Top.Mail.Ru
ÖZƏL

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

Məlum olduğu kimi, martın 17-də NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana səfər edib, dövlət başçısı cənab İlham Əliyevlə görüşüb. Görüşdən sonra brifinq keçirilib və bu zaman Azərbaycanın NATO ilə apardığı dialoqun uğurla davam etdiyi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq uzun tarixi olduğu qeyd olunub.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dünyada mövcud olan müxtəlif inkişaf modelləri sırasında Qərb dəyərlərini seçərək, siyasi-hərbi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdi. Azərbaycan Respublikası ilə NATO arasındakı əməkdaşlığın ilk təzahürləri 1992–1993-cü illərə təsadüf etsə də, bu əməkdaşlığın müasir beynəlxalq hüquq normaları çərçivəsində rəsmi nizama salınmasına isə 1994-cü il 4 may tarixindən başlanılmışdır. Xalqın istəyi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Şimali Atlantika Alyansı ilə əlaqələrin dərinləşdirilməsini özünün xarici siyasət kursunun mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Alyansın beynəlxalq təhlükəsizliyini nizama salan münasibətlər sistemindəki yerini və nüfuzunu nəzərə alan Heydər Əliyev Azərbaycan Respublikasının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulması üçün 1994-cü il mayın 4-də Belçika Krallığının Brüssel şəhərində NATO-nun Çərçivə Sazişini imzalamaqla Azərbaycan–NATO münasibətlərinin müasir beynəlxalq hüquqi müstəvidə əsasını qoymuş oldu. Bu uzun illərdə, Cənab Prezident İlham Əliyevin  də dediyi kimi, ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olub, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib, hərbçilərimiz NATO üzvü olan ölkələrin əsgərləri ilə çiyin-çiyinə ən riskli bölgələrdə xidmət keçib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr Azərbaycanın hərbi qulluqçuları olublar. Bu isə ölkəmizin NATO ilə əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Saytların yığılması Saytların yığılması

NATO da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox önəm verir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır: “NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərinə də bu kontekstində yanaşmaq düzgün olardı. Baş katib Bakıda mətbuata bəyanatında bildirdi ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir bir yerdə çalışırıq. Azərbaycan-NATO tərəfdaşlığının təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa da söykəndiyini diqqətə çatdıran Alyansın Baş katibi bunun alqışalayiq olduğunu diqqətə çatdırıb. Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”. Bütövlükdə, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır.

Şəhriyar Hüseynov,

Salyan rayon Kürsəngi kənd tam orta məktəbin direktor əvəzi

Bənzər yazılar