Top.Mail.Ru
ARAŞDIRMAbanner

Hay-küyçü ONLİNE DEBATLAR: Azərbaycanlı siyasətçilər niyə BAĞIRIR?-ANALİZ

Uzun müddət idi ki, bu mövzuda analitik yazı yazmaq istəyirdim. Bəlkə də yazının başlığı sizə ritorik gələ bilər. Lakin, mövzu olduqca problematikdir və əhəmiyyətlidir.

Məmurların illərlə apardığı media siyasətinin fəsadları, azad sözü boğması, təşəbbüskarlığın “anasını ağlatması” nəticəsində azərbaycanlılar azad söz, sərbəst fikir eşitməkdən uzaq düşdülər. Səbəblər dərindir və bugünki yazının məqsədi başqadır.

Saytların yığılması Saytların yığılması

Son illər onlayn kanallar bizə belə fürsət verib ki, siyasətçiləri daha yaxından tanıyaq. Azərbaycan youtube məkanında demək olar ki, biz hər gün eyni simaları görürük. Mənim üçün ən maraqlısı onlayn məkanda baş tutan siyasi debatlardır. Azərbaycanlı siyasətçilər bir-birinin üzərinə qışqırırlar. Yadımdadır, “Xural Tv”-də keçmiş baş nazir Pənah Hüseyn və ilahiyyatçı Elşad Miri arasında biabırçı debat baş tutmuşdu. Əslində, verilişin moderatoru jurnalist Əvəz Zeynallı formatı düzgün müəyyən etməmişdi. Elşad Miri ilə debata ən yaxşı halda başqa bir ilahiyyatçı çıxa bilərdi. Pənah Hüseyn siyasətçidir və onun din haqqında, teologiya barədə bilgiləri məhduddur. İş ondadır ki, bu debat baş tutmadı və Pənah Hüseyn hikkəsini, qəzəbini həm Elşad Mirinin, həm də Əvəz Zeynallının üzərinə tökdü. Ancaq insaf naminə deyim ki, Pənah Hüseynin son vaxtlar siyasi debatlardakı ümumi performansı xoşuma gəlir. Keçmiş baş nazirimiz yeri gələndə 1 illik cəbhə hakimiyyətinin də səhvlərindən danışır. Lakin son dəfə Tv Müsavatda Pənah bəy xalq hərəkatının tribuna qəhrəmanı, imkan düşdükcə özünü ekranda cəngavər obrazında görən Nemət Pənahlı ilə debatı dəhşətli dərəcədə bərbad idi. Ümumiyyətlə, Nemət Pənahlı adlı azərbaycanlı monoloqçudur, qarşısındakına danışmağa imkan vermir. Lakin, debat ərzində Nemət Pənah Hüseynə “Sən Azərbaycan tarixində Beyrəyin qanlı köynəyini gətirən Yalıncıq kimi qalacaqsan” sözü siyasətimizin hələ də primitiv və infantil düşüncə daşıyıcılarından ibarət olduğunu göstərir. Təsəvvür edin ki, Pənah Hüseyn də Nemətə “Allah kəssin sənin kimi nişanlını” deməklə bizi daha da güldürdü. Bəlkə də bu, gülməli yox ağlamalıdır.

Nemət Pənahlı və Sərdar Cəlaloğlu arasında başqa bir debatda tərəflər bir-birinə “Allah sənə lənət eləsin”, “moşennik”, “evyıxan” ,”həyasız”, “xalq düşməni” kimi sözlər işlətdilər. Təsəvvür edin ki, bu adamlar artıq ahıl yaşdadır və babadırlar. Ancaq minlərlə izləyicinin gözləri önündə küçə jarqonuyla, vulqar ifadələrlə danışırlar. Azərbaycan siyasətçilərinin mütləq əksəriyyətində sistemli düşüncə, mühakimə qıtlığı var. Üstəlik, bu adamların aşırı eqosu, narsizmi insanlarda istər-istəməz ikrah oyandırır. Bu adamlar hermetik siyasət nəticəsində, özlərini realizə edə bilirlər, fəaliyyətlərindəki diskursu dəyişə bilmədiklərinə görə kənardan natamam siyasətçi kimi görünürlər.

Azərbaycan siyasətinin ən populist və proseslərə isterik yanaşmasıyla tanınan başqa bir fiquru da VİP sədri Əli Əliyevdir. Bu adam elə bil siyasətə təsadüfən gəlib. Mənə həmişə elə gəlib ki, Əli Əliyev siyasətçi kimi hadisələrin daxilinə nüfuz edə bilmir, hər şeyə səthi yanaşır və beləliklə özünə işgəncə verir. Bu adam tez-tez YAP-çı Elman Nəsirovla debata çıxır. Düzdür, Elman Nəsirov özünü daha təmkinli və dözümlü aparır. Lakin, Elman Nəsirov da polemikçi deyil və başdan ayağa faciədir. Əli Əliyev isə hətta haqlı olsa belə, isterik və səthi danışmaqla Elman Nəsirovun qarşısında belə haqsız duruma düşür. Əli Əliyev populistdir, eyni zamanda hadisələrə konseptual yanaşa bilmir və hər şeyə eqo pəncərəsindən baxır.

Onlayn televiziyaların başqa bir qaraqışqırıqçı siyasətçilərindən biri də Ağ Partiyanın başqanı Tural Abbaslıdır. Tural bəy qarşısındakı rəqibin sözünü kəsir, daha çox “krutoy” və məhəllə jarqonuyla danışır. Gənc başqan Ərdoğana bənzəmək üçün daha çox qışqırır və kütlənin emosiyalarına oynayır. Tural bəy MaşAllah tribunaya oynamağı gözəl bacarır; məmurlara divan tutur, hay-küylü ritorikaya üstünlük verir və nəticədə məhəllənin dəcəl oğlanı kimi görünür. Məsələn, Tural Abbaslı gənc olsa da, daha çox keçmiş siyasətçilərin ifadə tərzindən istifadə edir, onlara oxşamağa çalışır. Hərçənd, Abbaslı yeni siyasi davranış qaydalarını nümayiş etdirə bilər. Ancaq o, ötkəm danışır və emosional vurğulara keçid etməklə qarşımızda gənc Sərdar Cəlaloğlu fiqurunu canlandırır.

Azərbaycan siyasətçilərinin mütləq əksəriyyəti hadisələrə konseptual baxış sərgiləyə bilmir, sloqanizimdən gen-bol istifadə edir və ən dəhşətlisi də türklər demişkən, “duyğu sömürüsü” ilə məşğul olurlar. Onlarda polemika mədəniyyəti inkişaf etmir, hadisələrə sistemli baxış bucağı görünmür. Ancaq ən dəhşətlisi odur ki, auditoriya şüarçı, populist siyasətçiləri dinləyir, onlara maraq göstərirlər. Azərbaycanlılar apolitik insanlardır. Polit qruplar Azərbaycan cəmiyyətində marginaldır. Apolitik azərbaycanlılar da populist, şüarçı siyasətçilərin perspektivsiz tezislərinə daha tez inanırlar. Kütlələri rasionalizm yox, daha çox emosional hay-küyçü və daha çox qışqıran siyasətçilər cəlb edir. Çox təəssüflər olsun ki, bu işdə alan da razı, satan da.

Siyasi ekspert Kamal ƏLİYEV

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir