Top.Mail.Ru
GÜNDƏM

Azərbaycan – NATO əməkdaşlığı, dialoqu uğurla davam edir

     Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi vardır və NATO ilə dialoq uğurla davam edir. Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub: “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. 2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb”.

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir: “Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunub. Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir.

Saytların yığılması Saytların yığılması

NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. Azərbaycanın xüsusi axtarış – xilasetmə taqımı bir sıra təlimlərdə iştirak edib. Sülh və Təhlükəsizlik üçün Elm proqramı çərçivəsində Azərbaycan 30 əməkdaşlıq layihəsinin həyata keçirilməsi üçün qrant alıb. Göstərilən layihələrin sırasına sərhədyanı rayonlarda suyun keyfiyyətinin yaxşılaşdırılması və içməli su təchizatının terror əməllərindən mühafizə olunması üzrə əməkdaşlıq daxildir.

2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənir və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, 1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında iştirak edib, 2008-ci ildə bu əyalətin öz müstəqilliyini birtərəfli şəkildə elan etməsindən sonra öz qüvvələrini oradan çıxarıb.  20 noyabr 2002-ci il tarixindən etibarən Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti Əfqanıstandakı əməliyyata cəlb olunub. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfərə çatdırılıb və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artıb. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və aparılan müzakirələrin də Azərbaycan-NATO əməkdaşlığına, dialoquna mühüm töhfə verəcəyinə əminik .

Heydər Quliyev,

Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları

və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi,

Vətən müharibəsi iştirakçısı

Bənzər yazılar