“Prezident Nizami rayonuna da gəlsin” – Fotolar » DataLife Engine

Bakının Nəsimi, Xətai, Nizami rayonları o kökə salınıb ki, bir yandan infrastruktur məhv olub, nəqliyyatın hərəkətində xaos yaşanır, bir yanda təbiət, ekologiyaya ziyan vurulub, tikinti-memarlıq yöndəmsiz qurulub, bütün normativləri aşıblar, vətəndaşların hüquqlarını tapdalayıblar.
Bu hüquqsuzluq elə bir xarakter alıb ki, dövlət başçısına kütləvi şikayətlər getməkdədir. Vətəndaşlar bu rayonlarda təftişə çağırırlar – yaşıllıqlar məhv olunub, tikinti bumu hər yeri zəbt edib, səkilər satılıb, dayanacaqlar sökülüb, piyadaların yolu tikintiyə qurban verilib, yaşayış binalarının qarşısında yeni binalar inşa olunub, havasızlıqdan insanlar boğulur. Xüsusən də Nizami rayonunda fəlakət yaşanır. Sakinlər həyəcan təbili çalırlar.
Kainat.tv bildirir ki, Reportyor.info-nun əməkdaşının verdiyi məlumatda deyilir ki, Arif Qasımov – Ramin Əhmədov tandeminin Nizmai rayonunda həyata keçirdiyi total özbaşınalıq davam edir.
A.Qasımov icra başçısı, R.Əhmədov YAP Nizami təşkilat sədri kimi Nizamini şəxsi həyətyanı sahə kimi idarə edirlər. Qara Qarayev prospektini başdan-başa satan, səki, keçid, dayanacaq qoymayan bu iki məmurun əlindən camaat dad eləyir.
Prezidentin bölgələrə son səfərlərini qeyd edən sakinlər dövlət başçısını Nizami rayonuna dəvət edirlər. Q.Qarayev prospektinin sağ-sol satılması göz qabağındadır.
Metronun “Neftçilər” stansiyasının bütün çıxışları, “Vosmoy” bazarına gedən yolun hər iki tərəfi peşkəş olunub, dükanlar, ticarət mərkəzləri, müxtəlif iaşə obyektləri tikilib.
Səkinin satılaraq yerində “LC WIKIKI” geyim mağazının tikintisinə şərait yaradılması isə rəsmən xaos yaradıb. Piyadaların keçməyə yeri yox, TM-nin qarşısı avtoparka və taksi dayanacağına çevrilib, avtobuslar və maşınlar yolun iki zolağını zəbt ediblər, kimsə onlara “gözün üstə qaşın var” söyləmir və hər gün bu ərazidə tıxac, basabas yaşanır, yol qəzaları baş verir.
Bunun səbəbkarı isə səkinin satılması və magistral yolun iki zolağının qanunsuz olaraq avtoparka çevrilməsidir. Sakinlər deyirlər ki, bu qanunsuzluğa A.Qasımov icazə verib. R.Əhmədov isə onun Nizami rayonunda biznes şərikidir, xeyli obyektlərin sahibidir.
Nizami rayon icra başçısı kabinetindən çıxıb pilləkənlərlə aşağı düşüb mənzərəyə baxsa, hansı fəlakətə imza atdığını yaxşı görəcək. Bakıda heç bir rayonda bu qədər qanunsuz tikinti və yaşıllıqların kəsilməsi olmamışdı.
Vaxtilə Q.Qarayev prospektinin sağ və sol tərəfləri yaşıllıqlar, meşəliklər idi. Binalardan yaşıllıqlara panorama açılırdı. İnsanlar üçün əkilmiş bu ağaclar oksigen mənbəyi idi, uşaqların sağlam mühitdə böyüməsi üçün əkilmişdi.
Sakinlər bildirirlər ki, ancaq bu gün A.Qasımovla R.Əhmədovun tamahkarlığı, acgözlüyü ucbatından min bir zəhmətlə əkilən ağaclar çoxdan qırılıb, yerləri satılıb, binaların qarşısı zəbt olunub.
R.Rüstəmov küçəsindəki binaların önündə tikintilər havanın qarşısını kəsib. Səkiləri isə ticarət mərkəzləri zəbt edib.
Bunların tikintisi qanunsuzdur. Prezident rayona gələrək bu problemləri dərhal həllinə göstəriş verməli, obyektlər sökülməli, piyada yolu açılmalıdır. Belə vandalizm, barbarlıq heç yerdə görünməyib.
Başqa rayonlarda heç olmasa boş sahələr, yol kənarları satılırsa, burada artıq satmağa yer qalmayıb, binaların önü, səkilər, dayanacaqlar baha qiymətə satışa çıxarılıb.
Sakinlər deyirlər ki, nə Mehbalı Alıyev, nə Tahir Budaqovun dövründə bu qədər amansızlıq olub. A.Qasımov vətəndaşlarla görüşdən qaçır. Çünki hamı narazıdır.
Ona görə prezidentin operativ müdaxiləsinə ehtiyac var. Son vaxtlar prezident-xalq təmaslarının daha intensiv xarakter alması Nizami rayon əhlini ürəkləndirib və çağırış edirlər ki, ölkə başçısı səfər edərək A.Qasımov – R.Əhmədov əməllərinə şahid olsun.
Mehriban xanım və Leyla Əliyevanın bir başa təşəbbüsü ilə ölkənin hər yerində ağaclar əkilir, yaşıllıq zolağı salınır.
Bu işdə hakim Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tez-tez iməcilik təşkil etdiyini də bilirik.
Amma rayon rəhbərliyi nə qədər məsuliyyətsizdir ki, Bakının mərkəzində olan ağacları hansısa maraqlarına görə məhv etdirir.
A.Qasımovla R.Əhmədov həmyerlidirlər. İcra başçısı ilə iş adamı əslən Naxçıvanın Şərur rayonundandır.Məlumata görə, bir müddət əvvəl ağacları məhv edən və cərimələnən sahibkar Mayis Əhmədovun da R.Əhmədovla qohumluğu üzə çıxıb.
Beləliklə, icra başçısı qohum olan iki həmyerlisinin Nizami rayonunda yaşıllıqların məhv edilməsinə geniş imkan yaradıb. Bunu nə biz, nə sakinlər deyir, faktlar göz deşir, gedin, görün. Bu fotolar da bir nümunəsi…