Top.Mail.Ru
SOSİAL

Tələbələrin BÖYÜK PROBLEMİ: Qərargah susur, valideynlər isə çarəsizdir


Dərslərin başlanmasına bir aydan da az vaxt qalsa da, hələ də təhsilin əyani yoxsa qiyabi formada davam edəcəyi ilə bağı açıqlamalar edilməyib. Yaranmış bu vəziyyət də valideynlərin ciddi narazılığına səbəb olur. Çünki övladı ali məktəbə qəbul olan valideyn bilmir ki, onun üçün paytaxtda mənzil kirayələsin yoxsa yox. Yaranmış bu vəziyyət ilə bağlı əmlak bazarında olan vəziyyət ilə tanış olmaq üçün əmlak üzrə ekspert Elnur Fərzəliyevə müraciət etdik.

Kaim.aza açıqlamasında ekspert bildirdi ki, bildiyimiz kimi, tələbələr avqustun sonunda artıq evlərə yerləşir və dərslərin açılmasını gözləyirdilər. Dərslərin onlayn yox, əyani olacağı ilə bağlı məlumat tədrisin başlamasına 3-5 gün qalmış verilsə, bu, tələbələr üçün ciddi problem olacaqdır.

“Yeni dərs ili başlayanda paytaxta gələn tələbələrin sayının on minlərlə və Bakı şəhərində də ucuz kirayə mənzillər məhdud sayda olduğunu nəzərə alsaq, əlaqədar qurumlar bilməlidir ki, tələbə gəlib ev tutsa, sonra yenə dərslər onlayn keçirilsə, necə olacaq? Artıq bir çox tələbə ev pulunu belə verib. Belə olsa, tələbənin ev üçün ödədiyi pul, gəlib-qayıtmaq üçün yol xərci də hədər gedəcəkdir. Məsələnin digər tərəfi də odur ki, mənzilini kirayə verən ev sahibləri də düşünür ki, əgər bu gün evi tələbəyə versə və o tələbə sabah çıxıb rayona getsə, evi boş qalacaq. Bu baxımdan bir çox ev sahibi tələbəyə ev vermək istəmir. Daha uzun müddət qalması üçün əsasən ailəli şəxslərə üstünlük verilir. Konkret olaraq, bu problem kökündən həll olunmalı, dərslərin əyani olub-olmayacağı ilə bağlı tez bir zamanda məlumat verməlidirlər”.

Hazırda bazarda mənzil qiymətlərinə də toxunan ekspert onu da qeyd etdi ki, bu gün şəhərdə birotaqlı mənzillərin kirayə qiyməti 250-300, maksimum 350 manat arasında dəyişir. 350 manat olanların çoxu da sonradan ikiotaqlıya çevrilən evlərdir. İkiotaqlı mənzillərin qiyməti 350-450 manatdır. İllərdir ki, qiymətlər stabil olaraq qalıb. Bu il də artacağı gözlənilmir.

“Tələbələr ən çox kirayə qaldıqları yerlər Yasamal və Nərimanov rayonlarıdır. Çünki burada təhsil müəsisələrinin sayı digər rayonlarla müqayisədə daha çoxdur. Normalda hər il yay aylarında qiymətlərdə 20 faizə qədər endirim olur, avqust-sentyabrda isə yenidən stabilləşir. Digər problem isə oğlan tələbələrin ev tapa bilməkdə çətinlik çəkməsindən ibarətdir. Çünki ev sahiblərinin əksəriyyəti oğlan tələbələrə ev vermək istəmir. Əgər eyni ev qızlara 200-250 manata verilirdisə, oğlanlara 300-350 manata verilirdi”.

Elnur Fərzəliyev onu da qeyd etdi ki, ölkəmizdə, xüsusən də paytaxt Bakıda yeni tikili binalar və digər tikili obyektlərdə qiymətlərin baha olmasının ən başlıca səbəbi torpaq sahələrinin baha olmasıdır. Bu özünü kirayə mənzil bazarında da göstərir. Bəs tələbələr yaranmış bu çətin vəziyyətdən necə çıxa bilərlər?

“Bu gün Sovet dövründən qalmış tələbə yataqxanaları artıq istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir. Bu gün tələbələr üçün yeni hündürmərtəbəli, tam təmirli yataqxanalar tikmək, şəhərciklər salmaq və onları tələbələrə minimal qiymətlə icarəyə vermək həm tələbələrin yataqxana problemini aradan qaldırmış olar, həm də onu tikdirən təhsil müəssisələrinə hər ay külli miqdarda gəlir gətirmiş olar”.

Gülbəniz Hüseynli / Kaim.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button