Top.Mail.Ru

Uncategorized

Müdafiə Sənayesi Nazirliyi gənclər üçün xüsusi sərgi təşkil edib – FOTO

Azərbaycan gənclərinin müstəqil dövlətçiliyimizə töhfə vermək əzminin daha da yüksəldilməsi, onların hərbi vətənpərvərlik tərbiyəsi işində daim yaxından iştirak edən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi bu istiqamətdə növbəti yenilikçi addım atıb.

KAİM.az-ın məlumatına görə, Azərbaycan Respublikası Gənclər Fondunun müraciəti əsasında, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisində keçirilən “Yay Fest – Dəmir Yumruq” düşərgəsində təbii landşaft şəraitində Müdafiə Sənayesi Nazirliyi tərəfindən (MSN) tabeli birlik və müəssisələrdə istehsal olunan müxtəlif növ silah və sursatın xüsusi sərgisi təşkil edilib.

Daha sonra “Dəmir Yumruq” mövzusunda keçirilən paneldə 44 günlük Vətən müharibəsi qəhrəmanları və qaziləri, həmçinin Müdafiə Sənayesi Nazirliyinin məsul işçiləri, eləcə də MSN-in əməkdaşı Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış ediblər. Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi, Ordumuzun rəşadəti, xalqımızın “Dəmir Yumruq” ətrafında sıx birləşməsi nəticəsində qazanılmış tarixi Qələbədən danışılıb.

Sərgi çərçivəsində gənclər nümayiş olunan hərbi-müdafiə təyinatlı təlim üçün nəzərdə tutulmuş atıcı silahlar – avtomatlar, pulemyotlar, snayper tüfəngləri, tapançalar, minaatanlar, minalar, mərmilər, həmçinin “İtiqovan” və “Orbiter-3” pilotsuz uçuş aparatları, digər avadanlıq və məmulatlarla tanış olublar, onlara bu müasir silahların texniki göstəriciləri barədə ətraflı məlumat verilib. MSN-in əməkdaşları gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb, Vətən müharibəsində Azərbaycan silahının düşmənə sarsıdıcı zərbələr vurması barədə faktları çatdırıblar.

Sonra düşərgə iştirakçıları MSN-in təşkil etdiyi və böyük maraqla qarşılanan elektron trenajorda sərrast atıcılıq bacarıqlarını yoxlayıb, Nazirliyin istehsalı olan müasir avtomatların sökülüb-yığılması üzrə müsabiqədə iştirak ediblər. Hər iki yarışda yüksək nəticələr göstərən gənclərə hədiyyələr təqdim edilib.

MSN-in fəaliyyətindən bəhs edən “Salam Silah!” filmi nümayiş olunduqdan sonra “Azərbaycan silahı” mövusunda viktorina keçirilib. Qaliblərə Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında MSN-in şanlı Zəfərə verdiyi töhfələr, bu qurumun ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan və müharibə iştirakçısı olan işçilərindən bəhs edən “Tarix yazan qəhrəmanlar” kitabı hədiyyə olunub.

Düşərgə təşkilatçıları və iştirakçılar yaradılan bu imkanları xüsusi rəğbətlə qarşılayaraq, Dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya göstərilən ali diqqət və qayğıya görə dərin minnətdarlıq ediblər. Gənclər müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə ilk dəfə təbii landşaft şəraitində belə bir sərginin təşkilinə görə təşəkkürlərini bildirib, bu cür tədbirlərin davamlı keçirilməsini arzuladıqlarını ifadə ediblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button