Top.Mail.Ru
ARAŞDIRMAbanner

Sayıqlayan rus siyasətçilər Putinin “DİLİDİR”? – Mironovun SİRRLİ BÖYÜK RUSİYA PLANI / ARAŞDIRMA

Rusiya indi də Mironovun diliylə Azərbaycana qarmaq atır.

Məndə həmişə belə bir fikir formalaşıb ki, rusiyalı siyasətçilər vaxtaşırı nə dediklərinin fərqində olmurlar. Hətta rus siyasətçilərin dünyagörüşünü ekspansionizm təşkil edir. Bu adamlar nə real politikaya inanırlar, nə də siyasi korrektliyə riayət edirlər.

Saytların yığılması Saytların yığılması

Rusiyada Sergey Mironov adlı bir siyasətçi var. Mironov sıradan siyasətçi deyil və Dövlət Dumasında təmsil olunur. Doğrudur, Rusiyadakı LDPR adlı partiyanın lideri Vladimir Jirinoviskidə dünyada təmsil olunur.

Etiraf edim ki, Mironov və Jirinoviski arasında müqayisə aparmağın əleyhinəyəm. Məsələn, Jirinoviski ola bilsin ki, Putinin ona ötürdüklərini deyir, ancaq o da məlumdur ki, bu populist rus siyasətçi bu gün dediyini elə sabah asanlıqla inkar, ya da təvil edə bilər. Necə deyərlər, Jirinoviskiyə artıq öyrəncəliyik; adətən bu rus siyasətçinin dediklərini qətiyyən ciddiyə almağın tərəfdarı deyiləm. Jirinoviski bizdəki Hafiz Hacıyevin tayıdır.

Deməli, Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək.

Ədalətli Rusiya partiyasının lideri, Dövlət Dumasının üzvü Sergey Mironov bu seçkidə partiyası üçün “Rusiya ərazilərinin genişləndirilməsinə nail olaq!” adlı şüar irəli sürüb. Hər halda, Sergey Mironovun partiyası marginal deyil və Dumada təmsil olunur.

Yəni, bu tərz siyasi şüar militarist əhval-ruhiyyədən başqa bir şey deyil. Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətidir. Bu ölkə bitməz-tükənməz təbii resurslara sahib olmasına baxmayaraq, hələ də öz əhalisinin iqtisadi vəziyyətini heç olmasa minimum belə təmin edə bilmir. Nəhəng Rusiyanın gənc beyinləri sürətlə ölkəni tərk edir, ölkə müasir texnologiyalara, innovasiyalara nail olmaqda çətinliklər çəkir. Rus xalqı istedadlı xalqdır. Di gəl, Putinin diktatorial sistemi bu xalqın təşəbbüslərini boğub. Ağıllı ruslar ölkənin gələcəyinə həm ümid bəsləmirlər, həm də kifayət qədər skeptik yanaşırlar. Nəticədə meydan Mironov kimi populist siyasətçilərə qalır.

Sergey Mironov bu gərəksiz seçki şüarını irəli sürərkən, heç şübhəsiz Abxaziya, Şərqi Ukrayna, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağı nəzərdə tutur. Təsəvvür edin, 17 milyon kvadrat metr ərazisi olan bu dövlət indi də özünün ərsəyə gətirdiyi separatçı bölgələrə göz dikib.

Ancaq burda bir nüans var ki, Rusiyanın birbaşa Dağlıq Qarabağla sərhədi yoxdur. Belə çıxır ki, Rusiya gələcəkdə quru sərhədlərindən uzaqda yerləşən Dağlıq Qarabağı bir anklav kimi öz perferiyasına daxil etmək istəyir, ya da Ermənistanı işğal etməklə bu arzusuna çatmağa ümid bəsləyir.

Hərçənd, bu, baş verəcəyi təqdirdə belə ortada Gürcüstan var. Digər tərəfdən, Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiya özünə necə birləşdirəcək? Ancaq biz Mironov kimi siyasətçilərin bəlli bir zamana və konyukturiyaya hesablanmış siyasi təlxəkliklərinə öyrəşmişik axı. Bu dar və qısır siyasi dünyagörüşünə malik olan siyasətçilər tez-tez fikirlərini dəyişirlər.

Təxminən 2010-cu ildə Sergey Mironov deyirdi ki, Dağlıq Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan rəhbərləri həll edə bilər. Mironova görə, tərəflər ümumi məxrəcə gəldikdən sonra Rusiya qarant rolunu öz üzərinə götürə bilər. Xatırladım ki,Rusiya prezidenti də uzun illər elə eyni tezisi təkrarlayırdı: Tərəflər aralarında razılıq əldə etsinlər, Rusiya sülhə qarant ola bilər.

Şübhəsiz ki, rəsmi Kreml “qarant” dedikdə nə vaxtsa Dağlıq Qarabağda rus sülhməramlılarının mövcudluğunu nəzərdə tuturdu. Əliyev hakimiyyəti o tarixdə rus sülhməramlılarının Qarabağda mövcudluğuna razı olmasa da, 2020-ci ilin noyabrın 10-da fikrini dəyişdi. Mironov hər vəchlə Türkiyəni də münaqişənin həllindən uzaq tutmağa çağırışlar edir.

Zənnimcə, ruslara qalsaydı, Ağdamdakı Türkiyə-Rusiya birgə müşahidə məntəqəsinin də yaradılmasına imkan verməzdi. Lakin Azərbaycan hakimiyyəti burda ehtiyyatı əldən vermədi. Burda ictimai rəyin də təzyiqlərini qeyd etməliyik.

Məncə, hökumət rus siyasətçilərinin belə sayıqlamalarına adekvat münasibət bildirməlidir. Yenə də təkrar edirəm ki, Sergey Mironov Dumada vəzifə sahibidir. Üstəlik, Erməni mediası da bu adamın fikirlərini Azərbaycan əleyhinə tirajlamaqla məşğuldur. Açıq deyək ki, Kreml özünün birbaşa deyə bilmədiklərini bəzən Sergey Mironov və onun kimilərinin diliylə çatdırır.

Siyasi ekspert Kamal Əliyev

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir