Top.Mail.Ru
ARAŞDIRMA

ABŞ Ukraynanın NATO arzusunu RƏDD ETMİR: Ukrayna və Gürcüstanın NATO üzvlüyü isə Rusiya üçün “QIRMIZI XƏTT”dir – TƏHLİL

Siyasi ekspert və beynəlxalq məsələlər üzrə araşdırmaçı Kamal Əliyev

Ukrayna prezidenti Vladimir Zelenski 14 iyun tarixində tvitter hesabında yazmışdı ki, ölkəsi NATO-ya üzv olacaq və bu, alyansın liderləri tərəfindən də qəbul olunub. Lakin bu addım NATO üçün sıradan bir seçim yox, eyni zamanda növbəti geopolitik bir seçim ola bilərdi. Əvvəlcə vurğulayım ki, Ukraynanın NATO-ya üzvlük arzusu şübhəsiz ki, alyans üçün müsbət bir hadisədir. Yəni, NATO Rusiyanı məmnuniyyətlə çevrələmək istəyərdi. Ancaq bu məsələdə hər şey göründüyü kimi bəsit də deyil. Dogrudur, Zelenski NATO mövzusunda həm istəklidir, həm də bəzi riskləri gözə alıb. Vurğulayım ki, qarşı tərəf – NATO elitası isə mövzuya kifayət qədər təmkinli münasibət sərgiləyir.

Şübhəsiz ki, NATO-nun əsas siyasi aktyoru və yaxud gücü ABŞ-dır. İş ondadır ki, ABŞ prezidenti Co Bayden də Ukraynanın NATO-ya üzv olmasına daha çox təmkinli yanaşır. Hətta Bayden Brüsseldəki son NATO zirvəsində dedi ki, Ukrayna əvvəlcə ölkə daxilində korrupsiyaya qarşı mübarizə aparmalıdır və başqa kriteriyalar da var. Əlbəttə, biz Baydenin dilə gətirdiyi başqa “kriteriyalar”-ın nədən ibarət olduğunu bilmirik. Ancaq bütün postsovet ölkələri kimi, Ukraynada korrupsiyadan, oliqarxizimdən əziyyət çəkir. Əslində, ABŞ Ukraynanın NATO arzusunu rədd etmir, ancaq alyansın üstünlük verdiyi dəyərlərdən də güzəştə getmək istəmir. NATO hər şeydən əvvəl dəyərlərə, kriteriyalara sahib olan həm siyasi, həm də təhlükəsizlik paktıdır. Bu pakta demokratiya və insan hüquqları kimi dəyərlər də aiddir.

Saytların yığılması Saytların yığılması

Ancaq ən vacibi isə NATO-ya daxil olmaq istəyən ölkənin ərazi bütövlüyü məsələsidir.

Bəli, Ukrayna bu gün öz ərazi bütövlüyünü təmin edə bilmir. 2014-cü ildə Krım, daha sonra isə Donbask və Luqansk Rusiya tərəfindən işğal olunub. Tutaq ki, NATO Ukraynanı öz sıralarına qəbul etdi. Bu, həm də o deməkdir ki, alyansa ona üzv olan ölkənin ərazi bütövlüyünü kollektiv şəkildə təmin etməyə borcludur. Yəni, NATO nizamnaməsinin 5-ci maddəsi bunu tələb edir.

Belə olan təqdirdə, NATO Rusiya ilə irimiqyaslı müharibəni gözə almalıdır. Qərb isə Rusiyanı hələ ki ən optimal yolla-iqtisadi sanksiyalarla məngənəyə salıb. Digər tərəfdən, Putinin də dediyi kimi, Ukrayna və Gürcüstanın NATO üzvlüyü Rusiya üçün “qırmızı xətt”dir.

Düşünürəm ki, Ukraynanın NATO üzvlüyü geopolitik seçimdir. Bu səbəbdən, alyans məsələyə daha təmkinli və səbrli yanaşır. Dogrudur, Qərb Rusiyanı çevrələməyə çalışır, ancaq bu ölkə qonşu olmaq, sərhəd problemləri yaşamaq da istəmir.

Rusiyanın “Yaxın Cografiya”adlı bir doktrinası var. Rusiya postsovet məkanını öz “arxa baxçası” kimi görür. Ruslar 2004-cü ildən bu doktrinanın qəbul edib. Yadınızdadırsa, 2004-cü ildə Bolqarıstan və Rumıniya NATO üzvü oldular. Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya müdaxiləsi elə bu doktrinadan irəli gəlirdi. Rəsmi Kreml də edir ki, NATO-nun şərqə doğru genişlənməsi Ukrayna və Gürcüstanla bitməyəcək. Üstəlik, Türkiyə, Bolqarıstan və Rumıniyanın NATO üzvü olması Qara dənizə daha çox qərbin nəzarət etdiyini göstərir. Indi siz bura Ukrayna və Gürcüstanı da əlavə edin. Zənnimcə, hər şey bu qədər aydındır. Gördüyünüz kimi, Qərb də Rusiyanın bəzi həssas nöqtələrini bilir. Elə ona görə də Ukrayna və Gürcüstanın NATO üzvlüyünə təmkinli yanaşmaqda davam edir. NATO böyük ehtimalla Ukraynanın ittifaqa üzvlüyünün risklərini də nəzərə alaraq, daha məqbul siyasət yeridıcək. Ancaq gec-tez Ukrayna və daha sonra Gürcüstanın NATO üzvlüyü baş tutacaq-Rusiya istəsə də, istəməsə də.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir