Top.Mail.Ru
Uncategorized

Sabah Bakıda Xocalı yürüşü olacaq » DataLife Engine

Sabah Bakıda Xocalı yürüşü olacaq

Soyqırımın 27-ci ildönümü ilə bağlı yürüş də daxil, digər kütləvi ziyarətlər təşkil ediləcək…

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 27 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının da iştirakı ilə törədilən soyqırımla əlaqədar hər il olduğu kimi bu il də Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsinə ziyarətlər təşkil olunacaq.

Azərbaycan hökuməti Xocalı soyqırımının 27 illiyində yüz minlərlə insanın iştirakı ilə izdihamlı yürüş keçirməyi planlaşdırır. Bununla bağlı ciddi hazırlıqlar gedir. Siyasi partiyaların bu yürüşdə iştirak edib-etməyəcəkləri və təşkil edəcəkləri ziyarətlərlə bağlı fikirlərini aldıq.

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu Xocalı qurbanlarını ziyarət edəcəklərini bildirdi: “Partiyamız Xocalı soyqırımı ilə əlaqədar ənənəvi olaraq hər il olduğu kimi ayın 26-da ”Ana fəryadı” abidəsini ziyarət edəcək. Partiya rəhbərliyi və üzvlərimiz həmin gün saat 15:00-da Ali Məhkəmənin yerləşdiyi binanın yanından toparlanaraq hərəkət edəcək”.

AĞ Partiya tək ziyarət düşünmür. Bu barədə partiyanın sədr müavini Rüfət Hacıbəyli məlumat verdi: “AĞ Partiya Qarabağ Komitəsində və AXH-də təmsil olunduğu üçün bu təşkilatların ziyarət saatı üst-üstə düşməyəcəyi təqdirdə, Xocalı abidəsini hər iki qurumla birgə ziyarət edəcək. AĞ Partiya olaraq ümummilli dəyərlərimizdə müxalifət-iqtidar məsələsinin tərəfdarı deyilik. Hakimiyyətdən bu yürüş barədə bizə hər hansı bir təklif, dəvət gəlməyib. Gələrsə bunu dəyərləndirəcəyik”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami soyqırımla bağlı tədbir keçirəcəklərini söylədi: “Hər il olduğu kimi, bu il də 26 fevral tarixində partiyamızda Xocalı Soyqırımına həsr olunmuş tədbirimiz olacaq, faciə ilə bağlı dəyirmi masa keçirəcəyik. Azərbaycanın qanlı günlərinin qurbanı olan insanların, şəhidlərin məzarını, onlara həsr olunmuş yerləri ziyarətə həmin gün iqtidarlı, müxalifətli – bütün xalq ziyarətə axışır. Belə günlər kimlər üçünsə göstəri günü olmamalıdır deyə düşünürəm. Və təbii ki, həmçinin bu dəhşətli faciə qurbanlarının xatirəsinə həsr olunmuş ”Ana fəryadı” abidəsini biz də ziyarət edəcəyik”.

VHP Ali Məclisinin katibi Asif Şəkərli bunları dedi: “Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı partiyamızın üzvləri və tərəfdarları Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış ”Ana Harayı” abidəsini ziyarət edəcəklər. Həmçinin Gəncədə VHP Xocalı rayon təşkilatı da anım tədbiri keçirəcək, Gəncə şəhərində xocalı şəhidləri üçün ucaldılan abidəni ziyarət edəcəklər”.

Məlumat üçün bildirək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocali soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.//“Yeni Müsavat”

SƏNUBƏRİN ƏMƏKDAR MÜƏLLİMƏ,QƏTİBƏ XANIMLA SƏMİMİ SÖHBƏTİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button