Top.Mail.Ru
ARAŞDIRMAbanner

Putinin “qeyri-real” miqrant HƏMLƏSİ – Kremlin deportasiya oyununun arxasındakı KRİTİK NÜANSLAR

Siyasi ekspert Kamal Əliyev

Rusiya prezidenti Vladimir Putinin ətrafındakı çəmbər daralır.

Avtoritar liderlər adətən təzyiq dalğasıyla üzləşdikdə əllərində olan bütün rıçaqlardan istifadə etməyə başlayırlar. Putin elə yaramaz personadır ki, ölkəsində avtoritarizmin funksional, reaksionar və struktural növlərini “uğurla” həyata keçirib.

Saytların yığılması Saytların yığılması

İlin, günün bu vaxtında Rusiya hakimiyyəti qərara gəlib ki, MDB ölkələrindən olan qeyri-qanuni miqrantları deportasiya etsin. İndi bəzi ekspertlər deyə bilər ki, bu, təkcə Azərbaycanla bağlı deyil, bütün MDB ölkələrindən olan mühacirlərə aiddir. Əlbəttə, mən də Putinin bu qərarına tək Azərbaycan prizmasından yanaşmıram. Vurğulayım ki, Rusiyada həmişə qeyri-qanuni xeyli sayda miqrant olub. Yəni, bu, yeni mövzu deyil.

Putinin atdığı bu addımın bir anlamı var: ABŞ-ın yeni prezidenti Cozef Bayden Putinə qarşı daha sərt təcrid siyasətini həyata keçirəcək. Bayden ilk 4 illik hakimiyyəti dövründə Rusiyaya qarşı həm siyasi, həm də iqtisadi təzyiqlərini daha da gücləndirəcək. Artıq bu, heç kimdə şübhə doğurmur. Putinin Ukrayna siyasəti, müxalif Navalnıyla bağlı addımları artıq onun ətrafında hər keçən gün çəmbərin daralmasına xidmət edir.

Keçən ilin noyabrında Bakıda keçirilən hərbi paraddan sonra Putin Azərbaycandan idxal olunan pomidorda “gəmirici” tapmışdı. Onun qarınağrısı paradda nümayiş etdirilən rus silahları idi.

***

İndi vəziyyət daha da gərginləşib. Qərb Putinin şıltaqlıqlarına əvvəlki kimi tolerant davranmaq istəmir. ABŞ, Polşa, Çexiya kimi ölkələr ardıcıllıqla rus diplomatlarını ölkələrindən deportasiya edirlər. Artıq Putinin Tramp kimi tərəf müqabili yoxdur ki, at oynadsın. Avtoritar liderlərlə yeri gələndə onların anlayacağı dildən danışmaq lazımdır.

Nəhayət, Putinin imperial siyasətinə qarşı dünyada qəti fikir formalaşıb. Lakin bir məqamı da unutmamalıyıq ki, Putin də dinc durmayacaq. O, xeyli müddətdir ki, sovet ittifaqının ən azından kiçik modelini qurmaq istəyir. Putinə görə, sovet ittifaqının dağılması 20-əsrin ən böyük faciəsi idi .O, şər imperiyasının dağılmasını hələ də həzm edə bilmir. Postsovet məkanında etnik münaqişə ocaqları yaradır, Qazaxıstana torpaq iddiası irəli sürür, Lukaşenkoya qarşı “sui-qəsd” oyunu qurur, Azərbaycan ərazisinə “İsgəndər-M” raketi atıb bunun arxasından çəkilir.

***

İndiki situasiyada Qərb Putinə maksimum təzyiq etmək niyyətindədir. Və belə bir vəziyyətdə Putin post-sovet ölkələrini arxasına almalıdır. Putin görür ki, bunun ən optimal yolu bu ölkələrə qarşı qeyri-leqal miqrant oyunu oynamaqdır. Bu, o deməkdir ki, sizin başqa yolunuz yoxdur və mənim ətrafımda cəmləşin.

Problem həm də ondan ibarətdir ki, keçmiş sovet respublikaları da avtoritar idarəetmə yolunu seçiblər. Əlbəttə, bu yolda onların ən böyük hamisi də elə Putin idi. Vaxtında azad biznes mühiti, azad məhkəmələr, istehsal sahələri yaratsaydılar, indi Putinin “demokl qılıncı” ilə qarşılaşmazdılar.

Zamanında Azərbaycan hökumətinin məmurları xalqdan oğurladıqları milyardları ölkə iqtisadiyyatına yatırsaydılar, şübhəsiz ki, vəziyyət indi belə acınacaqlı olmazdı. Nəzərə alaq ki, bu adamlar əmək qabiliyyəti olan Azərbaycan vətəndaşlarıdır. Üstəlik, qlobal pandemiyanın yaratdığı ciddi iqtisadi problemlər var.

İndi təsəvvür edin ki, ölkəyə 120 min yeni işsiz ordusu qayıdacaq. Bu, hazırkı situasiyada sosial-iqtisadi problemlərin daha da kəskinləşməsinə yol açacaq.

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir