Top.Mail.Ru
SİYASƏT

Navalnının mitinqləri və onun ehtimal olunan TƏSİRLƏRİ-PUTİNİN SONU GƏLİB?

Rusiya Federasiyasının prezidenti Vladimir Putin əleyhinə Navalnıyın başlatdığı etiraz aksiyaları davam edir.

Əslində, Putin tipik avtoritar siyasətçi kimi uzun illər ərzində Rusiyada oturuşmuş müxalifətin formalaşmasının qarşısını aldı. Putin, ona qarşı parlament müxalifətini qorxudaraq pulla satın aldı. Züqanov, Yavlinski, Qrudinin kimi müxalif görünməyə həvəsli siyasətçilər Putinin cızdığı çərçivədən kənara çıxa bilmədilər. Yəni, Putin öz beynində bir sistem qurdu və heç kim bu iyrənc avtoritar sistemin oyun qaydalarına təzyiq göstərə bilmədi.

Saytların yığılması Saytların yığılması

Siyasətdə belə bir deyim var ki, müqəddəs yer heç vaxt boş qalmır. Sən istəməsən belə, kimsə o “müqəddəs yeri”dolduracaq. Mən deyərdim ki, bu, hətta təbiətin qanunudur. Demokratiyanın ən üstün tərəflərindən biri də elə budur. Bu, o deməkdir ki, avtoritar, diktator və ya totalitar bir lider bəlli bir yerə qədər etirazları, müxalif səsləri basdıra bilər. Lakin bu, sonsuza qədər davam edə bilməz. Yaxın Şərqdəki siyasi proseslərin və avtoritar liderlərin taleyi buna nümunədir. Sizcə, Putin bunu başa düşmürmü? Şəxsən mən belə düşünmürəm. Rus xalqının intellektual səviyyəsi kifayət qədər yüksəkdir.

Ruslar tarixdə inqilablar etmiş insanlardır. Bəs Putin bunu dərk etmirmi? Bəli, çox gözəl dərk edir ki, avtoritarizm əbədi ola bilməz. Son bir gün Nemtsovu Kremlin yaxınlığında öldürürsən, bir müddət sonra Navalnıy ortaya çıxır. İndi Moskva, Arxangelsk, İrkutsk, Sankt Peterburq və başqa şəhərlərdə baş verənlər buna əyani sübutdur.

Demokratiyanın ən böyük gözəlliyi hakimiyyətin, səlahiyyətlərin paylaşılmasıdır, səlahiyyət bölgüsü prinsipinə əməl edilməsidir. Putin və onun bənzəri liderlər hakimiyyətin bütün qollarını bir əldə cəmləməklə bu prinsipi kobud şəkildə pozur.

Düzdür, Yaxın Şərqdəki ərəb əmirliklərində də diktatura rejimləri, ailə-sülalə rejimləri var. Lakin, həmin ölkələrdə insanlar iqtisadi cəhətdən təmin olunub. Rusiyanın bütün təbii resurslara, zənginliklərə sahib olmasına baxmayaraq, əhali pis vəziyyətdə yaşayır. Putinin hakimiyyəti dövründə 10 milyona yaxın rus ölkəni tərk edib; bu insanların böyük hissəsi gənclərdir, düşünən beyinlərdir, yəni ölkədən ciddi səviyyədə beyin köçü problemi yaşanır. Məsələyə məntiqli yanaşsaq, bu, Rusiya kimi nəhəng ölkədə innovativ inkişafın qarşısını alır.

Rusiyada böyük həcmli korrupsiya mövcuddur. Putin və onun ətrafı illərdir sadə rusların gözündə “xarici düşmən” obrazı yaradaraq ölkəni talan edir, yağmalayır. Navalnıy isə bunları araşdırır, insanların gözünü açır. Mən demirəm ki, Navalnıy və onun Korrupsiyaya Qarşı Mübarizə Fondu hakimiyyətə gəlib Rusiyada liberal demokratiya, rəqabətə dayalı iqtisadi münasibətlər mühiti quracaq. Mən birmənalı olaraq iddia etmirəm ki, Navalnıy Rusiya prezidenti olub rus sülhməramlılarını Yuxarı Qarabağdan çıxaracaq. Çalışıram ki, o qədər sadəlövh olmayım. Ancaq, Navalnıy və onun korrupsiyaya qarşı mübarizəsi bütün postsovet məkanı üçün bir stimuldur.

Bütün avtoritar rejimlər bu gün Rusiyada baş verənlərdən nəticə çıxarmalıdır. Əks təqdirdə, hər şey üçün gec olacaq.

Kamal ƏLİYEV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir