sayı artıb.

Elnur Fərzəliyev qeyd etdi ki, hazırda qiymətə görə evlər 1 otaqlıdan 3 otaqlıya əsasən dəyişir.

Bəs qarşıdan yeni təhsil mövsümünün gəlişi ilə əlaqədar kirayə mənzil bazarında qiymət artımı olacaqmı?

“Bildirmək istəyirəm ki, hazırda pilot layihələr çərçivəsində köhnə binaların söküntüsü prosesi davam edir. Həmin binalarda yaşayan sakinlər ərazidə olan mənzillərdə müvəqqəti olaraq məskunlaşırlar. Bu da tələbələrin ucuz kirayə ev tapmasını çətinləşdirir. Tələbə gün ərzində vaxtının çoxunu yola sərf etməli olur. Çünki ucuz qiymətə olan mənzillərin əksəriyyəti Binəqədi, Xırdalan və ya şəhərin digər ərazilərindədir. Ali təhsil müəssisələrinin böyük əksəriyyəti isə Yasamal rayonunun ərazisində yerləşir. Tələbələr də əvvəl “Sovetski” adlanan ərazidə həyət evlərində qalırdılar.İndi isə həmin ərazilərdə ucuz kirayə mənzil tapmaq demək olar mümkün deyil”.

Bir tələbənin təhsil xərci üstəlik də mənzil və digər ehtiyyacları hesablanarsa bu maddi imkanı zəif olan ailələr üçün dörd il müddətində əməlli başlı problemlərin yaşanması deməkdir. Həm oxuyub, həm işləmək də hər tələbə üçün asan məsələ deyil. Nəticədə gecə hansısa restoranda barmen və ya ofisant işləmək məcburiyyətində qalan tələbə, gündüz yorğunluğu səbəbindən dərslərə diqqətini cəlb edə bilmir. Elə bu kimi məsələlər ilə bağlı ekspert Elnur Fərzəliyev Təhsil naziri Emin Əmrullayevə məktub ünvanlayıb:

“Bu problem ilə bağlı təhsil nazirinə məktub ünvanlamışam ki, tələbə yataqxanaları bərpa edilsin. Çünki yataqxanalar həm universitetə yaxın olur, həm qiyməti münasibdir, həm də təhlükəsizlik baxımından əlverişlidir.Nəzərə alsaq ki, kirayə mənzil bazarında 250-300 manatlıq evlər bazarda yox dərəcəsindədir o zaman qarşıdan gələn təhsil mövsümündə tələbələrin necə bir çətinliklə üzləşəcəyini düşünmək çətin deyil”.

Gülbəniz Hüseynli / Kaim.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button