Top.Mail.Ru
SOSİAL

“Azərsun Holdinq”in qəzəb yaradan qiymət artımı: Buna hüququ varmı?

“Azərsun Holdinq”in qiymətləri artırması çoxsaylı müzakirələrə səbəb olub. Şirkət şəkər tozu və bitki yağlarının qiymətini kəskin şəkildə artırıb. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən də hazırda davam edən müharibə şəraiti və koronavirusun tüğyan etdiyi bir zamanda qiymətlərin bu cür qaldırılması insanların qəzəbinə səbəb olub.
İqtisadçı alim Qubad İbadoğlu məhsulların qiymətindəki artımı holdinqin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməsi ilə əlaqələndirib və qeyd edib ki, əslində müharibə şəraitində, belə həsas dövrdə xalqın və ordunun ən çox istehlak etdiyi ərzaq mallarının qiymətlərini artıranlar dövlətə və hərbiyə müxaliflik edirlər.
“Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr departamentinin bölmə müdiri Xəyal Azəroğlu “BakuPost”a bildirdi ki, qiymət artımının Fonda köçürülən vəsaitlə əlaqəsi yoxdur. Onun sözlərinə görə, artımın əsl səbəbi ilə bağlı rəsmi açıqlama hazırlanır və ictimaiyyətə təqdim olunacaq.
Bəs belə bir vaxtda qiymətlərin qaldırılması nə dərəcədə doğrudur?
Bu barədə saytımıza danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, liberal bazar iqtisadiyyatında bu kimi məsələlər müəyyən qədər cəmiyyət tərəfindən, daha yumşaq qarşılanmalıdır:
“Ancaq burada problem başqadı. Nə üçün biz bu bazarda “Azərsun” kimi şirkətlərə bu qədər inhisarçı mövqe yaratmasına imkan vermişik?.. Bununla bağlı bizdə qanunvericilik var. Antiinhisar və azad rəqabət haqqında qanunlar var. Bizim nöqsanlarımız ondan ibarətdir ki, bu günədək bu şirkətin qarşısında rəqabət aparacaq böyük şirkətlərin formalaşmasına şərait yaratmamışıq, yaxud “Azərsun”un bütün bu cəhdlərin qarşısını almasına imkan vermişik. Ona görə də şirkət sadəcə indi deyil, əvvəlki dövrlərdə də rahat şəkildə qiymətləri qaldırıb, bazara diktə edə bilib.
Digər məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan uşaqlı-böyüklü, dövlət və özəl sektor fərqi olmadan bu müqəddəs mübarizəyə əlindən gəldiyi qədər yardım etməyə çalışır. Belə bir şəraitdə bazarda diktəedici, inhisarçı mövqeyə malik olan bir şirkətin qiymətləri qaldırması təbii olaraq insanlarda qıcıq yaradacaq. Bu başadüşüləndir. Hesab edirəm ki, məntiqi yox, mənəvi cəhətdən bu gün “Azərsun”un qiymətləri artırmağa heç bir hüququ, ixtiyarı yox idi və etməməliydi. Çünki müzakirələrdən də görünür ki, cəmiyyət haqlıdır”.
R.Həsənov qeyd etdi ki, bu günə kimi bu şirkətin sadəcə Ordunun ərzaq təminatından əldə etdiyi gəlirlər milyardlarla manatdır:
“Kifayət qədər böyük gəlirlər əldə etmiş bir şirkətin bu gün 1 milyon manat dəyərində yardım etməsinin özü birinci qıcığı yaratdı. Ardınca da artıq qiymətlərin qaldırılması ilə bağlı qəbul etdiyi qərara iqtisadi baxımdan deyiləcək söz yoxdur. Bu bazardır, onun qarşısına alternativlər çıxartmalıyıq. Hökumətin əlində bu istiqamətdə kifayət qədər alətlər var. “Azərsun”un bazarda mövqeyini zəiflətməklə onun bu kimi hallarda diktəedici tərəfə çevrilməsinin qarşısını almalıyıq. Bir daha deyirəm ki, “Azərsun”un müharibə aparan xalq üçün bunu etməyə heç bir hüququ yox idi”.
Q.İbadoğlu da hesab edir ki, hazırkı müharibənin xərcləri ilə müqayisədə Azərbaycanının ən böyük holdinqlərindən biri olan, istehlak bazarının əhəmiyyətli hissəsinə nəzarət edən “Azərsun” üçün 1 milyon manat çox kiçik məbləğdir:
 
“Nəzərə alaq ki, “Azərsun” on illərdir ki, Ordumuzu ərzaq məhsulları ilə təmin edir və ordan da, xalqa satdığı mallardan da milyardlar qazanır”.
“Azərsun”un müştərilərinə topdan satdığı şəkər tozunun və bitki yağlarının bahalaşmadan sonrakı müqayisəli qiymət cədvəlini təqdim edirik:
Şəkər tozu 50 kq-lıq kisə 41, 50 manatdan 44,50 manata,
“Final” günəbaxan yağı 0.5 litr 1,41 manatdan 1,55 manata,
“Final” günəbaxan yağı 1 litr 2,58 manatdan 2,83 manata,
“Final” günəbaxan yağı 2 litr 5,02 manatdan 5,53 manata,
“Final” günəbaxan yağı 5 litr 12.35 manatdan 13,58 manata,
“Final” qarğıdalı yağı 0,5 litr 1,99 manatdan 2,17 manata,
“Final” qarğıdalı yağı 1 litr 3,50 manatdan 3,85 manata,
“Final” qarğıdalı yağı 2 litr 6,69 manatdan 7,52 manata,
“Final” qarğıdalı yağı 5 litr 16,56 manatdan 18,22 manata bahalaşdırılıb.
 
Ləman Hüseynzadə

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir