Top.Mail.Ru
CƏMİYYƏT

Korrupsiyaya görə həbslər: “Böyük başlar” da hədəfdə

Xəbərdarlıq: “Qanunsuzluğa yol vermiş məmurların məsuliyyətə cəlb olunması davam edəcək”

Son günlər ölkədə korrupsiyaya görə yeni həbslər başlayıb. Səhiyyə Nazirliyinin “Narkoloji Mərkəzin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Narkoloji Mərkəzin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

Saytların yığılması Saytların yığılması

“Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb. Prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.

Həbslərin prezident seçkisindən dərhal sonra  başlaması təsadüfdürmü? Həbslərin miqyası və əhatə dairəsi daha da genişlənə bilərmi? Bəzi sahələrdə bundan əvvəlki həbslər niyə məmurlara dərs olmur? Korrupsiya ittihamı ilə həbsxanada çox qalmayacaqlarınımı düşünürlər?

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, son günlər rüşvətxorluq və korrupsiya əməllərinə qarşı  həyata keçirilən tədbirlərin, vəzifəli şəxslərin həbs olunmasının  seçkisisonrası dövrlə birbaşa əlaqəsi yoxdur. Çünki bu tipli antikorrupsiya həbsləri seçkilərdən öncə də müşahidə olunurdu, indi də baş verməsi təbiidir və bundan sonra davamlı şəkildə olacaq: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarında korrupsiya və digər bu kimi cinayət əməllərinin yolverilməzliyi, bu cür cinayətkarlığa qarşı mübarizənin daim həyata keçiriləcəyi barədə sərt fikirlərini bildirməsi bu işdə hüquq-mühafizə orqanlarının daha ciddi olacağına işarədir. Prezident mövqeyini bu şəkildə ortaya qoyursa, deməli, müvafiq qurumlar korrupsiya və rüşvətxorluq hallarına qarşı çox aktiv mübarizə aparmalıdırlar və bundan sonra da qanunsuzluğa yol vermiş məmurların məsuliyyətə cəlb olunması prosesi davam edəcək.  O ki qaldı bu qədər həbslərin, xəbərdarlıqların bir çoxlarına niyə dərs olmadığına, görünür, onların tamahı hər şeydən üstündür. Tamahları sanki gözlərini və qulaqlarını bağlayır. Nəticədə həbslərdən, xəbərdarlıqdan nəticə çıxarmırlar. Vəzifələrindən sui-istifadə etməklə varlanmaq hərisliyi bir sıra insanlara gözünü açıb sonunun necə olacağını düşünməyə, göz önünə gətirməyə imkan vermir. Ancaq o da məlumdur ki, son zamanlar aparılan kadr islahatları, yeni kadrların təyinatının bu cür halları tədricən aradan qaldırmaqdadır”.

Ç.Qənizadə bəzi məmurların həbslərdən nəticə çıxarmamağında rüşvət və korrupsiyaya görə həbs edilən bəzi şəxslərin bir müddət sonra azad edilməsinin də təsirinin olduğunu düşünür: “Bəzi məmurlar hesab edirlər ki, hətta nə zamansa həbs edilsələr belə, bir qədər keçdikdən sonra bu və ya digər formada canlarını həbsxana divarları arasından qurtara biləcəklər. Amma bu düşüncə onların özlərinin ziyanınadır. Diqqət etsələr görəcəklər ki, həbs edilən məmurların əksəriyyəti hələ də həbsxanadadır. Bir neçə istisnanın olması heç kimi arxayınlaşdırmamalıdır. Dövlətə dəymiş zərərin ödənilməsindən sonra kimlərəsə güzəştlər edilibsə, bu da qanunvericiliyə uyğun şəkildə olur. Heç kim bu halları göz önünə gətirib arxayınlaşmasın. Ən düzgün yol vəzifədə qanunları pozmadan işləməkdir”.

Ç.Qənizadə sonda vurğuladı ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin korrupsiya hallarına qarşı həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Bu istiqamətdə atılan addımlar cəmiyyətin ürəyincədir.

Bənzər yazılar