Top.Mail.Ru
GÜNDƏM

Aleksey Navalnının “DEMOKRATİYA” ANLAYIŞI Azərbaycan üçün NƏ VƏD EDİR?-ANALİZ

Yazacağım təhlilə bilərəkdən ritorik başlıq seçdim. Şübhəsiz, insanlar, xalqlar mübarizə apararkən, özlərinə nümunə, əmsal, kumir seçməkdə sərbəstdir.

Azərbaycanlının gözündə Aleksey Navalnı

Saytların yığılması Saytların yığılması

Dünən facebook seqmentində azərbaycanlıların ən çox müzakirə etdiyi mövzu Rusiyanın böyük şəhərlərində proNavalnı mitinqləri idi. Mən də Rusiyanın demokratikləşməsini, bu ölkədə liberal demokratiyanın bərqərar olmasını səmimi şəkildə istəyənlərdənəm. Ağlısəlim azərbaycanlılar son 200 ildə başımıza gələnlərdə Rusiyanı baiskar görürlər. Bir sözlə, Rusiya azərbaycanlı Əhməd və Fatmanisənin nəzərində okkupantdır, revanşistdir və ayıdır. Rus çarlarından, çariçalarından, SSRİ rəhbərlərindən Putinə qədər bütün rus liderlər bizim üçün qıcıqdır, neqativdir.

Navalnı fərqli rus lider ola bilərmi?

Əvvəla, mən bu mövzuya bütöv deyil, “puzzle”nin hissələrini yan-yana qoyaraq dəyərləndirməyin tərəfdarıyam. Navalnı Putinin korrupsiya aparatını mükəmməl şəkildə ifşa edir. Milyonlarla insan Putinin və çevrəsinin nəhəng korrupsiya əməllərindən agah olur. Əslində, rusların bundan xəbərləri var. Sadəcə, Navalnı bütün bunları əhatəli, bacarıqlı formada təqdim edir, lap elə deyərdim ki, İvanın, Nataşanın beyninə təlqin edir.

Açıq deyirəm ki, mən Navalnıya təkcə bu prizmadan baxmağın kifayət olmadığının da fərqindəyəm. Putinin villası, milyardları, gecə həyatı mənim heç umrumda deyil. Çünki, mən Rusiya adı gələndə diktatura, Putinin postsovet məkanında avtoritar sistemlərə, ailə rejimlərinə verdiyi dəstək, bu ölkələrə yersiz intervensiya siyasətini başa düşürəm.

Yadımdadır ki, Rusiya 2008-ci ilin avqustunda beynəlxalq hüquqa tüpürərək barbarcasına Gürcüstana müdaxilə etmişdi. Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə qarşı Putinin hərbi intervensiyasına Aleksey Navalnı dəstək vermişdi, yox, belə deyək, təşviq etmişdi. O, deyirdi: “müasir şərtlərdə nüfuz yalnız gücə və bu gücün ağılla, harada lazımdırsa orada tətbiqinə söykənir. Əminəm ki, indi bu lazımdır”.

Aleksey Navalnı həm də onu demişdi ki, bu ərazilərdə hava məkanına beynəlxalq uçuşlar qadağan edilməlidir. Hörmətli “demokrat” Navalnı israrla bildirirdi ki, Putin dərhal Gürcüstanı blokadaya almalıdır, Gürcüstan vətəndaşlarını Rusiyadan çıxarmalıdır və bu ölkə ilə bütün əlaqələrini kəsməlidir. Navalnı hətta Rusiyada rus millətçilərinin qafqazlılara qarşı keçirdiyi “Qafqazı yedirməyə son verin” adlı mitinqdə də iştirak etmişdi.

Navalnı prezident olarsa, rus sülhməramlılarını Qarabağdan çıxararmı?

Bu suala cavab verməyi ağlısəlim azərbaycanlılara həvalə edirəm. Ancaq cavab verməmişdən əvvəl mənim yazdıqlarımı diqqətli şəkildə götür-qoy etsinlər. İstisna etmirəm ki, Aleksey Navalnı tam əksini edə bilər. Siyasətdə hər şey mümkündür. Ancaq, azərbaycanlıların folklorundakı “Pir mənim, kəramətinə də bələdəm” sözünə inanıram. Rusiya imperiyası, həmişə dominant olmağa cəhd edəcək. Bu, Rusiyanın dövlətçilik refleksidir. Rus dövlətçilik refleksi bonapartistdir, özünə eksternal düşmən yaradıb əhalini də bu ideya ətrafında konsoladasiya edir. İmperiya ənənələrinə sahib bütün dövlətlərdə bu, belədir. Sizcə, Aleksey Navalnı bu paradiqmanı poza bilərmi? Necə düşünürsünüz, dərin rus dövləti buna imkan verərmi?

Əziz azərbaycanlı,emosiyaya qapılmadan bu suala təmkinli cavab verməyə çalış.

Kamal ƏLİYEV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir