Top.Mail.Ru
ARAŞDIRMA

Ermənistanda terror dalğası YAXINLAŞIR: Paşinyanı seçkidən sonra KİM GÜLLƏLƏYƏCƏK

Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizənin davamı terror aktları ilə müşayiət oluna bilər; Mövcud situasiya məğlubların qaliblərə atəş açacağı dövrün hələ qabaqda olduğunu, həm də sürətlə yaxınlaşdığını göstərir…

Ermənistanda dövlət sistemi deqradasiya prosesinə uğrayıb. Bu ölkədə dövlət strukturlarının nəzarətdən çıxmaqda olduğu müşahidə edilir. Və əksər hallarda rəsmi qurumların fəaliyyətini formal xarakter daşıdığı nəzərə çarpır.

Saytların yığılması Saytların yığılması

Artıq Paşinyan hakimiyyətinin Müdafiə Nazirliyinə nəzarət edə bilmədiyi inkaredilməz reallığa çevrilib. Hazırda baş nazir Nikol Paşinyanın hərbi strukturlarda siyasi iradəsinin hesaba alınmadığı Ermənistan cəmiyyətində də geniş şəkildə müzakirə olunur. Və Ermənistan ordusunun parçalanaraq, başıpozuq hərbi qüvvəyə çevrildiyi vurğulanır.

Bəzi məlumatlara görə, Ermənistan ordusu bir neçə siyasi qruplaşmanın təsir dairəsinə keçib. Paşinyan hakimiyyətindən gələn təlmatları yerinə yetirməyən erməni generaliteti daha çox bağlı olduqları müxtəlif siyasi dairələrinin maraqlarına uyğun davranır. Və bu baxımdan, Köçəryan-Sarkisyan klanının ordu üzərindəki qeyri-rəsmi təsir gücü real təhlükə mənbəyi hesab olunur.

Təbii ki, belə vəziyyət bəzi erməni politoloqların da vurğuladıqları kimi, Ermənistan dövlətçiliyinin  perspektivlərini ciddi şübhə altına almağa başlayıb. Hətta iş o yerə çatıb ki, bəzi yüksək rütbəli erməni zabitləri Ermənistan dövləti adından açıqlamalar belə, verməyə başlayıblar. Paşinyan hakimiyyəti isə bunun qarşısını almaqda acizdir.

Buna misal olaraq, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyanın son açıqlamasını göstərmək olar. Erməni polkovnik Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində minalar yerləşdirdiklərini etiraf edib: “Mən öz hərbi birləşmələrimlə Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik. Həmin minalar sizə o ərazilərdə nəsə etməyə imkan verməyəcək. Ona görə də, əsirlərimizi bizə qaytarın. Əvəzində mən də minalanmış zonaların xəritəsini sizə verəcəyəm”.

Göründüyü kimi, bir erməni polkovnik öz ölkəsi adından müxtəlif şərtlər irəli sürməyə cəsarət edir. Rəsmi İrəvanın bu məsələ ilə bağlı siyasi mövqeyini nəzərə almağa isə qətiyyən ehtiyac duymur. Bu, Ermənistanda hərbi və siaysi başıpozuqluğun, dövlətsizliyin, hakimiyyət böhranının hökm sürdüyünü təsdiqləyir.

Digər tərəfdən, erməni polkovnikin açıqlaması Ermənistanın hərbi dairələrinin diversiya-terror fəaliyyətini davam etdirdiyini də sübut edir. Çünki 10 noyabr anlaşmasının tələblərinə əsasən Ermənistan ordusu Azərbaycanın Kəlbəcər və Laçın rayonlarını tərk edərkən, həmin ərazilərdə 17 maşin mina yerləşdirib. Bu isə beynəlxalq hüquq normalarına görə, hərbi cinayətdir. Üstəlik, bu, həm də açıq şəkildə terrorçuluq fəaliyyətidir.

Belə anlaşılır ki, həm Ermənistan dövləti, həm də bu ölkənin hərbi səlahiyyəti olan müxtəlif təmsilçiləri fərdi qaydada diversiya-terror taktikası üzrə hərəkət edirlər. Ona görə də, Azərbaycan zərərçəkən tərəf kimi, bu faktları beynəlxalq qurumlara təqdim edə bilər. Ardıncasa, Ermənistanın diversiya-terror fəaliyyətinə qarşı antiterror əməliyyatlarına başlamaq hüququnu bəyan etmək tamamilə mümkündür. Bu baxımdan, rəsmi İrəvanın beynəlxalq səviyyədə mühakimə olunma ehtimalı qətiyyən istisna deyil.

Ancaq indiki halda, bütün bu məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunmasına Ermənistanda dövlətin formal xarakter daşımasını əsas əngəllərdən biri hesab etmək olar. Çünki hazırda bu terrorçu ölkədə bütün siyasi qüvvələr törətdilən hərbi cinayətlərin günahini və məsuliyyətini bir-birinin üzərinə atmağa üstünlük verirlər. Və ona görə də, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri belə problemlərin həllində müəyyən rol oynaya bilər.

Hər halda, seçkilərdə qalib gələn siyasi qüvvələr Ermənistan hakimiyyətini təmsil edəcəklərindən hərbi cinayətlərin məsuliyyətindən də yayına bilməyəcəklər. Halbuki, bunun özü də kifayət qədər mübahisəli məsələdir. Çünki seçkilərdən sonra hakimiyyətə gələcək siyasi qüvvələrin də Ermənistanda dövlətə nəzarəti tam ələ ala biləcəkləri qətiyyən inandırıcı görünmür.

Böyük ehtimalla Ermənistanda hələ uzun müddət siyasi xaos hökm sürə bilər. Bəzi məlumatlara görə, seçkidə məğlub olan qüvvələrin qalib siyasi qüvvənin qələbəsini tanıyacağı o qədər də inandırıcı görünmür. Ona görə də, hələ bir müddət Ermənistan daxilində siyasi qarşıdurma mühitinin mövcud olacağı gözlənilir.

Hətta bəzi erməni politoloqlar seçkidən sonra siaysi qüvvələr arasında ciddi toqquşmaların ola biləcəyini proqnozlaşdırırlar. Onların fikrincə, bu toqquşmalarda müxtəlif silahlardan istifadə edilə biləcəyi də qətiyyən istisna deyil. Savaşdan sonra bəzi siyasi qüvvələr yaxın qruplaşmaların əlində xeyli döyüş silahı olduğundan bu tamamilə mümkün variant hesab olunur.

Erməni politoloqlar əmindirlər ki, siyasi qüvvələr arasındakı toqquşmalarda döyüş silahından istifadə edilərsə, Ermənistanda qısamüddətli də olsa, vətəndaş müharibəsi qaçılmaz ola bilər. Bu halda isə diversiya-terror fəlaiyyətinin Ermənistanın daxilinə keçməsindən danışmaq lazım olacaq. Və bunun ilkin əlamətləri artıq indidən müşahidə edilməyə başlayıb.

Məsələ ondadır ki, keçmiş prezident Serj Sarkisyan baş nazir Nikol Paşinyanın niyə indiyə qədər özünü güllələmədiyinə təəccübləndiyini bildirib: “Əgər, ölkəni indiki duruma mən salmış olsaydım, ordunun ali baş komandanı kimi özümü güllələyərdim”.

Maraqlıdır ki, baş nazir N.Paşinyan da keçmiş prezidentə eyni məzmunda cavab verib. O, bildirib ki, ölkənin indiki vəziyyətə düşməsində S.Sarkisyanın məsuliyyəti daha çoxdur: “Orduya silahların 70 faizi onun hakimiyyəti dövründə alınıb. Nəticədə ölkə indiki duruma düşüb. Bəs, niyə indiyə qədər özünü güllələməyib?”

Göründüyü kimi, qarşıduran tərəflər üçün mövcud ittihamların hüquqi müstəvidə, yəni məhkəmədə nizamlanma variant yoxdur. Hər iki tərəf Ermənistanın düşdüyü duruma görə öz rəqibini günahkar bilir. Bu günahın isə məhz siyasi rəqibin həyatı bahasına yuyulmasını vacib hesab edir. Və bu, əsl terrorçu zehniyyatıdır.

Bu isə o deməkdir ki, Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizənin davamı terror aktları ilə müşayiət oluna bilər. Bu ölkənin tarixində parlamentdə ölkənin siyasi rəhbərliyinin güllələnməsi kimi terror təcrübəsi olduğundan belə bir variant qətiyyən istisna deyil.

Bütün bunları nəzərə aldıqda, ehtimal etmək olar ki, seçkilərdən sonra Ermənistanı xaos və terror dalğası gözləyir. Mövcud situasiya məğlubların qaliblərə (və yaxud əksinə,) atəş açacağı dövrün hələ qabaqda olduğunu, həm də sürətlə yaxınlaşdığını göstərir. Bu baxımdan, indiki baş nazir N.Paşinyanı qalib gələcəyi təqdirdə, seçkidən sonra güllələyə biləcəkləri qətiyyən istisna deyil. Yaxud da onun tərəfdarlarının Qarabağ klanının liderlərini – R.Köçəryanı və S.Sarkisyanı terror məruz qoya biləcəklərini ehtimal etmək olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir