Oğuzda xəlifə ilə Babək qavğası

İşlə əlaqədar Oğuz şəhərinə ilk səfərimizdi. Oğuz RİH yerləşən küçəyə paralel olan Saleh Qazıyev küçəsindən keçərkən bir həyətdə yüksələn dirək üzərində Azərbaycan bayrağının dalğalandığı diqqətimizi çəkdi. Tanımadığım Oğuz sakinlərindən bu həyətin sahibinin kimliyi ilə maraqlandım. Dedilər ki, bir ağsqqal veterandır, amma bu bayraqla əlaqədar onu çox incidiblər. Mənə çox maraqlı gəldi ki, Azərbaycanda Azərbaycan bayrağına görə adamı nə üçün sıxışdırsınlar ?! Belə olub ağsaqqalla tanış olmaq qərarına gəldik. Qapını bir xeyli döydükdən sonra bizi bir nurani kişi qarşıladı. Gəlişimizin məqsədini söylədim. Bizim hərbiçi dənizçi, istehfada olan polkovnik Hidayət Məmməd oğlu Musayevlə tanışlığımız belə başladı
Polkovnik Hidayət Musayevin çox maraqlı və zəngin həyatına keçməzdən əvvəl bizi təəccübləndirən “bayraq davası” barədə yazmaq istəyirəm. Hidayət dayı uzun müddət müxtəlif hərbi dəniz birləşmələrində xidmət etdib. Qara dəniz donamasında, Aralıq dənizində və sair. Sonra özünün də dediyi kimi “vətənində dəfn edilmək üçün” 2017-ci ilin sentyabırında Oğuza dönür. Hidayət dayı 20 yanvar 1942 doğumludur. 20 yanvar faciəsindən sonra bir dəfə də olsun ad gününü qeyd etməyib. Hidayət dayının atası Oğuzun Calud kəndindən, anası isə Ordubad rayonundan olublar. Atasının məzarı Calud kəndindədir. Gəldikdən sonra ilk işi həyətində bayraq dirəyi ucaltdırmaq olur. Bayraq qaldırıldıqdan sonra heç bir saat da keçməmiş həyətə İcra Hakiminin müavini Yusif Naxçıvanski tərəfindən göndərildiyini söyləyən iki adam daxil olublar. Onlar Naxçıvaniskinin adından təcili bayrağın endirilməsini tələb ediblər. Səhərisi günü Hidayət dayı İcra hakimiyyətinə, Yusif Naxçıvanskinin yanına gedir. Naxçıvanski deyir ki, a kişi “Biz paytaxtrdan uzaqda, xəlifə kimi yaşayırıq. Sən bizim qabağımızda Babək kimi bayraq qaldırırsan?” Hidayət dayı deyir ki, mən Naxçıvanskiyə babasını xatırlatdım. Naxçıvanski məşhur Cəmşid Naxçıvanskinin nəticəsidir. Yusif müəllim həm də Oğuzu və Qəbələnin bir hissəsini təmsil edən millət vəkili Aqiyə Naxçıvanlının da qardaşıdır. Hidayət dayı deyib ki, utanmırsızmı elə bir kişinin nəslində ola-ola bayraq endirtməyə qalxırsınız? Bundan daha da əsəbiləşən Yusif müəllim Hidayət dayıya deyir ki, biz buranın ağasıyıq. Burada bizdən izinsiz heç nə ola bilməz. Hərbi döyüş yolu keçmiş Hidayət dayı Naxçıvanskiyə çox sərt şəkildə bildirir ki, o sağ ikən bu bayrağı kimsə endirdə bilməz. Bura Azərbaycandır və bu bayraq mənim ürəyimdir. Hidayət dayının qorxmazlığı qarşısında geri çəkilən “xəlifə” başqa təzyiq yoluna əl atır. Hidayət dayı söylədi ki, zibillərin daşınması üçün illik haqqı qabaqcadan ödəmişdim. Lakin düz bir ay həyətimdən çıxan zibillər qapımım önündə yığılıb, qaldı. Axırda zəng edib, söylədim ki, məni zorla davaya çəkməyin. Mən vətənimdə ölmək üçün gəlmişəm. Elə etməyin ki, zibilləri gətirib İH qapısı ağzına boşaldım.
Bu söhbətdən sonra Hidayət dayını bir müddət sakit buraxırlar. Lakin mart ayında işiylə əlaqədar Hidayət dayı Sevastopola getməli olur. Gedərkən bayrağı endirir. Geri döndükdə bayrağı yenidən göylərə çəkir. Heç bir saat çəkmədən Naxçıvanskinin köməkçisi Bayram adlı bir şəxs gəlib ona Naxçıvanskinin bayrağı endirmək əmrini çatdırır. Hidayət dayı səhəri günü təkrar gedir Naxçıvanskinin yanına. Deyir ki, a Yusif müəllim, sizin bayraqdan başqa “probleminiz” yoxmu? Oğuzda meşələr məhv edilir, əhali işsiz, kəndlərdə su çatışmır, elə yollar var ki, maşın keçə bilmir, küçələr gecə zülmətə qərq olur…. Bunun qarşlılğında Naxçıvanski soruşub ki, sən o bayrağa neçə manat xərcləmisən? Dayı cavab verib ki, iki yüz manat. Naxçıvanski söyləyib ki, sən elə o pulu gərək bizə verəydin, neynirdin o bayrağı? İndi ki, vətənpərvər kimi bunu qaldırmısan, bizə də vətənpərvərlik göstər də. Hidayət dayı bildirdi ki, Sevastapolda mən Azərbaycan bayrağın qaldırırdım, nə rus, nə ukraynalı mənə demirdi ki, o bayrağı endir. Öz vətənimdə isə mənimlə dava edirlər ki, sən o bayrağı endir. Biz bu cür rəhbərlərlə o bayrağı Qarabağda necə qaldıracağıq?!
Hidayət dayıya İcra Hakimiyyətinin 21 sentyabr 2018-ci il tarixli, 10 saylı sərəncamı ilə patronaj təyin edilib. Hidayət dayı bildirdi ki, bunun üçün məndən 450 manat pul da alıblar. Sərəncamdan çıxarış ƏƏSMN yanında DSMF Oğuz rayon şöbəsinə göndərilib. Lakin sərəncamdan irəli gələn hərəkətlər icra edilməyib. On aydır ki, patronaj təyin edilmiş Sevil Babayevaya heç bir əmək haqqı ödənilməyib. Hidayət dayı deyirdan bu iş üçün də “şirinlik” istəyiblər, amma o bunu verməyib. Hidayət dayı bizə bildirdi ki, hazırda DSMF Oğuz rayon şöbəsində 7 nəfər patronaj var. Bunlar da vəzifəlilərin həyat yoldaşlarıdır. Heç bir işlə məşğul olmadan əmək haqqı alırlar. Məsələni DSMF Oğuz rayon şöbəsində araşdırdıq. Şöbənin müdir müavini Cümşüd Süleymanovla görüşdük. O, bizə onlarda (şöbədə) patronaja əmək haqqı ödəmək üçün bir səlahiyyət olmadığını söylədi. Hidayət dayını haqsız adlandırdı.
Biz Bayraq söhbətiylə əlaqədar Yusif Naxçıvanski ilə görüşmək istədik. İlk dəfəsində bu baş tutmadı. Bizi onun köməkçisi Ayaz müəllim qəbul etdi. Ayaz müəllim belə bir adamı tanımadığını söylədi. Biz Hidayət dayının sıradan bir vətəndaş olmadığını, Oğuzun, eləcə də Azərbaycanın onunla fəxr edə biləcəyi qədər tanınmış biri olduğunu söylədik. Hidayət Musayev “Qızıl Qələm“ mükafatı sahibidir. Azərbaycanda və xaricdə KİV-lərdə – göstərdiyi xidmətlərə görə 2015-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplom”una layiq görülüb. 7-8 kitabın müəllifidir. Onlardan biri Azərbaycan mətbəxini Ukrayna və Rusiyada tanıtmağa xidmət edən “Azərbaycan mətbəxi” kitabıdır. Rus dilində nəşr edilmiş , çox nəfis şəkildə tərtib edilmiş bir kitabdır. Bu kitabında Hidayət dayı Azərbaycan haqqında gözəl bir söz yazıb: “Azərbaycan Şərqdə Avropa möcüzəsidir.” Yüzlərlə məqalələrin müəllifi olan polkovnik, Sevastopol şəhərində azərbaycanlıların “Vətən” adlı milli-mədəniyyət mərkəzinin ağsaqqalı olub. Hidayət dayının həyatının özü başdan-başa bir tarixdir. Oxucularımızın marağı olarsa bu barədə geniş yazı yazmaq olar.İkinci dəfə biz Oğuza Yusif müəllimin vətəndaşları qəbul etməli olduğu gün getdik. Həmin gün Oğuzda əsgər yola salma tədbiri vardı. Təəssüf ki, təcrübəli hərbiçi polkovnik Hidayət dayını o tədbirə heç kim dəvət etməmişdi. Tədbirdən sonra da Yusif müəllimlə görüşə bilmədik. İH vəzifəlilərinin söylədiyi ənənəvi sözü dedilər bizə: “Rayonda yuxarıdan hörmətli qonaqlar var və Yusif müəllim onlarla gedib.” Bizi yenə Yusif müəllimin müavini Ayaz müəllim qarşıladı: “Bu bayraq məsələsi bitmədimi? Əgər belə qeyrətliyiksə elə gedib Qarabağa bayraq sancaq da”. Amma bu dəfə Hidayət dayını xeyli təriflədi. Yusif müəllimin adından belə bir hadisənin olmadığını söylədi. Bizə Oğuzdakı quruculuq işlərindən yazmağı məsləhət bildi. Sonra başqa hansı məsələlərlə maraqlandığımızı soruşdu. Biz də Xaçmaz kəndinin camaatının susuzluqdan əziyyət çəkdiyini söylədik. Ayaz müəllim dedi ki, bilirsizmi bunda təbiətin də günahı var, hətta Oğuz çayı belə qurumuşdu. Biz də Oğuz meşələrinin vəhşicəsinə talan edildiyini söylədik. “Meşə olmazsa, sular da quruyar”, – dedik. Oğuzda meşələrin qaldığı yerlərdə isə vəzifəlilər əməllicə əsaslı tikintilər aparıb, gəlir sahələri qurublar. Baxmayaraq ki, qanunlar buna əsla icazə vermir.
Oğuzda olarkən bizdə belə bir təəssürat yarandı ki, doğrudan da bura bir xilafət kimi idarə edilir. Məhz bu üzdən də vətəndaşın qaldırdığı bayraq Azərbaycan bayrağı olsa belə xəlifələrə Babək üsyanını xatırladır.
Oğuz şəhəri, 17.07.19
XəbərFakt.Az İnformasiya agentliyinin Qəbələ, İsmayıllı,Oğuz, Ağdaş üzrə Büro rəhbəri
Şahin Cavadov və
Agentliyin əməkdaşı Alimə Mustafayeva.
Kainat.tv