Top.Mail.Ru
SİYASƏT

Bakıdakı qalmaqal İranı PARÇALADI: Səfiri geri çağırmaq siyasi əbləhlikdir

Azərbaycan və İran arasında diplomatik nümayəndəliklərlə bağlı qalmaqal davam edir. İranın Fransadakı keçmiş səfiri və Ruhani administrasiyasında Xarici İşlər Nazirliyinin sözçüsü olmuş Bəhram Qasimi Azərbaycanın İrandakı səfirliyinin açılmamasından narahatdır: “Bakının Tehrandakı səfirliyi ilə bağlı hərəkətlərini normal, təbii və ya təsadüfi hesab etmirəm. Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətsizliyi və konsulluğun fəaliyyətə başlaması müzakirə edilməlidir”.

O, ümumən İranı Cənubi Qafqazda daha fəal siyasət yürütməyə, Ermənistan və Gürcüstanla əlaqələri genişləndirməyə çağırır. Sabiq diplomat hesab edir ki, Rəisi hökuməti zamanında mövcud potensialdan heç vaxt yaxşı istifadə edilməyib: “Tehranla Bəndər Abbas arasındakı məsafə daha uzundur, nəinki Tehranla İrəvan və Bakı arasındakı məsafə. Bizim Azərbaycanla uzun, Ermənistanla isə qısa sərhədimiz var ki, bu da keyfiyyətcə çox strateji sərhəddir”. Diplomat hesab edir ki, İran İraqdan tutmuş Pakistana, Körfəz ölkələrinə kimi qonşu ölkələrlə necə davranmağı və ünsiyyət qurmağı təhlil etməli, qonşularla münasibətdə şüar və ideallardan uzaq olmalıdır: “Hazırda problem ondan ibarətdir ki, İran kollektiv əməkdaşlıq dairəsindən kənarda qalıb”.

Saytların yığılması Saytların yığılması

Bir müddət əvvəl İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın media İranın Bakıdakı səfiri Abbas Musəvinin istefasını və işdən çıxarılmasını tələb edirdi. Buna səbəb səfirdən müsahibə alan azərbaycanlı jurnalistin hicabsız olması idi. Amma İranın Cənubi Afrikadakı keçmiş səfiri Caved Qurbanoğlu Dəməşqdə İran konsulluğunun bombalanmasını xatırladaraq deyib ki, 1961-ci il konvensiyasına əsasən səfirliklər və diplomatik qurumlar hər hansı bir hücuma, zorakılığa, təcavüzə, təhqirə və s. immunitetə ​​malikdir. “Lakin səfirlik ərazisi bizim dövlətin ərazisi deyil. Dəməşqdəki konsulluğun bombalanmasına göpə təcavüzdən “qanuni müdafiə hüququ” tətbiq edilməlidir”. Bununla da onun, əslində İranın İsrailə cavab verməyəcəyinə işarə etdiyini güman etmək olardı, amma iş ondadır ki, İran dini rəhbərinin son çağırışları müharibə variantının artdığından xəbər verir.

C.Qurbanoğlu bu yanaşmasından çıxış edərək Musəviyə qarşı hücumları da qınayıb: “İndi İranın Azərbaycandakı səfirliyindəki hadisəni yuxarıdakı hadisə ilə müqayisə edin”. Onun fikrincə, bu polemikalar daxili siyasətdən qaynaqlanır və “dini dəyərləri qorumaq” şüarı altında bir növ axmaqlığa qapılmaqdan başqa bir şey deyil: “Azərbaycandakı səfirliyimiz ətrafında yaranan mübahisə ölkə daxilində “pis hicabla” mübarizə üçün həyata keçirilən gülünc tədbirlərin xarici siyasət versiyasıdır”.

Xarici siyasət analitiki İranın xarici siyasət idarəsini də tənqid edir: “Xarici İşlər Nazirliyinin cənab Musəvinin missiyasının başa çatması ilə bağlı bəyanatı və yəqin ki, bu atmosferin təsiri altında olması digər ölkələrdəki səfirliklərimiz üçün də dağıdıcı nəticələrə səbəb olacaq. Üstəlik, mənim fikrimcə, bu cür qarşılıqlı əlaqələr diplomatiya və xalq diplomatiyasının maraq və məsələlərinin anlaşılmazlığından başqa bir şey deyil”.

İranın islahatçılara yaxın KİV-ləri qeyd edirlər ki, oxşar situasiya indi Rəisi hökumətində rabitə naziri olan İsa Zarepurun Rusiyada müsahibəsi zamanı da baş vermişdi. Lakin buna görə onun istefası tələb olunmadı: “Rabitə naziri İrana qayıtdıqdan sonra o zaman Rabitə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri vəzifəsində çalışan Mehdi Salem işdən çıxarılıb”. Ədliyyə sisteminin Statistika və İnformasiya Texnologiyaları Mərkəzinə rəhbərlik edən Zarepur 13-cü hökumət hakimiyyətə gəldikdən sonra rabitə və informasiya texnologiyaları naziri olub. Görünən odur ki, Zarepur 13-cü hökumətdə güclü mövqeyə malikdir və onun Rusiyada dərc olunan fotoşəkilləri yalnız ictimaiyyətlə əlaqələr şöbəsinin müdirinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.

Bu müzakirələrə qatılan İsrail mediası isə qeyd edir ki, Bakıda qadınların çoxu Heydər Əliyev məscidinə və ya müsəlmanların digər ibadət yerlərinə daxil olana qədər hicab taxmırlar. Bakıda qadın jurnalistlər xüsusilə Qərb dəbində geyinməyə meyllidirlər, ənənəvi İslam geyimindən daha son Paris dəblərinə üstünlük verirlər.

“Jerusalim Post“ hesab edir ki, bu səbəbdən Bakının mərkəzində mollaların tələbindən boyun qaçıraraq İranın məcburi hicab qanunlarına qarşı cəsarətli mövqe tutmuş jurnalist xanımın əməli təqdir edilməlidir: “Tehran hələ də Azərbaycanda səfirliyin olmasını istəyirsə, hicabdan imtina etsələr belə, azərbaycanlı jurnalistlərə və Azərbaycanın açıq cəmiyyətinə hörmət və ləyaqətlə yanaşmağı öyrənməlidir. Əks halda, onların səfirliyinə Bakının canlı mənzərəsində yer yoxdur”. Göründüyün kimi, İranın peşəkar diplomatlarının siyasi əbləhlik adlandırdıqları qərar Azərbaycan-İran münasibətlərinə III tərəfin də müdaxilə imkanlarını genişləndirir. Bunun baş verməməsi üçün siyasi əbləhlik kimi səciyyələndirilən addımları dayandırmaq lazımdır.

Cəmaləddin Quliyev

Bənzər yazılar