Top.Mail.Ru
GÜNDƏM

İranın “MOLLA HƏDƏSİ”nə din xadimlərimizin münasibəti yetərincə ADEKVAT OLDUMU?

Ceyhun Məmmədov: “Din xadimlərimiz, ilahiyyatçılar İranın əyalət mollasının ittihamlarına cavab verməli idilər”

Saytların yığılması Saytların yığılması

Aqil Şirinov: “Din xadimlərimiz arasında da dövlətimizə yönəlik ittihamlara etiraz edənlər oldu…”

Son vaxtlar İranın bəzi din xadimləri tərəfindən səsləndirilən anti-Azərbaycan bəyanatları, o cümlədən adıçəkilən dövlətin İranla sərhəddə keçirdiyi hərbi təlimlər fonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bir çox siyasətçilər, ictimai xadimlər öz narahatlıqlarını ifadə etməkdə, mövqe sərgiləməkdədir. Lakin təəssüflər olsun ki, bütün bu yaşananlar fonunda Azərbaycanın əksər din xadimlərinin hər hansı mövqe ortaya qoyması, Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində hansısa açıqlama və ya bəyanat verməsi müşahidə edilmir. Hər halda, media və sosial media platformasında belə bir aktivlik müşahidə edilmir.

Din xadimlərimizin İranla gərginlik fonunda məlum susqunluğu nə ilə bağlıdır? Niyə sadəcə dinimizin deyil, vətəndaş olaraq həm dövlətimizin, xalqımızın təəssübünü çəkməyə məsul olan din xadimlərimiz İran mollarının haqsız bəyanatlarına adekvat müansibət ortaya qoymur?

KAİM.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov din xadimlərinin bu məsələdə lazımi aktivlik sərgiləməsinin vacib olduğunu vurğulayıb:

“Bu məsələ çox önəmli məsələdir. Burada söhbət Azərbaycan dövlətinə qarşı edilən hücumlardan gedir. Burada söhbət suverenliyimizə, müstəqilliyimizə edilən hörmətsizlikdən gedir. Bu prosesdə hamı aktiv olmalı, məlum təhdidlərin qarşısının alınmasında iştirak etməlidir.

İlk bu müzakirələri başladan cənab prezidenrt İlham Əliyevin təbirincə desək, İranın əyalət mollası olub. O, ölkəmizə qarşı ittihamlar, təhdidlər səsləndirdi. Doğrudur, Qafqaz Müsəlmanları İdarəsi öz mövqeyini bildirdi. Amma mən hesab edirəm ki, bizim tanınmış din xadimlərimiz, ilahiyyatçılar da aktiv olmalıydı.  Onlar öz vətəndaşlıq mövqeyini mütləq bildirməli idilər.

İran öz əməllərinə din donu geyindirməyə çalışır. Belə bir təəssürat yaratmağa çalışır ki, guya Azərbaycanda dövlət dinə qarşı, ölkə əhalisinin əksəriyyətini təşkil edən şiələrə qarşı hansısa siyasət aparır. Bu, belə deyil və tamamilə yanlışdır. Dövlət hansısa məzhəb və dinə qarşı heç bri addım atmır. Son günlər ölkəmizdə dini sahədə heç bir dəyişiklik edilməyib. Dövlətin bu münaqişədən öncə dinə münasibəti necə idisə, bu gün də elədir. Dövlət başçımız işğaldan azad edilən rayonlarımızda yeni məscidlərin təməlini qoyur. Bu istiqamətdə ciddi addımlar atılıb.

Dövlətimizin həyata keçirdiyi siyasətin müdafiə olunması, bu təhdidlərin qarşısının alınmasında hər birimizin üzərinə vəzifə düşür. Siyasətçilər, müxtəlif sahələrdə çalışan din xadimləri bu məsələdə öz aktivliklərini nümayiş etdirməlidirlər. Bu məsələnin dinlə, məzhəblə heç bir əlaqəsinin olmadığı xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, din xadimləri cəmiyyətimizlə, insanlarımızla ən çox ünsiyyətdə olan təbəqələrdən biridirlər və bu səbəbdən də bu kimi məsələlərdə mövqe nümayiş etdirməli, lazımi aktivlik sərgiləməlidirlər”.

İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov din xadimləri arasında da məlum gərginliklə bağlı mövqe sərgiləyən, öz etirazını açıq şəkildə ortaya qoyan şəxslərin mövcudluğunu vurğuladı:

“Din xadimlərimiz arasında da Həsən Amilinin ölkəmizlə bağlı səsləndirdiyi fikirlərə etiraz edən, bununla bağlı öz mövqeyini ortaya qoyan insanlar oldu. Ola bilsin ki, bu, mətbuatda o qədər də çox yayılmadı və ya diqqət cəlb etmədi. Ancaq din xadimləri və həmçinin ilahiyyatçılar da məlum ittihamlarla bağlı etiraz sərgilədilər. Xatırladım ki, Şeyxülislam Allahşükür Paşazadə də bununla bağlı mövqeyini ortaya qoydu. Sadəcə Azərbaycanda deyil, Türkiyədəki soydaşlarımız içərisində fəaliyyət göstərən din xadimləri arasında da, dövlətimizin haqlı mövqeyini müdafiə edənlər, ölkəmizə yönəlik haqsız ittihamları qınayanlar oldu.

Təbii ki, Azərbaycanla bağlı məlum itihamlar əsassız və qəbuledilməzdir. Özünü bəşəri və dini dəyərlərin carçısı kimi təqdim edən bir din xadimi bu kimi ittihamları vaxtilə işğalda saxladığı Azərbaycan torpaqlarında məscidləri dağıdan, bu məscidlərdən tövlə kimi istifadə edən Ermənistanla bağlı səsləndirməli, onun törətdiyi vəhşilikləri qınamalı idi. Axı, ümummüsəlman qardaşlığı və insaniyyət bunu tələb edir.

Bildiyiniz kimi, 44 günlük şanlı Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komanan İlham Əliyev 30 ilə yaxın işğal altında qalan ərazilərimizi azad etdi. Məhz bu qələbə nəticəsində məscidlərimiz də erməni faşizminin əsarətindən xilas oldu. Bu gün həmin məscidlərin bərpası, eyni zamanda yeni məscidlərin inşası istiqamətində mühüm addımlar atılır, böyük işlər görülür. Prezidentimiz ümumislam dəyərlərinin qorunması yönündə mühüm layihələr imza atır. Görülən işlər sadəcə Azərbaycan deyil, həm də ümumislam maraqları baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu işlər fonunda belə mənasız, əsassız və heç bir məntiqə söykənməyən ittihamların səsləndirilməsi yolverilməzdir və dindarlarımız, ilahiyyatçılarımız gələcəkdə  də bu dövlətin vətəndaşları olaraq bu kimi məsələlərə həssas yanaşmalı, dövlətimizin, xalqımızın maraqlarının müdafiəsi istiqamətində fəallıq sərgiləməlidirlər”.

Seymur ƏLİYEV

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir