Top.Mail.Ru
DÜNYA

Rusiya Avropanı tərk-silah edir –Müharibənin “qoca qitə”yə yaşatdığı PROBLEM + FOTO

Avropa diplomatiyasının rəhbəri Jozep Borrel öz bloqunda Ukraynadakı münaqişə səbəbindən Avropanın silah ehtiyatlarının tükəndiyini etiraf edib. O, həmçinin Aİ ölkələrini müdafiə sənayesini inkişaf etdirmək və müdafiə qabiliyyətini gücləndirmək üçün investisiyalar cəlb etməyə çağırıb. “Mövcud silah ehtiyatları tükənib və münaqişə ehtiyatlar müharibəsindən istehsal müharibəsinə çevrilib”, – deyə Borrel bildirib. O, Avropa ölkələrini Ukraynaya adekvat hərbi dəstəyi davam etdirərək silahlarını artırmağa çağırıb.

J.Borrelin bu çağırışı əsl gerçəklikdə nəyin göstəricisidir? Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ehtiyatın tükənməsi problemindən, ümumən silah böhranından çıxa biləcəkmi?

Saytların yığılması Saytların yığılması

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ukraynada müharibə başlamadan öncə Qərb analitik mərkəzlərində Avropanın silah-sursat və hərbi potensialı ilə bağlı müəyyən şübhələr özünü büruzə verib. Onun sözlərinə görə, Rusiya ilə müharibə olduğu halda, Avropanın Ukraynaya hərbi yardımı necə edəcəyi sualı da məhz əvvəldən yaranıb: “Hətta, hərbi ekspertlər Ukrayna savaşı başlayanda, Rusiyanın Avropanı tərk-silah etdiyini söyləmişdilər. Ona görə də, silah təminatı qısa müddətə həll olunacaq bir şey deyil. Avropa öz silah-sursatlarının bir hissəsini öz anbarlarından, digər bir qismini isə istehsal müəssisələrindən vermək məcburiyyətində qalıb. Keçdiyimiz illərdə bəlli olub ki, Avropa öz ehtiyatı olan silah-sursat məhsullarını Ukraynaya göndərib. Onun yerinin doldurulması isə zaman məsələsidir. Belə olduğu təqdirdə, Avropanın ehtiyat silah anbarlarının doldurulması üçün böyük vəsaitə və vaxta ehtiyac var. Məsələn, Şərqi Avropa ölkələri ehtiyat silah-sursat anbarlarının 90 faizini boşaldıblar. Nəticədə, Avropa ABŞ müdafiə sənayesindən asılı vəziyyətdə qalıb. Avropa diplomatları da bunu etiraf ediblər və belə bir hal gözlənilən idi”.

Ekspertin qənaətincə, Avropa ölkələri Ukraynaya silah təminatının ABŞ tərəfindən həyata keçirilməsini istəyirlər: “Avropa İttifaqının xarici işlər üzrə Ali Komissarı Jozep Borrelin açıqlamaları da buna misaldır. Avropa bilir ki, Ukraynaya edilən yardımlar həm onların ehtiyatlarının tükənməsinə, həm də ABŞ-nin müdafiə sənayesindən asılılığa gətirib çıxarır. Yəni, anbarda bitən məhsulun yenidən əldə olunması üçün Avropa ABŞ ilə danışıqlar aparmalıdır. Beləliklə də, ölkə öz müdafiə məsələlərini təhlükə altına salmış olur”.

Hərbi ekspert R.Məmmədli əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin yaxın günlərdə bitməsini demək diletantlıqdır: “Mən sözügedən savaş başlamadan öncə və sonra da Rusiyanın müdafiə sənayesinin tükənməyəcəyini deyirdim. Təəssüf ki, bəzi siyasi, hərbi şərhçilər bununla razılaşmırdılar. Hazırda Avropa ölkələrinin müdafiə sənayesi potensialının bir görüntü olduğu hər kəsə aydındır. Hər hansı bir ölkə birgə məhsul istehsalında maraqlı deyil. Bu isə məhsulun operativ idarə olunmasında problem yaradır. Bir sözlə, Avropa müdafiə sənayesi bu məsələdə ciddi təhlükə ilə üz-üzədir. ABŞ isə özü istehsal etdiyi məhsulları Ukraynaya göndərməkdə maraqlı deyil. Təbii ki, Avropa müdafiə sənayesi kompleksi Ukrayna müharibəsində Rusiyanın qeyd olunan sektoruna uduzur”.

Bənzər yazılar