Top.Mail.Ru
CƏMİYYƏT

“Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar” – QALMAQAL

Xocalı rayonu, Cəmilli kənd sakini Cavadov Habil Əsgər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Baku Steel Company” QSC -nin rəhbər şəxsləri ona qarşı haqsızlıq edir:

“Mən, Cavadov Habil Əsgər oğlu, 1974-cü il noyabrın 6-da Xocalı rayonunun Cəmili kəndində anadan olmuşam. Orta təhsilliyəm , öhdəmdə iki azyaşlı övladım var. Qızım bu il ADA Universitetinə qəbul olub, 14 yaşlı oğlumun isə psixoloji problemi var, özünü normal idarə edə bilmir. Özüm isə yüksək şəkər, yüksək təzyiq, ürəyin işemiyası, ürəkdə damar tıxanıqlığı, sol qolumda sümük yeyilməsi və s. xəstəliklərdən əziyyət çəkirəm.

Saytların yığılması Saytların yığılması

2003-cü ilin aprel ayının 15-dən “Baku Steel Company” şirkətində əmək fəaliyyətinə başlamışam. İşlədiyim 20 ildən artıq müddətdə həmişə məsuliyyətli olmuşam, üzərimə düşən işi layiqincə, qüsursuz şəkildə yerinə yetirmişəm. Bir sözlə, işlədiyim müəssisəni “ata ocağım” kimi bilmişəm.

Təxminən 2016-cı ildə bizə sex rəisi təyin olunan Əliyev Anar adlı şəxsin mənə qarşı etdiyi təzyiq və təhdidləri nəticəsində uzunmüddətli stress yaşamışam. Nəticədə, özüm də bilmədən şəkər xəstəliyinə tutuldum.

2018-ci il, avqust ayının 4-də işdə olduğum zaman qəflətən halım pisləşərək, komaya düşmüşəm. Respublika Xəstəxanasının reanimasiya şöbəsində həkimlərin ciddi-cəhdi nəticəsində 3 gündən sonra komadan ayıla bildim. Hazırda “İnsulin”dən asılı şəkərli diabet xəstəsi olmaqla, yüksək təzyiq, ürəyin işemiyası, ürəkdə 40 faiz damar tıxanıqlığı, sol qolumda sümük yeyilməsi və s. bu kimi xəstəliklərdən əziyyət çəkirəm.

4 ildir səhhətimlə əlaqədar yüngül işə keçirilməm üçün zavod rəhbərliyinə saysız-hesabsız ərizələrlə müraciət etsəm də, bu günə kimi müsbət cavab ala bilməmişəm. Üç ilə yaxındır müraciətlərim susqunluqla qarşılanır, sanki kar və kor olublar. Nəhayət, 2023-cü ilin dekabr ayında məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar. Bütün həkim sənədlərini, epikrizlərimi təqdim etdim. Lakin yenə də mənim məsələm öz həllini tapmadı.

Son çarə kimi, aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Qarşı tərəfin vəkili həkim məsləhət komissiyasının rəyini gətirməyimi istədi. Onu da gətirib sentyabrın 18-də, son məhkəmə iclasında məhkəməyə təqdim etdim. Qarşı tərəfin vəkili bildirdi ki, mən bu sənədi yox, ekspert komissiyasının rəyini təqdim etməliyəmmiş. Halbuki, söhbət mənim xəstəliyimdən gedirsə, bütün sənədlər, epikrizlər, həkim məsləhət komissiyasının rəyi mənim xəstəliyimi tam olaraq təsdiq edir.

Artıq üçüncü məhkəmə prosesi başa çatıb, hələ də yekun məhkəmə qərarı verilməyib. Növbəti məhkəmə, oktyabrın 9-na təxirə salınıb. İş hakim Səbinə Nuriyevanın icraatındadır.

Qeyd edim ki, 14 yaşlı oğlumun xəstəlik probleminin olması yoldaşımın da işləməsinə imkan vermir. Uşaq Abşeron Rayon Xəstəxanasında, nevraloji şöbədə problemli uşaq kimi qeydiyyatdadır.

Onu da bildirim ki, haqqında bəhs etdiyim sex rəisi Əliyev Anarın mənimlə ədavət aparmasının səbəbi, onun məni öz ərizəm əsasında işdən çıxarılmağıma etiraz etməyim olmuşdur. Yəni onun bu təklifini qəbul etmədikdə, mənə qarşı sərt təhdidlər etmişdir. Bu təhdidlərdən sonra yaşadığım stress nəticəsində yuxarıda qeyd etdiyim xəstəliklərə tutulmuşam.

Bilirəmki, möhtərəm Prezdentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kimi neqativ hallardan xəbər tutsa, dərhal tədbir görər, qarşısını alardı.

Bu məktubu yazmaqda məqsədim səlahiyyətli şəxslərdən işimlə bağlı kömək istəməkdir”.

Məsələ ilə bağlı “Baku Steel Company” QSC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

KAİM.az

Bənzər yazılar