Top.Mail.Ru
ARAŞDIRMA

Kreml Bakının maraqlarına ZƏRBƏ VURUR: Rusiya Ermənistanın dörd kəndi geri qaytarmasını İSTƏMİR

Rusiyada Cənubi Qafqaz ətrafında gərginliyin qalmasında birbaşa maraqlı olan siyasi dairələr fəallaşıblar, onlar regional hərbi-siyasi qarşıdurma faktorlarının saxlanılmasına çalışırlar… Kreml NATO-nun Cənubi Qafqaz siyasətini manipulyasiya edərkən, Rusiyaya xəyanət etmiş Ermənistanı deyil, məhz Azərbaycan və Türkiyəni hədəfə çıxarmağa cəhd göstərir…

Ermənistan qəliz geopolitik situasiyadan çıxış yolları axtarır. Ancaq üz tutduğu bütün yollar rəsmi İrəvanı məhz Azərbaycanın qarşısına çıxarır. Yəni, Paşinyan hakimiyyəti rəsmi Bakının tələblərinin icrasından yayınaraq, Ermənistanı mövcud situasiyadan xilas etmək şansı qalmayıb. Və üstəlik, rəsmi İrəvan tələsmək, mümkün qədər tez bir zamanda prinsipial qərarlar vermək məcburiyyətində qalıb.

Saytların yığılması Saytların yığılması

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini Azərbaycanın beynəlxalq hüquq normalarına bağlı tələblərini icrasına hazırlamaq üçün bütün imkanlarını səfərbər etməyə çalışır. Baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhəd bölgəsinə son səfəri də məhz bu məqsədə xidmət edirdi.

7ff049656426601f98065c04b0f658a6.jpg (177 KB)

Erməni baş nazir həmin səfər çərçivəsində Azərbaycana aid kəndlərin qaytarılmasının qaçılmazlığını əsaslandırmağa çalışdı. Həmin kəndlərin Ermənistanın beynəlxalq hüquqla tanınan dövlət sərhədləri daxilində olmadığını vurğuladı. Və bu reallığa müqavimət göstərilməsinin ən qısa zaman intervalında yeni müharibə ilə nəticələnə biləcəyini bildirdi.

Ermənistan mətbuatına sızan məlumatlara görə, baş nazir Nikol Paşinyan öz yaxın ətrafına erməni toplumuna demarkasiya prosesinin bəzi ərazilərin Azərbaycana qaytarılmasını qaçılmaz etdiyinin izah olunmasını tapşırıb. Həmin məlumatlarda baş nazir Nikol Paşinyanın yaxın ətrafının belə, mövcud situasiyanın qaçılmaz reallıqlarından yeni xəbər tutmağa başlaqları da vurğulanır. Məlumatlı erməni deputatlar isə Ermənistanın öz ərazilərini güzəştə getmədiyini, yalnız Azərbaycana aid kəndləri geri qaytarmaq məcburiyyətində olduğunu bildirirlər.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın işğalı altında olan kəndləri Azərbaycana geri qaytarmağa hazırlaşır. Paşinyan hakimiyyətinin bu mövqeyi Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımından da önəm daşıyır. Çünki baş nazir Nikol Paşinyanın da dediyi kimi, Azərbaycana aid kəndlərin Ermənistanın işğalı altında qalması yeni savaşa səbəb ola bilər. Və rəsmi İrəvan həmin savaşın mümkün nəticələri barədə də əvvəlcədən müəyyən təsəvvürlərə malik olduğuna eyhamlar vurur.

28a03d166f75592649dc9d7ec722a7e2.jpg (430 KB)

Ancaq nə qədər qəribə də olsa, Paşinyan hakimiyyətinin rəsmi Bakının beynəlxalq hüquqa bağlı tələblərini icra etmək niyyətinə ən sərt reaksiyalar məhz Rusiya siyasi dairələri tərəfindən verilir. Belə ki, ermənipərəst rus deputat, Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan baş naziri Nikol Paşinyanın mövqeyini “öz həmvətənlərinə xəyanət” kimi təqdim edib. Və onun fikrincə, erməni baş nazir rəsmi Bakının maraqlarını təmin etmək üçün cəhdlər göstərir.

Eyni zamanda, rus deputat vurğulayıb ki, Rusiya və Ermənistan arasında yaranan fikir ayrılıqları Azərbaycandan Türkiyəyə birbaşa tranzit imkanları ilə bağlıdır. Ermənipərəst rus siyasətçi baş nazir Nikol Paşinyan Ermənistana xəyanət yolunu davam etdirmək məcburiyyətində qalıb: “Azərbaycanın iddia etdiyi o kəndlərin strateji əhəmiyyəti böyükdür. Çünki bu kəndlər Ermənistanın İrana və Gürcüstana çıxışını təmin edir. Paşinyan hakimiyyətinin tutduğu mövqe nəticəsində Ermənistan onları itirərsə, onda nəqliyyat rabitəsi kəsiləcək”.

Daha sonra ermənipərəst rus deputat Kremlin əsl narahatlığını da gündəmə gətirib. O, bildirib ki, rəsmi Bakının əsas hədəfi Azərbaycan və Türkiyə arasında Zəngəzur dəhlizinin açılmasıdır. Bu, reallaşarsa, Türkiyə və Azərbaycan birbaşa tranzit xətti qazanmış olacaqlar. Və bu, həm Ermənistanın, həm də Rusiyanın strateji maraqlarına hansı səviyyədə təhlükə yarada biləcəyini anlamaq çətin deyil”.

Rus deputat hesab edir ki, Ermənistanın NATO-ya yaxınlaşması ilə bağlı prosesin bloklanmasında da Rusiya Azərbaycana güvənə bilməz. Onun fikrincə, NATO Ermənistanın Rusiyanı tərk edərək, Qərbin təsir dairəsinə keçməsi prosesini yekunlaşdırmağa çalışır. Azərbaycan isə NATO üzvü olan Türkiyənin strateji müttəfiqidir: “Türkiyənin Cənubi Qafqazdakı strateji hədəfləri isə əsasən NATO-nun Şərqə doğru genişlənməsinə imkanlar açmaq üzərində qurulub”.

8d2549ce-6455-4a24-b958-358cf63f8ae3.jpg (206 KB)

Göründüyü kimi, Rusiyada Cənubi Qafqaz ətrafında gərginliyin qalmasında birbaşa maraqlı olan siyasi dairələr mövcuddur. Həmin siyasi dairələr regional sülhə münbit şərait yarada biləcək heç bir prosesin uğur qazanmasına imkan vermək istəmirlər. Onlar Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginliyin aktuallığını təmin edəcək qarşıdurma faktorlarının qorunub, saxlanmasına çalışırlar. Bu səbəbdən də, həm Azərbaycana aid dörd kəndin qaytarılması ilə bağlı prosesi, həm də NATO-nun Cənubi Qafqaz siyasətini yeni qarşıdurma predmeti kimi manipulyasiya etməyə cəhd göstərirlər. Üstəlik, bu manipulyasiyalarla Rusiyaya xəyanət etmiş Ermənistanı deyil, məhz Azərbaycan və Türkiyəni hədəfə çıxarırlar.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova təxminən eyni mövqedən çıxış edib. O, bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyatı yoxdur və bu, rəsmi İrəvanın Qərblə məsləhətləşmələrinin nəticəsi olaraq, ortaya çıxmış reallıqdır. Onun fikrincə, Paşinyan hakimiyyəti məhz Avropa İttifaqı, NATO və ABŞ-dan olan yeni kuratorların təsiri ilə Azərbaycana dörd kəndi geri qaytarmaq üçün Ermənistan cəmiyyətini yeni savaşla qorxutmaq məcburiyyətində qalıb.

Belə anlaşılır ki, Kreml dolayısı ilə erməni toplumuna Rusiyaya arxa çevirməsəydi, regional proseslərin məhz Ermənistanın maraqlarına uyğun olma ehtimalına eyham vurur. Yəni, Kreml demək istəyir ki, Rusiyanın vasitəçiliyi davam etsəydi, ermənilər “Dağlıq Qarabağ” itkisinə məruz qalmayacaqdılar, indi isə Azərbaycana aid kəndləri geri qaytarmağa məcbur olmayacaqdılar. Kreml bununla Ermənistanın gələcək itkilərdən yayınması üçün mütləq Rusiyanın orbitinə geri dönməsinin vacib olduğuna da eyham vurmuş olur. Bütün bunlar onu göstərir ki, Rusiya hələ də Ermənistanı himayə etməkdə maraqlıdır. Və bu səbəbdən də Azərbaycanla münasibətlərin korlanma ehtimalını istisna etmir.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar