Top.Mail.Ru
ƏYALƏT

213 qəbir, nekropol, DNK analizi: Qarabağ xanlarının izi ilə – REPORTAJ

Tarix kainatın vicdanıdır deyiblər. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqına, onun maddi-mədəni irsinə və hətta tarixinə qarşı 30 ildən çox müddət ərzində törədilmiş vandallığa son qoyulub. Lakin işğal illərinin faciəvi siması ermənilərin tarix qarşısında hesabat verəcəyi günü gözləyir. Onlar əsrlərdən gələn ənənəyə əsasən xalqımızın izlərini tarixdən silməyə, saxtalaşdırmağa çalışıblar. Bir sözlə, ermənilərin vandalizm və vəhşiliklə olan genetik bağları onlara tarixin daha bir sınağından keçməyə imkan verməyib.

İşğal zamanı ən çox dağıdılan, məhv edilən, mina ilə çirkləndirilən şəhərlərdən bəlkə də birincisi Ağdamdır. İşğaldan azad olunana qədər şəhərdə dağıdılmamış, salamat qalmış bir dənə də tikili qalmayıb. Müharibədən sonra bura səfər etmiş əcnəbi jurnalistlər, diplomatlar Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdılar. Budəfəki səfərimiz də məhz “Qafqazın Xirosiması”na, daha dəqiqi orada yerləşən İmarət Kompleksinədir.

Saytların yığılması Saytların yığılması

İki il öncə buraya səfər zamanı İmarət Kompleksinin qalıqlarını, dağıdılmış siluetini görəndə ermənilərin vicdandan pay almadığına bir daha əmin olmuşduq. Xan ailəsinin üzvlərinə məxsus olduğu düşünülən qəbirləri kol-kos basmış, dağıdılmış, məzarların baş və sinədaşları sökülərək aparılmış, qədim türbələrdə donuz fermaları salınmışdı. Bir sözlə, ermənilərin Azərbaycan xalqının dirisinə olduğu kimi, ölüsünə də qənim kəsilərək vəhşiliyin kitabını yenidən yazdıqlarına şahid olmuşduq. Həmin mənzərədən heyrətini gizlədə bilməyən insanların üzündəki ifadələri unutmaq mümkün deyil. Çünki buradakı vandallığın heç bir dildə, dində, irqdə qəbuledilən tərəfi yox idi.

DNK analizləri: Xan ailəsi və onların qohumluq əlaqələri müəyyənləşdirilir

Yenidən eyni məkandayıq. İmarət Kompleksində aparılmış tədqiqat və bərpa-quruculuq işləri ilə tanış olmaq üçün gəlmişik. Elə ilk baxışdan bizdə kompleksdə ciddi tədqiqatların aparılması barədə təəssüratlar yaranır. 2 il öncəki mənzərə gözümdə canlanır. Ərazinin hər tərəfini gəzmişdim, lakin burada 213 nəfərin dəfn olunduğu məzarlığı gördüyümü xatırlamıram. Sən demə, Arxeoloji qazıntılar nəticəsində qədim məzarlıq üzə çıxarılıb, yerləri aşkarlanaraq nömrələnib. Dağıdılmış, içərisində ermənilər tərəfindən donuz saxlanılmış türbələrə sanki öz siması yenidən qaytarılıb. Hazırda türbələrdəki məzarların yeri aydın görünür.

Bu zaman AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevlə söhbətləşirik. Bildirir ki, ilkin informasiyalara görə, burada 35-40 qəbrin olduğu təxmin edilib: “Kompleksdə aparılan qazıntılar zamanı 213 qəbir aşkar edilib və həmin onların əksəriyyəti torpaq qəbirlərdir. Ermənilər sözügedən qəbirlərə müdaxilə edərək baş və sinədaşlarını götürüb, onlardan tikinti materialı kimi istifadə ediblər. Eyni zamanda, insan skeletlərinin çənə sümüklərindəki protezlərdən qiymətli metal dişləri çıxarmaqla bir daha vandallıq nümayiş etdiriblər”.

Onun sözlərinə görə, bütün bu hallar arxeoloqlarımızın tədqiqatlarında öz əksini tapıb və qeydiyyatları aparılıb: “Türbələrdə yerləşən qəbirlərdən Xan ailəsinin üzvlərini ayırd etmək üçün DNK nümunələri götürülüb. Çünki bu gün də yazılı mənbələrdə kompleksdəki türbələrdə xanın ailəsinin hansı üzvlərinin dəfn olunması ilə bağlı ziddiyyətlər mövcuddur. Biz bu analizləri Türkiyənin Hacəttəpə Universitetində həyata keçirəcəyik. DNK analizləri xan ailəsinin qohumluq əlaqələrini ayırd etməklə yanaşı, kəllə sümüklərinin skan edilməsi ilə həmin şəxslərin üz cizgilərini də meydana çıxaracaq”.

Erməni vandalizmi nəticəsində məhv edilmiş tarixi irsimiz bərpa edilir

Sözügedən tədqiqatlar Qarabağ Xanlığının ən erkən dövrünü, bir sözlə, xanlığın tarixi gerçəkliyini aşkara çıxarıb xalqımıza təqdim etməyə imkan verəcək. Tədqiqatçılarımızla müzakirələrdən aydın olur ki, türbələrin içində 17 qəbir qeydə alınıb ki, bunların əksəriyyəti sərdabə tipli qəbirlərdir. Hansı ki, xan ailəsinə aid əsas dəfn atributlarından biri də məhz sərdabə tipli qəbirlərdir. Türbənin ətrafında daha səkkiz qəbir qeydə alınıb ki, onların da xan ailəsinin üzvlərinə aid olduğu hesab edilir. Həmçinin, İmarət Kompleksində olan qəbiristanlıqda 17-18-ci əsrlərə aid olan qəbirlər müəyyən olunub.

F.Quliyev 213 qəbirdən sadəcə 22-dən DNK nümanəsi götürüldüyünü deyib: “Məhz həmin qəbirlərin xan ailəsinə məxsus olduğunu düşünürük. Biz bundan sonra tarixi qəbiristanlığın bərpa olunmuş versiyasını görəcəyik. Həmçinin, ərazidə yaradılacaq muzeydə Qarabağ Xanlığının əsasını qoyan ailə haqqında məlumatlar təqdim olunacaq. Həmin muzeydə Qarabağ xanlarının görünüşü, fəaliyyəti və onlar haqqında bir sıra məlumatlar öz əksini tapacaq. Yəni arxeoloji qazantılarla qəsdən məhv edilmiş tariximizin bərpasına çalışacaq və erməni vandalizmi nəticəsində məhv edilmiş tarixi irsimizi gün üzünə çıxaracağıq”.

Arxeoloq alim İmarət Kompleksinin eyni zamanda hərbi məqsədlər üçün istifadə olunduğunu bildirib: “Burada yaradılmış donuzçuluq fermasının özülünün götürüldüyü qazıntılarda 10-a yaxın qəbir aşkar edilib. Bir sözlə, ərazi ermənilər tərəfindən məqsədli şəkildə məhv edilib. Tədqiqatların digər mərhələsində buradakı qəbirlərin başdaşı və sinədaşılarının oxunması prosesi həyata keçiriləcək. Biz həmin epiqrafları oxumaqla da kompleksdə dəfn olunan insanların qəbirlərinin kimə məxsusluğu məsələsinə aydınlıq gətirə biləcəyik”.

Pənahəli xanın sarayı interaktiv muzey kimi fəaliyyət göstərəcək

Bizə verilən məlumatlardan aydın olur ki, layihənin sonunda alimlərimiz tərəfindən tarixi qəbiristanlıq haqqında dolğun və yeni informasiya ortaya qoyulacaq. Həmçinin, Ağdamın Üzərliktəpə, Çinarlıtəpə kimi qədim yaşayış yerlərində, eləcə də Şahbulaq Qalası ətrafında qazıntılara başlanıldığı məlum olur. Bu qazıntılarla Qarabağın qədim dövr maddi-mədəni irsi öyrəniləcək.

İşğal dövründə ermənilərin tarixi abidələrə qarşı vəhşi münasibəti sözügedən irsin onlara məxsus olmadığını bir daha sübut edir.

Qarabağ Xanlığının banisi Pənahəli xanın sarayı və ümumilikdə, İmarət Kompleksinin işğal dövründə dağıntılara və vandalizmə məruz qalmış tarixi memarlıq abidələrimizdən biri olduğunu vurğulayan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov əlavə edib ki, kompleksdəki Xan Sarayını Azərbaycanın digər ərazilərində olan Xan saraylarından fərqləndirən əsas cəhətlərdən biri də burada Qarabağ xanlarının nəslindən olan digər nümayəndələrin dəfn olunmasıdır: “Ərazidə 5 ədəd türbənin dağıntıları və eyni zamanda qədim məzarlıq qalmaqdadır. Pənahəli xanın, İbrahimxəlil xanın, o cümlədən Xurşudbanu Natəvanın məzarlarının kompleksdə yerləşdiyi ehtimal olunur. Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ümumilikdə İmarət Kompleksinin bərpası istiqamətində işlərə başlanılıb və bu məqsədlə fəaliyyətə İtaliyanın sözügedən sahədə qabaqcıl şirkətlərindən olan mütəxəssislər cəlb olunub”.

Nazirliyin Aparat rəhbəri vurğulayıb ki, onlar tərəfindən ərazi və arxiv sənədlər hərtərəfli araşdırılıb, eyni zamanda qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq dizayn və bərpa layihələri hazırlanıb: “Həmin layihələrə əsasən, ərazidə Pənahəli xanın sarayının bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərməsi, eyni zamanda türbələrin, məzarlıqların olduğu kimi saxlanılaraq bərpa edilməsi, Qarabağ Atları Mərkəzinin yaradılması nəzərdə tutulur”.

Qarabağ Xanlığını yaradan ailəyə aid nekropol tədqiq edilir

Tarixən işğalçılıq siyasəti aparan dövlətlər ilk növbədə ərazidə yaşayan aborigen xalqın maddi-mədəni irsini məhv edir. Ermənistan da ötən 30 il ərzində Qarabağda, o cümlədən Ağdamda Azərbaycan xalqının maddi-mədəni irsinin, dini inancları ilə bağlı ibadət yerlərinin, eyni zamanda qəbiristanlıqların məhvini hədəf olaraq götürüb. Düşmənçilik siyasəti həyata keçirən ermənilərin əsas məqsədi burada xalqımızın tarixi köklərini məhv etmək olub. Ermənilər heç vaxt düşünməyiblər ki, azərbaycanlılar nə zamansa öz torpaqlarına qayıdacaqlar. Bütün dünyada postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə hərbi konfliktlər zamanı dağıdılmış abidələrin tədqiqi əsas gündəm mövzularından biridir. İmarət Kompleksinin arxeoloji tədqiqinin əsas məqsədi isə odur ki, tarixi Qarabağ Xanlığını yaradan ailəyə aid nekropol (məzarlıq, qəbiristanlıq – red.) tədqiq edilsin.

İmarət Kompleksinin tariximiz və memarlığımızın vəhdətini təşkil etdiyini deyən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib ki, hazırda ərazidə aparılan tədqiqat işlərinin birinci mərhələsi yekunlaşıb. Aparılan geniş arxeoloji qazıntılarla yanaşı, abidələrin hazırkı vəziyyəti, dayanıqlılığı, onlara dəymiş zərbə və s. kimi bir sıra məsələlərin araşdırılması üçün tədqiqatlar aparılır.“Türbələrin vəziyyətini öyrənmək üçün içərisində və ətrafında araşdırmalar aparılıb. Məqbərələrin ən acınacaqlı vəziyyətdə olan hissələri bərkidilib. Tarixən burada istifadə olunan daşlar Şahbulaq ərazisində olan karxanadan gətirilib. Bu baxımdan, bərpa zamanı da eyni materialdan istifadə olunacaq. Tədqiqatlar bir neçə hissədən ibarət olacağından bərpa-quruculuq işlərinin nə zaman bitəcəyi barədə proqnoz vermək çətindir. Lakin biz layihənin mümkün qədər tez bitməsinə çalışacağıq”,- qurum rəsmisi bildirib.

Tarix millətlərin tarlasıdır. Hər bir xalq bu tarlaya keçmişdə nə əkərsə, gələcəkdə onu biçəcək. Ən əsası isə mədəniyyətdən uzaq millətlər mədəni olan xalqların ayaqları altında əzilməyə məhkumdur. Bu nümunələr əslində Azərbaycan və Ermənistanın timsalında tarixə və onun yadigarlarına sahib çıxmaq baxımından hər iki xalqın kəskin fərqini nümayiş etdirir. Çünki ermənilərin dağıdaraq məhv etdiyi tarix onları barbar, vəhşi, azərbaycanlıları isə qurub-yaradan, irsinə sahib çıxan xalq kimi özündə əks etdirəcək.//Report

Bənzər yazılar