Top.Mail.Ru
SİYASƏT

Co Baydenin Azərbaycana münasibəti və Erməni lobbisinin ABŞ siyasətinə TƏSİRİ-ANALİZ

Azərbaycan hakimiyyətinin Baydendən gözləntiləri və istəkləri.

ABŞ-ın yeni prezidenti Co Baydenin xarici siyasət kursu hələ ki, məlum deyil. Lakin, 36 il senator, 8 il vitse-prezident olmuş birinin siyasi tərcihlərini indidən müəyyən qədər ehtimal etmək olar. Co Bayden Obamanın yardımçısı olaraq ABŞ-ın Qafqaz siyasətinin konturlarını bilməmiş deyil. Ümumiyyətlə, demokratlar və respublikaçıların Qafqaz siyasəti bir-birindən köklü şəkildə fərqlənmir. ABŞ-ın Azərbaycandakı maraqları əsasən, təhlükəsizlik, enerji maraqları, demokratiya və insan haqqlarıdır. Diqqət yetirsək görərik ki, son 30 il ərzində Azərbaycandakı insan hüquqları, siyasi məhbuslar, vətəndaş cəmiyyətinin problemləri ilə daha çox Avropa İttifaqı maraqlanır.

Saytların yığılması Saytların yığılması

Digər tərəfdən, Co Baydenin İlham Əliyevlə də şəxsi tanışlığı var. Hakimiyyət mediası da yeni adminstrasiyanı hələlik tənqid etmir. Gözləyirlər və bu, başadüşüləndir.

Lakin Baydenin sələfi Trampdan fərqli olaraq demokratik dəyərlərə, prinsiplərə həssas olacağını sezmək olar. Hərçənd, Azərbaycandan əvvəl ABŞ üçün böyüyən Çin problemi var. Rusiyaya münasibət də birmənalı və Kremlin arzulamadığı şəkildə olacaq. Əlbəttə, mən iki nəhəng dövlət arasında hər hansı hərbi toqquşma nəzərdə tutmuram. Baydenin Rusiyaya ən böyük təzyiqi iqtisadi sanksiyalar və ya Navalnının komandasına siyasi dəstəyi ola bilər.

Bir məqamı da vurğulamaq istərdim ki, Co Baydenin ətrafındakı şəxslərin erməni lobbisi ilə keçmişə dayanan münasibətləri var. Ermənilərin ABŞ-dakı ən nüfuzlu təşkilatı olan ANCA konqresmen Bob Menendezi Türkiyə və Azərbaycana qarşı istifadə edəcək. Menendezin ABŞ-ın yeni dövlət katibi Toni Blinken ilə şəxsi münasibətləri var. Blinken də Türkiyənin Dağlıq Qarabağ problemində oynadığı rolu həzm edə bilmir, hətta biraz da irəli gedərək Azərbaycana qarşı 907-ci düzəlişin gündəmə gətiriləcəyinə eyham vurur. Mən bunun o qədər də asan qərar olacağını düşünmürəm. Düzdür, ABŞ Qarabağ probleminin həllindən geri qalıb. Lakin bu, ABŞ-ın problemidir. Bu ölkə Dağlıq Qarabağdan rus sülhməramlılarının çıxarılmasını tələb etsə də, bu qeyri-real görünür. ABŞ heç Obama vaxtında belə Rusiyanı Suriyadan çıxara bilmədi, o ki qalsın Qarabağdan. Mən zənn etmirəm ki, Baydenin Əliyev hakimiyyətinə münasibəti isti olacaq. Ancaq yeni adminstrasiya Azərbaycan hakimiyyətinə o qədər də təzyiq göstərməyəcək. Azərbaycanın İsraillə pozitiv münasibətlərinin olduğunu da unutmamalıyıq.

ABŞ-ın Qafqaz siyasəti heç vaxt maksimalist olmayıb. Doğrudur, ABŞ Rusiyanın Qafqazda siyasi təsirinin ayrı-ayrı vaxtlarda zəiflədilməsinə cəhd göstərib. Lakin, Birləşmiş Ştatlar üçün əsas prioritet Yaxın Şərqdir. İndi isə Çin kimi qlobal rəqib var. İranla nüvə sazişinin yenidən nəzərdən keçirilməsi də Co Bayden adminstrasiyasının qarşısında duran vacib vəzifələrdəndir.

Kamal ƏLİYEV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir