Top.Mail.Ru
ŞOU-BİZNES

“Çox böyük sevgi yaşadım, anası bizi ayırmaq üçün əlindən gələni etdi…”

Tanınmış aktrisa Meral Konratın Moderator.az-a müsahibəsini təqdim edirik:

– Meral xanım, müsahibəmizə başlamazdan öncə sizi salamlayıram. Necəsiniz?

– Təşəkkür edirəm, siz yaxşı olasız. İnşallah ki, yaxşısız. Mən də sizin vasitənizlə Azərbaycandakı bütün sevənlərimi salamlayıram.

– Siz iki qardaş ölkənin sənətçisi sayılırsız.. Həqiqətən də Azərbaycanda sevənləriniz, pərəstişkarlarınız çoxdur.

– Bəli, həqiqətən elədir, mən iki ölkənin sənətçisiyəm. Mən Azərbaycanı, Bakını, ordakı insanları çox sevirəm. Yaxşı ki, varsınız! Füsrətdən istifadə edib sizi qələbə münasibəti ilə də təbrik edirəm. İnşallah ki, bu xəstəlik bitər və mən də işğaldan azad edilmiş torpaqlara ayaq basaram.

– Türkiyədə koronovirus getdikcə artır. Siz özünüzü necə qoruyursunuz?

– Çox təəssüf ki, bütün dünyada olduğu kimi Türkiyədə də koronovirus xəstəliyi getdikcə artır. Hələ də bu xəstəliyin ciddiliyini başa düşməyən insanlar var. Əslində onlardan çox şey tələb olunmur, sadəcə maska taxmaq, əlləri yumaq və məsafə saxlamaq istənilir. Təəssüf ki, insanlar məsafə saxlamırlar, marketə gedirəm, görürəm ki, camaat üst-üstədir. Belə olan halda koronovirusa da yoluxarsan, digər xəstəliklərə də. Biz hazırda 3-cü dünya müharibəsini koronovisurla yaşayırıq.

– Hal-hazırda filmlərdən sizə dəvət gəlir?

– Bəli, əlbəttə dəvətlər gəlir. Amma mən son 4-5 ildir teatra üstünlük vermişəm. Çalışdığım teatr qastrol səfərlərinə ən çox gedən sənət ocağıdır. Film və serial təklifləri də gəlir, fikirləşirəm ki, bu qədər vaxt gözləmişəmsə daha yaxşı bir layihə olsun. Daha yaxşısı ilə sevənlərimin qarşısına çıxmaq istəyirəm.

– Azərbaycanda hansı obrazı oynamaq istərdiniz?

– Mən Türkiyədə bir çox film və seriallarda baş rollarda çəkilmişəm. Azərbaycandan da mənə rol təklifləri gəlib, amma mən sizin “Təhminə” filmində baş rolu oynamışam. Bu film çox sevildi, mən daha da məşhurlaşdım. Gələn dəvətlər Təhminə rolundan üstün olmalı, aşağı olmalı deyil. Əfsuslar olsun ki, hələ ki, belə bir təklif gəlməyib.

– “Təhminə”-nin yenidən çəkilməsini istərdiniz?

– “Təhminə”-nin yenidən çəkilməsi üçün Rasim Ocaqovun sağ olması lazımdır. Allah ona rəhmət etsin! O bu filmi beynində çəkib, kameranın yaddaşına köçürdü. Ağlıma gətirə bilmirəm ki, bu filmi hansısa rejissor onun qədər möhtəşəm çəkə bilsin. Davamı olaraq “Təhminə 2” çəkilə bilər, “Təhminə” yenidən çəkilə bilməz. “Təhminə” musiqisi, ssenarisi, rejissoru, aktyorları ilə sevildi. Filmin hər sözü, hər kəlməsi yaddaqalan oldu. “Təhminə” real həyatdan götürülüb, bu həyatı yaşayan qadınların Allah köməyi olsun. O, sevgisi üçün çox fədakarlıq göstərir. Çox təsirlidir. O vaxt filmin qalasında göz yaşlarımı tuta bilmədim, hönkürtü ilə ağladım.

– Bu hekayədə sizcə günahkar kim idi?

– Günahkar əlbəttə ki, Zaurun ana və atası idi. Valideynlər bəzən övladlarının gələcək həyatları ilə oynayır, özləri istədiyi həyatı onlara yaşatmaq istəyirlər. Zaurun anası bizi ayırmaq üçün gələn hər şeyi etdi. Bu çox üzücü idi.

– Müsahibələrinizin birində bildirmisiz ki, film öz səsimlə çəkilib. Axı sizi bizim dublyaj aktrisamız Nəcibə Hüseynova səsləndirib…

– Bəli, “Təhminə” filmi mənim səsimlə çəkildi. Yadımdadır ki, Azərbaycan dilini əzbərləmişdim. Təbii ki, daha sonra bəzi yerlərə dublyaj edildi. Nəcibə xanımla da tanışam, ona da təşəkkürümü bildirirəm.

– “Təhminə” filminin iki dəfə çəkilməsinə səbəb nə olmuşdu?

– Bir dəfə çəkildi və lent yandı. Ona görə də ikinci dəfə mən Türkiyədən qayıtdım və filmi çəkdik. Fəxrəddin Manafovdan əvvəl Zaur obrazını rus bir aktyor oynamışdı, amma rejissor onu bəyənməmişdi. Nə yaxşı ki, Zaur obrazını Fəxrəddin oynadı.

– Filmin ən çox sevdiyiniz səhnəsi hansıdır?

– Mənim üçün filmin bütün səhnələri gözəldir. Oradakı Meral yox, Təhminədir. Duyğulandığım, kövrəldiyim səhnələr də olmuşdu.

– Həyatınızda Təhminə kimi sevgi yaşamısız?

– Yaşadığım çox böyük eşq var idi, onu itirdim. Mən hələ də o sevginin təsirində qalmışam.

– Şəxsi həyatınızda hazırda kimsə varmı?

– Hal-hazırda həyatımda kimsə yoxdur! Çünki o dəyərli insanı təəssüf ki, tapmamışam. Həyatımdakı insan həqiqətən də adam kimi adam olmalıdır. Yalnız bundan sonra mən onunla evlənə bilərəm. Bu yaşıma qədər evlənməyi düşünmürdüm, amma dediyim kimi bir adam qarşıma çıxarsa evlənməyi düşünərəm. Talibmi var mənə? Talib varsa düşünərəm (gülür). Yaşıma uyğun biri olsun, uşaq olmasın (gülür). Bir həftə öncə də bir evlilik təklifi almışdım.

– Hansı pis vərdinişiniz var?

– Mənim pis vərdişlərim yox idi, bir tək siqaret çəkməkdən başqa. Təhminə roluna çəkiləndə siqaret çəkə bilmirdim. Bu filmdən sonra siqaret çəkməyi öyrəndim. Artıq bir neçə ildir ki, siqareti tərgitmişəm. Sağlam həyat tərzi yaşayan sənətçiyəm. Gündəlik idman edirəm, sağlıqlı qidalanıram.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button