Top.Mail.Ru
bannerCƏMİYYƏT

Cəmiyyətlərin inkişafında fərdlərin və ya kütlələrin bacarığı HAQQINDA – ESSE

Siyasi ekspert Kamal Əliyev

Təxminən 2 il əvvəl sosial-psixoloq Felisia Prattonun “Social Dominance” kitabını oxumuşdum. Kitabda bir cümlə diqqətimi çox cəlb etmişdi. Belə ki, kitabın bir yerində Pratton yazırdı ki, fərdə söykənən sosial bir iyerarxiyada fərdlər fiziki güc, liderlik, siyasi, elmi bacarıqlarının və uğurlarının ona verdiyi böyük gücün, prestijin və sərvətin keyfini yaşaya bilir. 

Pratton əslində demək istəyirdi ki, cəmiyyətdəki sosial iyerarxiya, fərdi bacarıq və uğurlara söykənirsə o cəmiyyətdə “uğurlu fərdlər” kütlələrdən daha önəmlidir.

Saytların yığılması Saytların yığılması

Məsələn, götürək bir istedadlı futbolçu. Onun zərbə vurduğu top sehirli şəkildə zehni hara istəyərsə ora da istiqamət ala bilir. Bu futbolçunun həm təbii bacarıqları var, həm də öz üzərində işləyib. Bizim üçün bu istedadlı futbolçunun siyasi ideologiyası, hansı dinə, məzhəbə aid olması vacib deyil. Vacib olan odur ki, minlərlə fanatın qışqırdığı stadionda futbolçunun 94-cü dəqiqədə həlledici qolu vurub komandasına vacib qələbəni qazandırmasıdır.

Və yaxud qadın bir meneceri düşünək. Bu menecerin əlinin altında minlərlə işçi işləyir və qadın şirkəti elə uğurlu idarə edir ki, artıq onun yubka geyinməsi, hicablı olması, lap feminist olması da vacib əhəmiyyət daşımır. Şəxsən mənim üçün əhəmiyyətli olan bu qadın menecerin ən stresli anlarda işçilərini idarə etmək bacarığıdır.

Başqa bir nümunə olaraq bir bəstəkar seçək. Bu bəstəkar elə gözəl mahnılar yazır ki, onun mahnıları “bestseller” və ya “hit” əsərlər olur. Hətta müğənnilər onun mahnılarını almaq üçün bir-birini az qala boğurlar. İndi bu bəstəkarın konservativ, liberal və yaxud sosial-demokrat olması maraqlı deyil. Maraqlı olan budur ki, onun bəstələdiyi mahnılar onminlərlə insanın qəlbinə yol tapır.

Bir alim bütün günü öz laboratoriyasına qapanır öz zehniylə, təcrübəsi ilə genetika sahəsində elə kəşflər edir ki, onun yaratdığı dərmanlar milyonlarla insana ümid olur.

Məsələn,”BionTech” firmasının sahiblərindən olan türk əsilli professor Uğur Şahin və onun həyat yoldaşı Özləm Türəci. İndi bu iki alimin siyasi ideologiyası, Ərdoğanı sevib-sevməməsi, Atatürkü ilahlaşdırdığı heç kim üçün maraqlı deyil. Maraqlı olan onların koronavirusa qarşı kəşf etdiyi peyvənddir.

Xülaseyi-kəlam, fərdlərin önəmli olduğu cəmiyyətlərdə uğur fərdi xüsusiyyətlərə bağlıdır.

Bunun əksinə, fərdlərin deyil, kütləvi qrupların hökm sürdüyü və sosial iyerarxiyaya söykənən cəmiyyətlər var. Bu sayaq cəmiyyətlərdə fərd önəmsizdir, mənasızdır; başlarının içində nə olması əhəmiyyətli deyil, mühüm olan başlarının sayıdır. Belə cəmiyyətlərdə onlarla qrup var və hər qrup öz sayı ilə qürurlanır. Nəticə olaraq, bu qruplarda uğur fərdin yox, daha çox qrupların olur.

Hətta belə cəmiyyətlərdə yuxarıda da vurğuladığım kimi, futbolçunun istedadı deyil, komandanın siyasi dəstəyi və ya fanatlarının sayı mühümdür.

Tutaq ki, şirkətin meneceri var, lakin o, oturduğu kresloda bacarıqla deyil, “dayday” hesabına var olmasıdır. Çünki, o, onu vəzifəyə təyin edənlərə işləyəcək.

Məsələn, Azərbaycanda vəziyyət belədir. Rövnəq Abdullayev kimi savadsız biri strateji əhəmiyyətli SOCAR-da öz bacarığıyla deyil, təyinatla oturub. Rövnəq qətiyyən bacarıqlı CEO ola bilməz. Rövnəq onu o vəzifəyə təyin edənlərin xoşuna gəlmək üçün çalışır.

Nəticədə Rövnəq Abdullayevin oğlu Rəşad da atası kimi bacarıqsızdır və 2 milyonluq bahalı saatı da İbizada başına bir qapaz vurub əlindən alırlar.

***

Fərdlərin bacarıqları deyil, kütlələrin verdiyi qərarların dominant olduğu cəmiyyətlərdə siyasi dedi-qodular, fanatizm, daydaylıq kimi xüsusiyyətlər heç vaxt bitməz. Fərdi istedadı və uğuru olan insanlar bir qrupun içində deyillərsə, cəmiyyət üçün ya görünmədilər, ya da dışlanmış olurlar.

Əgər bir cəmiyyət kütlələri irəli çıxararsa və fərdi əzərsə, yəni “cəmiyyət daha əhəmiyyətlidir” deyərsə, tam əks təsir ortaya çıxar və cəmiyyət bütövlükdə gərginləşər.

Hazırda Azərbaycan cəmiyyəti bu gündədir. Məsələn, 50-ə yaxın kitab yazmış, keçmiş deputat Hüseynbala Mirələmovun publisist bacarığı, siyasi keyfiyyətləri deyil, daha çox onun katibəsinə qarşı qeyri-etik davranışı azərbaycanlılar arasında ciddi müzakirə mövzusu olur – özüdə kütləvi formada…

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir