Top.Mail.Ru
SOSİAL

Yerli KİV və problemlər: Medianın peşəkarlığına mənfi təsir edən amillər aradan qaldırılmalıdır


Kütləvi informasiya vasitələri müasir cəmiyyətin əsas təsisatlarından biri olmaqla siyasi sistemdə əhəmiyyətli rol oynayır. Bu baxımdan onları hətta “IV hakimiyyət” adlandırırlar. Bu da onların siyasi informasiyanın əldə olunması, təkrar istehsalı və yayılmasında sərbəstliyi ilə izah olunur.

KİV cəmiyyətin bütün sahələrinə, eləcə də siyasi həyata, burada baş verən siyasi proseslərə təsir göstərir. KİV vasitəsilə cəmiyyət üzvlərinin siyasi şüuru, siyasi mədəniyyəti formalaşır. KİV siyasi sosiallaşma mexanizmində vacib yer tutur. Bəs, Azərbaycan mediyası uzun illər ərzində sadalanan bu amillərə nə qədər müvəffəq ola bilib?

Kaim.az bu mövzuda Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli ilə müsahibə aparıb. Həmin müsahibəni təqdim edirik:

– Müşfiq müəllim, Azərbaycanda fəaliyyət göstərən KİV şəffaflığın təmin edilməsi, söz və mətbuat azadlığı kimi funksiyanı yerinə yetirə bilirmi?

“Öncə qeyd edim ki, Prezident İlham Əliyevin 2018-ci ildən etibarən başlatdığı yeni idarəçilik, modernləşmə və islahatlar kursunun əsasında şəffaflaşdırma amili dayanır. Şəffaflığın təmin edilməsində isə bir nömrəli təminatçı mediadır. Media araşdırmalı, problemləri aşkarlamalı, auditoriyanı məlumatlandırmalı, maarifləndirməli, həm də ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Əsas məqam da budur ki, Azərbaycan mediası bu gün bu funksiyaları yerinə yetirə bilirmi? Cənab Prezident islahatlar dalğasının ilk mərhələsindən elan etdi ki, media islahatlar dalğasına təkan vermək, burada avanqard rolunu oynamala yanaşı, özü də dəyişməlidir, media sənayesinin özündə də islahatlar aparılmalıdır. Yəni medianın özündə olan problemlər aradan qaldırılmadan onun cəmiyyətdə avanqard rolunu təmin etmək mümkün deyil. Başladılmış islahatlar dalğası bu problemlərin bir qismini aradan qaldırmaq üzrədir, digər qisminin həlli isə zaman alacaq. Çünki medianın üzləşdiyi problemlərin müəyyən hissəsi lokal deyil, qlobal xarakterlidir, onların həlli üçün qlobal təşəbbüslər olmalıdır. Hazırda medianın lokal problemlərinin həlli istiqamətində sürətli işlər gedir. İlk öncə dövlətin media siyasətinin özü dəyişir, yenilənir”.

-Dövlətin KİV sahəsində gördüyü işlər barədə hansı məqamları qeyd edə bilərsiniz?

“Qeyd etdiyim kimi, dövlətin media siyasətini icra edən strukturlar da yenilənib, MEDİA Agentliyi simasında yeni struktur formalaşıb. Bu struktur çevikdir, yeni çağırışlara adekvat reaksiya verir, həlli üçün tədbirlər görür. İkinci bir məqam odur ki, hakimiyyət nümayəndələrinin mediaya münasibəti yenilənir, interaktiv münasibətlər qurulmasına üstünlük verilir. Terminlə ifadə etsək, ölkədə informasiyaya əlçatımlığın təmin edilməsi üçün işlər aparılır. İnformasiya əlçatımlığı problem medianın üzləşdiyi problemlər sırasında ilk yerlərdə dayanır. Hazırda bu problemin aradan qaldırılması üçün Azərbaycanda yeni modellər tətbiq edilir. Məsələn, nümunə olaraq deyək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah informasiya təminatı baxımından yeni modeldir, KİV-lər üçün fürsət yaradır. Operativ Qərargahda pandemiya dövründə dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki, informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Növbəti nümunə kimi 44 günlük müharibə dövründə qurulan “Hərbi informasiya mərkəzi”ni göstərə bilərik. Həmin mərkəz döyüşlərin aktiv dönəmində KİV-in operativ və etibarlı informasiya mənbələrinə çıxışını təmin etdi. Son dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın KİV-lərlə canlı təmaslarının intensivləşməsi diqqət çəkir. Bu təmaslar dövlət rəhbərliyinin KİV-ləri kommunikasiyasının mühüm bir hissəsi kimi yüksək qiymətləndirməsi anlamını daşıyır. Dövlət başçısı həm milli, həm də transmilli KİV-lərlə canlı təmasları intensivləşdirir, məlumatlandırma işində peşəkar KİV-lərə ciddi önəm verir və bunu digər dövlət-hökumət nümayəndələri üçün nümunəyə çevirir. Bu sırada Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun və digər məsul şəxslərin media nümayəndələri ilə görüşləri dövlətin KİV-lərlə interaktiv təmasının göstəricisi kimi şərh edilə bilər.”

– Necə düşünürsünüz, qeyd etdiyiniz bu siyasət bütün dövlət strukturları tərəfindən tətbiq edilirmi?

“Təəssüf ki, nikbin danışa bilmirik. Əksər yerli və mərkəzi icra orqanları hələ də informasiya işini qura bilmirlər, əlçatımlığı təmin edə bilmirlər və bu, medianın işini çətinləşdirir, dövlətin yeni media siyasətinə xələl gətirir. Jurnalistlər ən adi bir informasiyanı dəqiqləşdirmək üçün günlərlə telefon dəstəyindən asılı vəziyyətdə qalırlar, sonucda dövlət qurumundan lazımi informasiyanı ala bilmirlər. Son dövrlərdə həyata keçirilən proseslər fonunda diqqət çəkən məqamlardan biri də media qanunvericiliyinin təkmilləşdirilməsi, media haqqında yeni qanunun qəbul edilməsinə hazırlıq aparılmasıdır. Prezident İlham Əliyevin “Media sahəsində islahatların daha da dərinləşdirilməsi” yönündə sərəncamına uyğun olaraq, media haqqında yeni qanun layihəsi hazırlanır. Qanunun önəmi budur ki, o, yeni media subyektlərini, internet media subyektlərini də əhatə edəcək. Yeni media subyektləri 30 ilə yaxındır ki, bizim informasiya məkanında yer tuturlar, informasiya dövriyyəsində 50 faizdən çox paya malikdirlər. Amma təəssüf ki, indiyədək onların hüquqi statusları müəyyən edilməmişdi, fəaliyyətlərində problemlər yaranırdı. Yeni qanun bu problemləri aradan qaldıracaq. 2021-ci ilin iyul ayında Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı nəticələrə əsasən, 39 onlayn media resursu maliyyə yardımı müsabiqəsinin qalibi oldu. Onlayn media qurumlarının bu tip müsabiqələrdə iştirakı ilk təcrübədir və çox yaxşıdır. Bu yardım onların peşəkarlaşması, institutlaşması prosesi sürətləndirəcək. Amma mütləq şəkildə vacibdir ki, hökumət KİV-lərə dövlət dəstəyi göstərməklə kifayətlənməsin, media üçün reklam və elan sahəsindən gəlirlərin əldə edilməsi işi təşkil edilsin”.

– Müşfiq müəllim, KİV-in işinə ciddi təsir edən problemlər hansılardır?

“Təəssüf ki, bu sahədə ciddi problemlər mövcuddur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, son iki il müddətində Azərbaycanda KİV-lərin reklam dövriyyəsi 7-10 milyon manat aralığında olub. Nəzərə alaq ki, rəsmi qurumlar ölkədə 6 minə yaxın KİV qurumunun olduğunu bildirirlər. Ölkədəki reklam dövriyyəsini KİV-lərin sayına nisbətdə götürsək, hər KİV qurumu üçün təqribən 100-150 manat civarında rəqəm alınır. Bu, gülünc bir rəqəmdir. Beynəlxalq praktikaya görə, KİV-lərin ümumi maliyyə dövriyyəsinin ən azı 75 faizi reklam və elan gəlirlərindən formalaşmalıdır. Bu gün Azərbaycanda bu gəlirlər yoxdur və KİV-in işinə ciddi problemlər yaradır. Ölkədə reklam işi səhmana salınmalı, KİV-lərin maliyyə müstəqilliyi təmin olunmalıdır. Maliyyə müstəqilliyi təmin edilməyincə, KİV-lərin müxtəlif iqtisadi-siyasi qruplardan asılılığı da qalmış olur. Bu isə siyasiləşmə amlini stumullaşdırır. Siyasiləşmə amili yüksək olduqca, biz KİV sahəsində peşəkarlıqdan, etik kodeksə sayqıdan danışa bilmirik. Maliyyə mənbəyinin zəifliyi, iqtisadi-siyasi qruplardan asılılıq, siyasiləşmə amili KİV-lərin ictimai nəzarət funksiyasını tam gücü ilə yerinə yetirmələrinə mane olur. Ümid edirik ki, başlanmış islahatlar dalğası fonunda yaxın zamanlarda bütün bu problemlərin həll edilməsinin şahidi olacağıq”.

Gülbəniz Hüseynli / Kaim.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu:6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button