Top.Mail.Ru
ARAŞDIRMA

Kremldən Paşinyana “TƏRS ŞAPALAQ”: Rusiya Ermənistanın taleyini Türkiyə ilə HƏLL EDİR

Azərbaycan və Türkiyənin ortaq “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifi Rusiyanın geopolitik maraqları baxımından, çox cəlbedici model hesab olunur; Kreml bu modelin qarşısındakı əsas əngəli qaldırmaq üçün Ermənistanı yekun sülh sazişini imzalamağa məcbur etmək niyyətini gizlətmir…

Türkiyə-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu, son keçirilən yüksəksəviyyəli görüşlərin məntiqi nəticəsidir. Və belə anlaşılır ki, həm dünya, həm də Cənubi Qafqaz regionu yeni situasiyaya hazır olmalıdır.

Məsələ ondadır ki, Türkiyə-Rusiya münasibətlərində ortaya çıxan yeni faktorlar yalnız bu iki ölkənin yüksəkrütbəli təmsilçiləri arasında keçirilmiş görüşlərdən qaynaqlanmır. Bu faktorların əsas qaynağı dünyada cərəyan edən proseslərin məzmun və keyfiyyətinə bağlıdır. Ona görə də, indi yaranmaqda olan yeni situasiyanın əsas səbəblərini ilk növbədə son vaxtlar baş verənlərdə axtarmaq lazımdır.

Saytların yığılması Saytların yığılması

Məsələ ondadır ki, bir müddət öncə Bayden-Ərdoğan və Bayden-Putin görüşü keçirilmişdi. Ancaq hər iki görüş uğursuz nəticələrlə yadda qalmışdı. ABŞ Rusiya ilə demək olar ki, heç bir strateji məsələdə anlaşa bilməmişdi. Rusiya ABŞ və NATO-nun əsas iki beynəlxalq düşmənləri sırasındakı yerini qorumuşdu. Eyni zamanda, NATO üzrə strateji müttəfiqlər olsalar da, ABŞ və Türkiyə arasındakı kəskin ziddiyyətlər həllini tapmamışdı.

kollaj-777.jpg (578 KB)

Təbii ki, bu vəziyyət Türkiyə və Rusiyanı bir-birinə yaxınlaşdıra biləcək önəmli faktorları daha da gücləndirir. Hər iki nəhəng ölkənin beynəlxalq və regional maraqlarında uzlaşma amilləri kifayət qədərdir. Üzləşdikləri beynəlxalq təzyiqlərin də eyni mənbədən qaynaqlanması onları strateji tərəfdaşlığa sövq edir.

Bütün bunları nəzərə aldıqda, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə son rəsmi səfərinin diqqət mərkəzində olması qətiyyən təəccüblü deyildi. Əslində, bu səfərin yekun nəticələri də göstərilən marağın haqlı olduğunu təsdiqlədi. Və indi artıq beynəlxalq, eləcə də, regional müstəvidə həmin yekun nəticələr müzakirə edilməyə başlayıb.

Maraqlıdır ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə geniş müzakirələrdən sonra S.Lavrov iki ölkə arasında bir çox strateji mövzularda prinsipial anlaşmaların əldə olunduğunun açıq mesajlarını verdi. Hər iki ölkənin xarici işlər nazirləri əldə olunan nəticələrdən bir xeyli məmnun olduqlarını isə qətiyyən gizlətmirdilər. Hətta onların dost və qardaş ölkələrin təmsilçilərinə xas şəkildə bir-birinə sarılmaları da bəzi beynəlxalq siyasi dairələr üçün gözlənilməz oldu.

Deməli, anlaşmaların məzmunu iki nazirin sarılmasına əsas verə biləcək qədər ciddidir. Əks halda, tarixən həmişə kəskin ziddiyyətlər yaşamış bu iki ölkənin diplomatiya liderləri belə bir jesti özlərinə qətiyyən rəva görməzdilər. Və bu, xüsusilə də, Ermənistanda ciddi məyusluqla qarşılanıb.

disisleri-bakani-cavusoglu-rus-mevkidasi-lavrov-ile-bir-araya-geldi.jpg (26 KB)

Məsələ ondadır ki, Rusiyanın xarici işlər naziri S.Lavrov görüş sonrası açıqlamasında Cənubi Qafqaz mövzusu üzərində xüsusi olaraq, dayandı. O, Rusiya və Türkiyənin Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya etdiyini vurğuladı. Bununla da Türkiyənin regiondakı əsas söz sahiblərindən biri statusunu rəsmən təsdiqləmiş oldu.

Hər kəsə aydın oldu ki, Rusiya Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə Türkiyə ilə ortaq mövqedən çıxış etmək niyyətindədir. Yəni, rəsmi Ankara və Kremi regional problemlərin həllində bir-biriylə məsləhətləşmək niyyətindədir. Və bu, regionda maraqları olan digər beynəlxalq güclər üçün arzuolunmaz reallıqdır.

Artıq Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında da Rusiya Türkiyə ilə ortaq hərəkət etmək qərarı verib. S.Lavrov bildirib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə razılaşmaya əsasən hər iki ölkə öz imkanından istifadə edərək, Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bölgədə yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək edəcək.

Bu açıqlamadan da anlaşılır ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi siyasi leksikondan çıxarılıb. Daha belə bir problem mövcud deyil. Münaqişə hazırda Azərbaycan və Ermənistan arasındadır. Və Kreml də bu reallığı rəsmən təsdiqləyir.

1044856021_0_0_2001_1082_1000x541_80_0_0_5d28c2492ab735a8b9ee009f0d13e27d.jpg (71 KB)

Eyni zamanda, S.Lavrov Türkiyə-Rusiya əməkdaşlığının əlavə istiqamətinin məhz regionda nəqliyyat-kommunikasiya xətlərinin, iqtisadi əlaqələrin bərpası olduğunu da xüsusi olaraq, vurğulayıb. Bu isə o deməkdir ki, Ermənistanın yekun sülh sazişinə əngəl törədən əsas problemlərin həllini ləngitmək şansları olmayacaq. Çünki Rusiya da Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başladılmasında birbaşa maraqlıdır.

Üstəlik, Kreml təmsilçisi Rusiyanın bu marağını konkret geopolitik layihələrə istinadla ifadə edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün təklif etdikləri “3+3” əməkdaşlıq platforması bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq”.

Göründüyü kimi, Kreml Türkiyə və Azərbaycanın ortaq layihəsinə ciddi maraq göstərməyə başlayıb. Bu layihəni açıq şəkildə dəstəkləməklə yanaşı, üstəlik, xüsusi planlara sahib olduqlarını da gizlətmir. Və ən əsası isə “3+3” əməkdaşlıq platformasının reallaşması üçün Azərbaycan-Ermənistan münaquşəsinin həllinin vacibliyinə eyham vurur.

Təbii ki, bu mövzuda Türkiyə ilə ortaq davranmaqdan məmnunluğunu gizlətməyən Rusiyanın bu mövqeyi Ermənistanı məyus edə biləcək önəmli bir faktordur. Belə ki, Kremlin bu mövqeyi Ermənistanın Rusiyadan umduğu strateji müttəfiqliyin məzmununa qətiyyən uymur. Və rəsmi İrəvana yaxın gələcəkdə daha sərt təzyiqlərin hədəfinə çevrilmə təhlükəsi vəd edir.

kollaj-1527833999_p.jpg (193 KB)

Məsələ ondadır ki, Kreml artıq Cənubi Qafqazda praqmatik davranır. Bu praqmatizm isə birmənalı şəkildə Rusiyanın regional geopolitik, geostrateji və geoiqtisadi maraqları ilə yüklənib. Və Kreml Ermənistanın əsassız “kapriz”ləri ucbatından Rusiyanın həmin maraqlarını təhlükə altına atmaq niyyətində deyil.

Bütün bunlar onu göstərir ki, Kreml Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya prosesinin sürətləndirilməsi məqsədilə Paşinyan hakimiyyətinə təzyiq göstərməyə üstünlük verəcək. Belə bir situasiya isə Ermənistanın vərdişli olduğu regional manipulyasiya imkanlarını tamamilə bloklamış olacaq. Nəticədə, vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, region ölkələrinin, o cümlədən də, Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Anlaşılan odur ki, Rusiya-Türkiyə yaxınlaşması Ermənistanın gələcək taleyini müəyyən edə biləcək əsas faktora çevrilməkdədir. Böyük ehtimalla rəsmi İrəvan ən yaxın vaxtlarda Kremlin səhnəarxası təzyiqləri ilə bütün şərtləri və öhdəlikləri yerinə yetirərək, yekun sülh sazişini imzalamaq məcburiyyətində qalacaq.

Bu baxımdan, əslində Kremlin Türkiyə ilə son anlaşmasını Ermənistana endirilmiş ağır “şapalaq” kimi də dəyərləndirmək olar. Və Paşinyan hakimiyyəti üçün bir qədər gözlənilməz olan bu “tərs şapalaq” əməliyyatı yaxın gələcəkdə Ermənistanın “kötəklənməsinə” qədər inkişaf edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir